Şagirdlər bayram günləri, istirahət günləri də çalışmalıdır! - Ekspert

Türkiyə modeli bizə yaramaz

“Biz bu sistemə öyrəşmişik. Müəllimlər evə tapşırıq verməsə, valideynlər uşaqların başının üstünü almasa, əllərinə kitab alan deyillər”


“Oğlanlarım dərs oxumayanda kiçik dəmir xətkeşim vardı, əllərinə vururdum. İndi hamısı ən yaxşı ixtisas sahibləridir, 4 dil bilirlər. Hər dəfə də mənə deyirlər ki: “Ata, dəmir xətkeşinə “qurban olum”

“Bir fakt var ki, Azərbaycanda təhsil almaq istəyən, təhsil üçün əmək sərf edən uşaqların bilik səviyyəsi Türkiyədən qat-qat yüksəkdir”

  Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2023-2024-cü tədris ili üzrə qış tətili başlayacaq. Məktəblilərin qış tətili 27-31 yanvar tarixlərini (5 gün) əhatə edir.
  İkinci yarımilin ilk dərs günü isə 1 fevralda olacaq. Lakin uşaqlar tətil olmasına ürəkdən sevinə bilmirlər. Buna səbəb kimi də onların müəllimlər tərəfindən ağır məktəb tapşırıqları ilə yüklənməsidir. Valideynlər isə uşaqlardan fəqli olaraq uşaqlarının tətildə belə dərslərlə məşğul olmasını istəyir, hətta onların tətil günlərində hansı saatda istirahət, hansı saatda dərslərlə məşğul olmaq vaxtını belə özləri müəyyənləşdirir.
  Psixoloqlar isə hesab edir ki, istər tətil, istərsə də şənbə və bazar günləri bəzi müəllimlər uşağın dincəlmək hüququnu əlindən alır. O qədər tapşırıq verirlər ki, uşağın heç dincəlməyə vaxtı olmur.
Bu, tamamilə yanlış bir yanaşmadır və uşaqların zehninə, psixologiyasına mənfi təsir göstərir. Ekspert rəyinə keçməzdən əvvəl qeyd edək ki, Türkiyə Milli Təhsil Nazirliyi (MEB) bu gündən başlayan semestr tətilində uşaqlara tək bir sahəyə yönləndirən, məsələn, test imtahanı vermək və ya ümumiləşdirmə aparmaq kimi ev tapşırıqlarının verilməyəcəyini bildirib. Şagirdlərin ev tapşırığı yerinə bədii, mədəni, idman və elmi fəaliyyətlərə həvəsləndirilməsini istəyən nazirlik, şagirdlərin yaşlarına uyğun ailələri ilə birlikdə edə biləcəkləri fəaliyyətlərlə keyfiyyətli vaxt keçirmələri üçün interaktiv rəqəmsal kitablar da hazırlayıb.
  "Şərq" türk mediasına istinadən xəbər verir ki, milli təhsil naziri Yusuf Tekinin imzası ilə 2023-2024-cü tədris ili semestr tətili ilə bağlı bölgələrə məktub göndərilib. Məktubda məktəblərdə həyata keçirilən səmərəli, davamlı və məhsuldar təhsil tədbirlərinin il boyu şagird, müəllim və valideynlərin əməkdaşlığından asılı olduğu vurğulanır, tədris və ictimai fəaliyyətin məktəbdən kənarda davam etdirilməsi və məktəbə inteqrasiyanın təmin edilməsi, məktəbdaxili öyrənmə ilə bu fəaliyyətlərin ilk növbədə şagirdlərə valideynlərin dəstəyi ilə mümkün olduğu ifadə edilib.
  Təhsil eksperti Nabatəli Qulamoğlu isə “Sherg.az"a açıqlamasında deyib ki, ev tapşırığı səmərəli və balanslı şəkildə istifadə edildikdə şagirdin öyrənməsini artırmaq və əsas həyati bacarıqlarını inkişaf etdirmək üçün güclü vasitə ola bilər. Ekspertin sözlərinə görə, müəllimlər öz şagirdlərinin ehtiyaclarını və bacarıq səviyyələrini nəzərə alaraq tətil günlərində verdikləri tapşırıqların nə həddən artıq ağır, nə də çox sadə olmamasını təmin edə bilər. Eyni ev tapşırığını bütün sinfə vermək istənilən nəticəni verməyəcək şübhəsiz:

“Hər bir ölkənin spesifik mental, coğrafi xüsusiyytləri var. Təhsil prosesində də bunlar mütləq nəzərə alınmalıdır. Məsələn, Skandinaviya ölkələrində şagirdlərin istirahət günlərinə toxunmurlar. Onlar yalnız tədris prosesində uşaqlara tapşırıq verirlər.
  Finlandiyalı şagirdlər məktəbdə az vaxt keçirirlər, daha az ev tapşırığı yerinə yetirirlər, ancaq yenə də dünyada ən yaxşı nəticələrdən birini göstərirlər. Çünki Finlandiyanın təhsil sistemində əsas konsepsiya etibardır.
Valideynlər məktəblərin düzgün qərarlar verdiyinə və dərs günü ərzində uşaqlara yaxşı təhsil verdiyinə inanırlar. Məktəblərsə öz müəllimlərinin keyfiyyətinə etibar edirlər”.
  Türkiyədə tətbiq olunan sistemin bizdə də tətbiqi məsələsinə gəldikdə isə N.Qulamoğlu deyib ki, ölkələr ömürlük yaratdıqları məktəb sistemləri ilə yaşamağa məhkumdurlar. Əks təqdirdə tətbiq edilən yeniliklər gözlənilən effekt vermir: “Azərbaycanın təhsil standartları da aparıcı ölkələrin təhsil standartları ilə uyğunlaşa bilmir. Həmişə deyirəm ki, Finlandiya təcrübəsini belə gətirib orta məktəblərimizdə tətbiq etsək, nəticə indikindən daha pis olacaq. Biz təhsilin inkişafına öz standartlarımız çərçivəsində nail olmalıyıq.
  Düzdür, ölkəmizdə təhsil alanların miqyası çox geniş deyil. Amma bir fakt var ki, Azərbaycanda təhsil almaq istəyən, təhsil üçün əmək sərf edən uşaqların bilik səviyyəsi Türkiyədən qat-qat yüksəkdir. Bunu uzunmüddətli pedaqoji fəaliyyətimə istinad edərək deyirəm. Səbəb isə odur ki, bizim uşaqlar, daha doğrusu, oxuyan uşaqlar gecə- gündüz çalışır. Tətil günü, istirahət günü demədən hər gün az, ya çox müddətdə zehni işlə məşğul olurlar.
  Əslinə qalanda dərs oxumaq, test tapşırığı həll etməyin özü də bir istirahətdir. Çətin bir məsələni həll etməkdən alınan zövqü heç nə ilə əvəz etmək mümkün deyil. Yaxud da şagird üçün Azərbaycan dilindən mürəkkəb bir tapşırıq həll etməkdən gözəl nə ola bilər ki!?
  Yaxşı, gəlin günü sabahdan qərar verək ki, uşaqlar tətil günlərində dərs oxumasın, bütün vaxtını istirahətə yönəltsin. Valideynlərə də xüsusi təlimat verilsin ki, uşaqlara dəyməyin. Nə olacaq, bilirsiniz? Mən deyim, hətta əlimi ürəyimin üstünə qoyub and içərək deyirəm ki, telefon, planşet uşaqların əlindən düşməyəcək.
  Biz bu sistemə öyrəşmişik. “Qılınc müsəlmanı”yıq! Müəllimlər evə tapşırıq verməsə, valideynlər uşaqların başının üstünü almasa, əllərinə kitab alan deyillər. Bunu təsadüfən demirəm. 43 ildir pedaqoji fəaliyyətlə məşğulam. Dərs dediyim, hətta evdə böyütdüyüm uşaqlarımın xarakterini müşahidə etmişəm. Oğlanlarım dərs oxumayanda kiçik dəmir xətkeşim vardı, əllərinə vururdum. İndi hamısı ən yaxşı ixtisas sahibləridir, 4 dil bilirlər. Hər dəfə də mənə deyirlər ki: “Ata, dəmir xətkeşinə “qurban olum”. Biz hər şeyi ona borcluyuq”. Zəmanə uşaqlarına bu üslubu tətbiq etmək doğru olmaz. Amma dərs oxumaq, zehni əməklə məşğul olmaq üçün nə qədər vaxt imkanı varsa, maksimum yararlanmalıdır. Demirəm uşaqlar istirahət etməsin. Dəniz kənarına da getsin, əyləncə məkanlarına, restoranlara da. 24 saatın 1-2 saatını zehni əməklə məşğul olmaq onların istirahətini pozmaz”.