PREZİDENT İLHAM ƏLİYEVİN NİTQİ - RITORİKA, SİYASƏT VƏ QƏLƏBƏ

Dos. İsmayılzadə Gülbəniz,
AzərbaycanDövlətİqtisadUniversiteti (UNEC)

Bu gün ictimai mənsubluğundan asılı olmayaraq hər bir kəsin gözəl və mükəmməl nitqə sahib olmaları günün aktual mövzusuna çevrilmişdir. Bunu Ulu Öndərin mükəmməl davamçısı olan Prezident İlham Əliyev öz nitqi ilə aydın şəkildə ifadə edə bilmişdir. Azərbaycan Respublikasında yaşayan və işləyən hər bir şəxs bu dövlətin dilini mükəmməl bilməli və danışmalıdır. 

Ali Baş Komandan dünya prezidentləri arasında öz orator nitqi ilə çox fərqlənir. Fikrin ardıcıl, səlis, təmkinli və eyni zamanda sirayətedici ifadəsi, mətn daxilində xüsusi nida cümlələrinin müxtəlif yerlərdə təkrarı,hər bir çıxışında yadda qalacaq siyasi jarqonlar onun nitqinin fərdi xüsusiyyətləridir. Ali Baş Komandan İlham Əliyevin Zəfər Paradındakı nitqi buna bariz nümunədir.
Son dövrlər dövlət başçılarının ictimai natiqlik bacarığı mövzusu dünyanın diqqət mərkəzindədir və danılmaz faktdır ki, səlis nitqə malik olan insan asanlıqla başqalarının hörmətini qazanır, onlarda maraq oyadır, yadda qalır. Belə bir insanla ünsiyyət qurmaq xoşdur, onu dinləmək maraqlıdır, onlar digər insanların fikrinə təsir edə bilər. Şübhəsiz ki, ağıl, siyasi uzaqgörənlik, erudisiya, təcrübə - bütün bunlar siyasətçi üçün vacib və zəruridir, lakin bu keyfiyyətlər son nəticədə siyasətçinin nitqində ifadə olunur. Bu gün nitqini qurmaq bacarığına görə dünya birinciləri sırasında duran İlham Əliyev özünü dil şəxsiyyəti kimi təsdiqləmiş prezidentlərdən biridir. Bu onun rəsmi-işgüzar mətnlərini quran zaman seçdiyi açar sözlərdə belə ifadə olunur. Prezident İlham Əliyevin nitqinin və siyasi uğurunun əsas əlamətləri nitqi vasitəsilə inandırmaq, təkcə həvəs və inamı deyil, həm də arxasınca apardığı ordunun daxili qürur və gücünü oyatmaq bacarığıdır.
Faktlar və araşdırmalar göstərir ki, İ.Əliyevin  nitqi məzmunu və məntiqi gücü ilə dinləyicinin şüuruna təsir etməklə yanaşı, həm də  ekstralingvistik və qeyri-verbal amillərlə zəngin olduğu üçün dinləyicilərin şüuraltına da təsir edə bilir. Bu baxımdan İ.Əliyevin bir orator kimi “Zəfər paradında”kı nitqinin füsunkar təsirindən (tembr, intonasiya və s.) danışılmalıdır ki, bu da dinləyicini qeyri-ixtiyari olaraq danışan tərəfə meylləndirir, sözə inam, danışana rəğbət hissi yaradır. 
İ.Əliyev bir orator kimi təkcə danışdığı məlumatlara deyil, həm də bir natiq kimi nitqinə nəzarət etməyi bacarır. Bu zaman o davranışının təbiiliyini, nitq texnikasını və tamaşaçı ilə təmasını unutmur. Natiqliyin əsas şərti danışanın obrazıdır, yəni oratorun dinləyicisinin yaddaşında formalaşdırdığı obraz: geniş alnı, sərt baxışları, hündür boylu, enli kürəyi, dəmir biləkləri, düşməninin kəlləsini bir zərbə ilə əzən dəmir yumruqlu təqdim olunub.
İlham Əliyevin “Zəfər paradında”kı uğurlu nitqinin əsas şərtlərini müəyyənləşdirək: 1) mövzu haqqında bilik; 2) özünə nəzarət; 3) danışanın obrazı.
