Ermənilərin davam edən ekoloji cinayətləri...

Ermənistan hər an Azərbaycana gələn çayları zəhərləyə bilər

Bununla bağlı məsələ nüfuzlu tədbirin gündəliyinə daxil edilməlidir

“Biz bütün beynəlxalq tədbirlərdən, tribunalardan istifadə edib həqiqəti dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların diqqətinə çatdırmalıyıq”

  Azərbaycanda su ehtiyatları ilə bağlı ciddi problem var. Mütəxəssislər hələ illər öncə həyəcan təbili çalırdı ki, su ehtiyatlarından səmərəli istifadə edilməlidir. Söhbət təkcə əhaliyə satılan içməli sudan getmir. Problem içməli sudan bir çox hallarda səmərəsiz, təsərrüfat məqsədilə və sui-istifadə edilməsidir.
  Suyun küçələr boyu boş-boşuna axıb getməsinin o qədər şahidi oluruq ki.
Millət vəkili Asim Mollazadə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin ötən iclasında bu məsələyə toxunub.
  Deputatın fikrincə, su ehtiyatlarımızı köhnə texnologiyalarla işlədiyimizə görə itiririk: “Suvarma sistemində də ciddi problemlər var və yeni texnologiyalardan istifadə olunması vacibdir. Mollazadə bildirib ki, bu texnologiyalar olmadığı müddətdə Azərbaycan su ehtiyatlarını itirməyə davam edəcək”.
  A.Mollazadə hesab edir ki, Azərbaycana gələn çayların zəhərlənməsi məsələsi gündəmdə saxlanılmalıdır: “Bu istiqamətdə müvafiq beynəlxalq təşkilatların diqqətini cəlb etməliyik. COP29-dan istifadə edərək hər bir platformada Azərbaycana Ermənistandan gələn çayların zəhərlənməsi məsələsinə diqqəti cəlb etməliyik”.
  İqlim dəyişikliyinə diqqət çəkən “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İcimai Birliyinin sədri Elman Cəfərli isə “Sherg.az"a açıqlamasında deyib ki, qlobal istiləşmə ilə əlaqədar ölkəmizin də su ehtiyatları kəskin azalıb:

“Havanın temperaturu artıb, yağıntı azalıb. İstər daxili, istərsə də tranzit çaylarımızda suyun azalması müşahidə olunur. Son bir neçə ildə yay aylarında ən böyük çayımız olan Kürdə su tamam azalır, bəzi yerlərdə adalar yaranır. Bu, əslində, təbiətin həyəcan təbilidir insanlara. İndi kimi danışdırsan, hamı “insanlar gərək suya qənaət etsin” deyir. Doğrudur, amma hər şeyi sadə vətəndaşın üstünə atmaq olmaz. Onsuz da suyun qiyməti bahadır, insanlar məcbur olaraq məişətdə suya qənaət etmək zorundadır. Qənaət rejiminə rəsmi qurumlar özləri keçməlidir. Bu məsələdə müvafiq nazirliklərin üzərinə böyük vəzifə düşür. 33 ildir müstəqilik və hər gün də deyirik ki, Azərbaycan su ehtiyatları az olan ölkədir. Bəs bu illərdə su resurslarına qənaət proqramları hazırlanıbmı? Kənd təsərrüfatında müasir suvarma sistemlərinə keçilibmi? Bu gün ölkədə kənd təsərrüfatı sahələrinin 80 faizi, bəlkə də daha artığı 7 min bundan əvvəlki metodlarla suvarılır. Dünya artıq selləmə suvarma metodundan imtina edib. İnkişaf etmiş dövlətlərdə damlama suvarma üsulundan istifadə edilir. Amma bu qurğular bahalıdır, Azərbaycan fermerləri üçün əlçatan deyil. Milli Məclisdə danışmaq çox asandır. Yaxşı olar ki, deputat bölgələrə getsin, heç olmasa, seçildiyi dairənin fermerlərinin problemləri ilə məşğul olsun, onları dinləsin. Müasir suvarma sistemlərinin quraşdırılmasında fermerlərə yardım etsinlər. Onlara lojistik dəstək versinlər, maliyyə mənbələri tapmağa kömək etsinlər. Müasir dövrdə suya qənaət deyəndə ilk ağla gələnlərdən biri də suyun daşınmasıdır. Ölkəmizdə mövcud olan su kanallarının çoxunun zəmini torpaqdır. Halbuki bu üsul su itkisinə səbəb olur. Qarabağ və Şərqi Zəngəzurda su anbarları, su kanalları yenidən qurulur. Yaxşı olar ki, qurulan yeni suvarma sistemləri yeni texnologiyalara əsaslansın. Su bir nöqtədən digər nöqtəyə beton səthli kanallarla, arxlarla və ya plastik borularla daşınmalıdır”.
  Azərbaycana gələn çayların Ermənistan tərəfindən zəhərlənməsi məsələsinin gündəmdə saxlanılmasına gəldikdə isə E.Cəfərli deyib ki, ermənilərin 30 ildə törətdiyi və bu gün də davam edən ekoloji cinayətləri Cənubi Qafqazın, bütövlükdə planetimizin ekosisteminə təhlükə yaradır: “Bununla bağlı məsələ nüfuzlu tədbirin gündəliyinə daxil edilməlidir. Biz bütün beynəlxalq tədbirlərdən, tribunalardan istifadə edib həqiqəti dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların diqqətinə çatdırmalıyıq. Bu il Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP) ev sahibliyi edəcək. Əvvəla, bu cür nüfuzlu tədbirlərə ev sahibliyinin Bakıya tapşırılması təsadüfi deyil. Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir. Şərqi Zəngəzur və Qarabağ torpaqları “Yaşıl enerji” zonası elan edilib. İşğaldan azad edilmiş bölgələrdə tikinti-quruculuq işləri yaşıl texnologiyalara əsaslanır. Ermənilər 30 il Azərbaycanın meşə zolaqlarına, su resurslarına qarşı ekoterror həyata keçiriblər. Təbii ki, bununla bağlı peyk məlumatları, foto-video materiallar toplanmalı və COP29-da iştirak edən nümayəndələrin diqqətinə çatdırılmalıdır”.