Hər kəs qanun qarşısında bərabərdir - RƏY

Prezidentliyə namizədlərin adından istifadə edənlər cinayət məsuliyyətinə cəlb olunmalıdır

“Əgər mənbələr Azərbaycan mənşəlidirsə, dövlət qurumlarının onlar barəsində hüquqi tədbir görmək imkanı olacaq”

  Bir sıra sosial şəbəkə seqmentlərində Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədlikləri qeydə alınmış şəxslərlə bağlı saxta hesablar yaradılır və onların adından həqiqətə uyğun olmayan məlumatlar yayılır”.
Bu barədə Medianın İnkişafı Agentliyi ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən yayılan birgə açıqlamada bildirilib.
  "Seçkilər ərəfəsində bu tipli fəaliyyət məqsədyönlü şəkildə ictimai rəyi çaşdırmağa, namizədlərin reputasiyasını ləkələməyə yönəlmiş addımdır. İctimaiyyəti belə yalan və təxribat xarakterli paylaşımlara inanmamağa, yalnız prezidentliyə namizədliyi qeydə alınmış şəxslərin rəsmi açıqlamalarını və onların sosial media hesablarında yerləşdirilmiş məlumatları əsas götürməyə çağırırıq.
  Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyaların təsirinə düşməmək üçün sayıq olmağa səsləyirik.
Qeyd olunan saxta hesabların mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir”.
  Hüquqşünas Ələsgər Məmmədli isə “Sherg.az"a açıqlamasında deyib ki, Cinayət Məcəlləsinin 148-1-ci maddəsinə görə, internet informasiya ehtiyatında saxta istifadəçi adları, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə ilə məşğul olan şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Prezidentliyə namizədlərin adına saxta profil açıb, onların adından həqiqətə uyğun olmayan məlumatlar yayan şəxslər də həmçinin cinayət məsuliyyəti daşıyır: “Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti sadəcə hüquqi şəxslərin və dövlət qurumlarının deyil, o cümlədən fiziki şəxslərin də hüquqlarını qorumaq və internet təhlükəsizliyini qorumaqla mükəlləfdir. Müvafiq qurum bu məsələni araşdırmalıdır. Əgər mənbələr Azərbaycan mənşəlidirsə, dövlət qurumlarının onlar barəsində hüquqi tədbir görmək imkanı olacaq. Yox əgər saxta profillər xarici mənşəlidirsə, İnterpolun axtarışına verib həmin ölkədən həbsini tələb edirlər. Bu şərtlə ki, həmin ölkədə də eyni qanun olsun. Bizim qanunlarımız bir sərtdir. Yəni bizdə cinayət hesab olunan bu halla bağlı saxta profilin idarə edildiyi ölkədə məsuliyyətə cəlb etmə praktikası yoxdursa, şəxs barəsində heç bir addım atılmır. Yəni internetin arxitekturası, dünyada, eləcə də, Azərbaycanda sosial şəbəkə istifadəçilərinin öz "İP" ünvanlarını dəyişdirə bilməsi bu maddənin işlək olmasını əngəlləyəcək amillərdəndir”.