İlham Əliyev “Zəfər Paradı”ndakı çıxışı tarixi yaddaşın təzələnməsi ilə başlayır. “Ermənistan bizimlə rəqabət apara bilmədi. Mən son 17 il ərzində dəfələrlə demişdim ki, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan işğalçı qüvvələrini çıxarmasa, biz bu məsələni hərbi yollarla həll edəcəyik...”; “Biz dünyada gedən prosesləri diqqətlə izləyirdik və görürdük ki, son illərdə beynəlxalq hüquq və prinsiplər kobudcasına pozulur.”; “Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi. Ermənistan rəhbərliyinin çox zərərli və təhlükəli bəyanatları demək olar ki, danışıqlara son qoymuşdu.”; “Mən BMT Baş Assambleyasının kürsüsündən demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır, Ermənistan dayandırılmalıdır.”  Deməli, çıxış təkcə qalib xalq üçün nəzərdə tutulmayıb. Bu həm də düşmənə və dünyaya bir mesajdır.
Prezidentin çıxışında diqqəti çəkən elementlərdən biri də digər natiqlərin nitqində çox nadir hallarda müşahidə edilən verbal təkrardır. Belə təkrarlar əsasən bir ifadəni sitat gətirərək və dəfələrlə vurğulamaqla, diqqəti ona yönəltməkdir: “Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi”; “Biz Ermənistanı döyüş meydanında məhv etdik”.
“Məhv edildi” – bütün mətn boyu biz bu birləşmə ilə bir neçə qəfə qarşılaşırıq ki, bu da  təsadüfi deyil. Ritorikada belə təkrir epistfora adlandırılır. (mətnin müxtəlif yerlərində cümlə sonunda eyni sözün təkrarlanması). Dünyanın tanınmış oratorlarından Avraam Linkoln, Uinston Çörçil, Fidel Kastro öz nitqlərində bu ritorik vasitədən istifadə etmişdilər. Sual ola bilər- bəs hansı səbəbdən natiqlər belə təkrarlara çox az hallarda müraciət edirlər? Məsələ ondadır ki, hər təkrar üslubi priyom hesab ediləbilməz. Yersiz təkrar dinləyici üçün yersiz, yorucu və leksik səhv kimi təsir bağışlayır. Təkrar olunan söz onun müəllifi tərəfindən o qədər dəqiq seçilməli və yerində işlənməlidir ki, dinləyiciyə yorucu vasitə kimi deyil, yaddaşına möhürlənəcək dərin informasiya daşiyicisi kimi yazılsın. 
İlham Əliyev “Zəfər Paradı”ndakı çıxışı ilə qalib sərkərdənin qələbə çıxışını yenidən bərpa etdi. Bu çıxış bir fərd kimi onun daxili mənliyini və şəxsiyyətini ifadə etməklə yanaşı Azərbaycan xalqının da kimliyini təqdim etmiş oldu. Qalib sərkərdə kimi O, mövcud ənənəvi üsullardan uzaqlaşaraq fikrini ifadə etmək üçün yeni, mürəkkəb və eyni zamanda hamı üçün anlaşıqlı bir üsul yaratdı: “bir neçə sözlə öz fikrini tam və lakonik şəkildə ifadə et”. Malik olduğu linqvistik erudisiya və savad onu dinləyənə psixoloji təsir etdiyi üçün, dünya siyasətçiləri İlham Əliyev “Zəfər Paradı”ndakı çıxışını siyasi ritorik mesaj kimi qiymətləndirdilər, cünki O, bu çıxışı ilə düşməni və ona yardım edənləri düşünməyə vadar etdi: “Bu gün bütün dünya görür ki, Qarabağ Azərbaycandır! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı! Yaşasın Azərbaycan əsgəri!”
Amerikalı politoloq və sosioloq F.İ. Greenstein fikrinə görə, prezidentin öz vəzifələrini yerinə yetirməsi üçün ictimai rabitə qurmaq, təşkilat istedadı,  siyasi bacarıq, siyasi sahiblik və uzaqgörənlik, ünsiyyət zamanı məlumat axını emal edən koqnitiv üslub və emosional sabitliyə malik olmalıdır . Bütün bu keyfiyyətlər nəinki prezident, həm də uğur və dəstək əldə etmək istəyən hər bir siyasətçi üçün vacibdir. Prezident İlham Əliyev öz nitqində dediyi kimi, “ Bizim siyasətimizə ancaq Azərbaycan xalqı, onun iradəsi təsir edə bilər”. Əminəm ki, Prezident İlham Əliyevxalqımızın birliyi və həmrəyliyi ilə döyüş meydanında  bütün siyasi və diplomatik  mübarizələrdən qalib çıxacaq və bu yolda biz də Prezidentimizi dəstəkləyirik və növbəti seçkilərdə də güclü, qüdrətli Azərbaycan qurucusuna səs verəcəyik.