Qeyri-rəsmi nikaha daxil olanlar çoxalır - AÇIQLAMA

Qadınlar və uşaqlar zülm içindədir

“Adətən ikinci və ya üçüncü dəfə evlənən şəxslər rəsmi nikahdan yayınır”

  Aliment məsələləri ilə bağlı qəbula gələnlərin 50 faizinin rəsmi nikahı yoxdur.
Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında deputat Tamam Cəfərova deyib. Deputatın fikrincə, rəsmi nikahdan yayınma halları, qızların təhsili və erkən nikahlar məsələlərinin də ictimai dinləmələrdə müzakirə olunması əhəmiyyətlidir.
  Komitə sədri Hicran Hüseynova isə rəsmi nikahlarla bağlı statistikanın heç də belə olmadığını bildirib: “Əgər rəsmi nikahdan yayınma halı siz dediyiniz qədər olsa, bu, ciddi problemlər yaradardı. Heç də Azərbaycanda statistika belə deyil. Digər məsələlərə isə vurğuladığınız kimi, diqqət edilməlidir”.
  "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə “Sherg.az"a açıqlamasında Tamam Cəfərovanın narahatlığına haqq verib. Ötənilki statistikaya istinad edən M.Zeynalovanın sözlərinə görə, Azərbaycanda qeyri-rəsmi nikaha daxil olan cütlüklərin sayı kifayət qədər çoxdur:

“Səhv etmirəmsə, 40 faizə yaxındır. Adətən ikinci və ya üçüncü dəfə evlənən şəxslər rəsmi nikahdan yayınır. Lakin digərləri ilə müqayisədə daha az olsa da ilk evliliyində də nikahdan yayınan insanlar var. İldən-ilə boşanmaların artıb, nikah sayının azalması faktoru da məhz bununla bağlıdır. Yəni ölkədə ailə quran şəxslərin yox, rəsmi nikah bağlayan şəxslərin sayı azalır”.
  İnsanların qeyri-rəsmi şəkildə yaşamaq səbəbinə gəldikdə isə Birlik sədri deyib ki, bu, adətən kişilərin aliment öhdəliyindən yayınmaq və daha çox da əmlak məsələsi ilə bağlıdır: “Hazırda bizim sığınacaqda olan qadınlardan birinin 3 uşağı var, lakin nə rəsmi nikahda olub, nə də atalıq faktı rəsmiləşdirilib”.
  Qeyri-rəsmi nikahdan daha çox qadınlar və uşaqların əziyyət çəkdiyini vurğulayan M.Zeynalova qadınlara bu cür münasibətlərdən çəkinməyi tövsiyə edib: “Qeyri-rəsmi nikah nəticəsində kişilərdə məsuliyyət, öhdəlik hissi azalır. Onlara elə gəlir ki, nikaha girməsələr, boşananda aliment ödəmək məcburiyyətində olmayacaqlar. Yəni qeyri-rəsmi nikaha üstünlük verən qadınlar övladlarının vərəsəliyi, əmlak məsələləri ilə bağlı problemlərlə qarşılaşırlar. Uşaqlara gəldikdə isə qeyri-rəsmi nikahdan doğulan, xüsusilə də atalıq faktoru təsdiq edilməyən uşaqlar travma yaşayır. Nə ana, nə də övladı qeydiyyata düşə bilir, təhsildə gecikmələr və s. olur”.
  Erkən nikaha daxil olmaların statistik göstəricilərə təsirinə gəldikdə isə M.Zeynalova deyib ki, bu məsələ ölkəmiz üçün aktual olsa da, qeyri-rəsmi nikahların artım faizinə təsir edəcək səviyyədə deyil.