Namizədlərə bərabərhüquqlu şərait yaradılıb

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

Azərbaycan vətəndaşları konstitusion hüquqlarından istifadə edərək seçkilərdə aktiv iştirak edəcək

  Siyasi mədəniyyətin, hüquq şüurunun və mədəniyyətinin formalaşmasında, xalqın iradəsinin milli maraqlar ətrafında birləşməsində seçkilərin əhəmiyyəti olduqca böyükdür.
Ölkəmizdə həyata keçirilən konstitusion hüquqi islahatlar nətisəsində insan hüquq və azadlıqlarının, o cümlədən vətəndaşların seçki hüququnun daha səmərəli həyata keçirilməsi üçün geniş imkanlar yaradılıb.
  Azərbaycanda vətəndaşların seçki hüququnun həyata keçirilməsi üçün istər qanunvericilik, istərsə də praktiki baxımdan geniş imkanlar yaradılıb.
  Seçki hüququ vətəndaşların dövlət orqanlarının təşkilində birbaşa təsirini ifadə edən, dövlət hakimiyyətini legitimləşdirən əsas faktorlardan biridir. Cəmiyyət üçün seçki hüququnun önəmi çox böyükdür. Burada konkret şəxslərin deyil, bütöv halda cəmiyyətin mənafeyi nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır.
  Respublikamızda həyata keçirilən şəffaf və ədalətli seçkilərin keçirilməsi proseslərində xalqın öz iradəsini azad və sərbəst olaraq ifadə etməsi nəticəsində dövlətin ali hakimiyyət orqanlarının və özünüidarəetəmə orqanlarının demokratik yolla formalaşdırılması dövlətin siyasi kursunun və strateji inkişaf xəttinin düzgün və ardıcıl həyata keçirilməsinə imkan yaradıb. Fevral ayının 7-də ilk dəfə bütöv Azərbaycan ərazisində keçirilməsi nəzərdə tutulan növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri də hər bir vətəndaşdan yüksək seçki mədəniyyəti tələb edir. Belə ki, 2024-cü il fevralın 7-nə Azərbaycan Respublikası Prezidentliyinə növbədənkənar seçki təyin edilib. Seçkilərlə bağlı elanlar artıq vurulub, prezidentliyə namizədlərin təbliğat- təşviqat kampaniyası da başlayıb.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası (MSK) və Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının təşkilatçılığı ilə “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda dəyirmi masa keçirilib.
  MSK sədri Məzahir Pənahov deyib ki, beynəlxalq təşkilatlar Azərbaycanın seçkilərlə əlaqədar seçicilərin konstitusion hüquqlarının həyata keçirilməsində, seçkilərin təşkilində böyük nailiyyət əldə etdiyini bildirirlər. Ancaq seçki prosesində milyonlarla seçici iştirak edir, minlərlə komissiya üzvü, seçicilər olur. Ona görə də milyonlarla insanın iştirak etdiyi prosesdə bəzi çatışmazlıqlar ola bilər və bu çatışmazlıqların aradan qaldırılmasına ombudsmanın da dəstəyini gözləyirik. Hansısa pozuntu varsa, o hüququn bərpası üçün də ombudsman dərhal müdaxilə etməlidir”.
  Ombudsman Səbinə Əliyeva isə hesab edir ki, prioritet hüquqlardan olan seçki hüququnun təmini önəmlidir: “Demokratiyanın əsas göstəricisi olan seçki sisteminin inkişafı üçün maarifləndirici yöndə silsilə tədbirlər vacibdir. Eyni zamanda seçki günü Ombudsman Aparatına daxil olan müraciətlər araşdırılacaq. Ombudsman Aparatının əməkdaşları seçki məntəqələrində müşahidələr də aparacaqlar”.
  Onun sözlərinə görə, fiziki qüsurlu, əlil, görmə və eşitmə qabiliyyəti məhdud olan vətəndaşların seçki prosesində iştirakını təmin etmək məqsədilə işlər görülür. Ombudsman vurğulayıb ki, hamı bir vətəndaş olaraq seçkilərdə fəal iştirak etməli, ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayacaq bu prosesə yaxından qoşulmalıdır. “Torpaqlarımızın Ermənistan tərəfindən işğalı nəticəsində Azərbaycan vətəndaşlarının hüquqları uzun müddət pozulub. Müharibədən sonra 350-yə yaxın vətəndaşımız mina terrorundan əziyyət çəkib. Özlərini demokratiyanın beşiyi sayan, Azərbaycana qarşı qarayaxma kampaniyası aparan bəzi ölkələr buna niyə susurlar?”, - deyən Ombudsman vurğulayıb ki, Azərbaycan tarixi ədaləti bərpa etsə də, vətəndaşları yenə də ədalətsizliklə qarşılaşır, mina terrorunun qurbanına çevrilirlər: “Demokratiya hamı üçün bir olmalıdır. Biz Qələbəmizlə ədaləti bərpa etmişik. Qarabağ və Şərqi Zəngəzurun gəncləri seçki prosesində öz doğma yurdlarında səs verəcəkləri üçün özlərini xoşbəxt hesab edirlər”.
  Ölkəmizdə 125 seçki dairəsi üzrə 6319 seçki məntəqəsi var. Bu seçki məntəqələrinin 26-sı işğaldan azad olunmuş ərazilərdə yerləşir.
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar 37 xarici ölkədə 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə xaricdə yaşayan soydaşlarımız səs verə biləcəklər.
  Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin (İB) Türkiyə rəhbəri, Azərbaycan Ağsaqqallar Şurası Fəxri üzvü Hulusi Kılıç isə 7 fevralda Azərbaycanda keçiriləcək prezident seçkilərinin yeni mühitdə baş tutacağını qeyd edib. O deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev çox açıq bir şəkildə ifadə edib ki, Azərbaycan artıq yeni dövrə girib: "Azərbaycan torpaqlarını işğaldan azad etdi və suverenliyini bərpa etdi. Yeni dövrdə Azərbaycanın hər qarış torpağında seçkilər keçirilməli idi. Bu seçkilər həm Azərbaycanın ərazi bütövlüyünü, həm də Prezident İlham Əliyevin 20 illik uğurlu prezidentlik dövründən sonra yeni bir dövrün başlandığını göstərir. İndiyədək keçirilmiş prezident, parlament və bələdiyyə seçkiləri nəticəsində Azərbaycanda kamil seçki mədəniyyəti formalaşıb. Seçicilər ilk dəfə Qarabağ bölgəsində və Şərqi Zəngəzurda səs verəcəklər. Bu bölgələrdə şəffaf səsvermə prosesinin təşkil edilməsi üçün bütün şərait yaradılıb. Azərbaycanda kamil seçki mədəniyyəti formalaşıb. Azərbaycan Respublikasının Konstitusiyası demokratik prinsiplərə əsaslanan insan hüquq və azadlıqlarına təminat yaradır. Bu prinsip seçki prosesləri üçün də keçərlidir. Namizədlərə bərabərhüquqlu şərait yaradılıb".
  Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə isə “Sherg.az"a açıqlamasında seçki kampaniyasına start verildiyini, MSK və dairə seçki komissiyalarının seçki prosesinin təşkili ilə bağlı lazımi işləri gördüyünü bildirib:

“Seçici siyahısının müəyyənləşdirilməsi, namizədlərin qeydə alınması kimi proseslər şəffaf formada həyata keçirilib. Namizədlərin təşviqatı qanunvericiliyin tələbləri əsasında müxtəlif üsullarla həyata keçirilir. Bu üsullara televiziya, radio, media vasitələri, kütləvi tədbirlər daxildir. Prezidentliyə qeydə alınmış namizədlər seçkiqabağı təşviqat tədbirləri üçün müəyyən edilmiş yerlərdən də bərabər əsaslarla ödənişsiz istifadə edə bilərlər. Bir sözlə, təşviqatın qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün Mərkəzi Seçki Komissiyası üzərinə düşən bütün vəzifələri qanunda nəzərdə tutulmuş qaydada və müddətdə yerinə yetirir.
Fevralın 7-də baş tutacaq prezident seçkilərinin əsas özəlliyi odur ki, Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq seçkilər ölkənin bütün ərazisində keçiriləcək. 30 ilə yaxın müddətdə ermənilərin işğalında olan torpaqlarımızda seçki məntəqəsi yaradılıb. Bu, son dərəcə qürurverici bir hadisədir. Ötən ilin sentyabr ayında həyata keçirilən antiterror əməliyyatlarından, Qarabağda separatizmin kökü kəsiləndən sonra xalqda hakimiyyətə, dövləti idarə edən orqanlara və xüsusi olaraq Ali Baş Komandana olan inam, etimad qat-qat artıb. Bu baxımdan bütün Azərbaycan vətəndaşlarının seçkilərdə aktiv iştirak edəcəyinə şübhə etmirəm”.