MSK sədri: “72 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib”

“Növbədənkənar prezident seçkisini müşahidə etmək üçün indiyə qədər 19 ölkədən 72 beynəlxalq müşahidəçi müraciət edib və hamısı da müsbət qarşılanıb”.
Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iclasında deyib.
MSK sədri bildirib ki, ATƏT-in Demokratik Təsisat və İnsan Haqları bürosu (DTİHB) 37 nəfərlə, MDB Parlament Assambleyası 17 nəfərlə, Türkiyə Ali Seçki Şurası beş nəfərlə prezident seçkisində müşahidəçi qismində iştirak üçün müraciət edib.

O bildirib ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası müşahidə missiyası ilə bağlı məlumatlar göndərib. Bundan başqa, MSK-da 228 yerli müşahidəçi akkreditasiyadan keçib.
Bunun 92-si öz təşəbbüsü ilə olanlar, 10-u qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri, 126-sı isə xüsusi icazəli YAP müşahidəçiləridir. Qeyd edək ki, 2024-cü ilin fevralın 7-də növbədənkənar prezident seçkisi keçiriləcək.