Vüqar Zifəroğlunun universitetə qəbul olan oğlu: "Bill Geyts kimi öz şirkətimi quracam"

"Hərtərəfli şəxsiyyət kimi yetişməyimdə anamın da zəhmətini xüsusi vurğulamaq istəyirəm"

Bu il qəbul imtahanlarının gərgin keçdiyini hamımız bilirik. Lakin uğur qazanan abituriyentlərin sayı da kifayət qədər çox oldu. O abituriyentlərdən biri də BDU- nun Jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist Vüqar Zifəroğlunun oğlu  Tuncay Əliyevdir. O, Qərbi Kaspi universitetində  "Kompüter elmləri" ixtisası üzrə ali təhsil alacaq.
 Tuncay öz sevincini və fikirlərini "Sherg.az"la bölüşüb:

-Tuncay, niyə məhz kompüter elmləri ixtisası? Səni bu ixtisasa cəlb edən nədir?

-Kompüter elmləri ixtisasını proqramlaşdırma üzrə yönəlmək üçün seçmişəm. 6-cı sinifdən proqramlaşdırma ilə məşğul olmağa başlamışam, kiçik uğurlarım da var. Abituriyentlik dövrümdə də dərslərlə yanaşı bir çox hakatonlarda və yarışlarda həmçinin, SAF 2022, Energytech, Digieduhack, Sabah.incubation, 4th ABB hackathon startup challange və 3-cü beynəlxalq STEM olimpiadasında iştirak etmişəm. Adını çəkdiyim sonuncu yarışda bürünc medala layiq görülmüşəm.

- İmtahanlara hazırlıq prosesi necə gedirdi? Dərslərə hazırlığın, gündəlik rejimin barədə məlumat verə bilərsən?

-İmtahanlara hazırlıq prosesi zamanı həftənin hər günü hazırlıqlara gedirdim və gündə ortalama 8-9 saat dərsdə olurdum. Axşam evə gəldiktən sonra  növbəti günə hazırlıq edirdim. Ümumiyyətlə, abituriyentlik dövründə rejimə uyğunlaşmaq çox vacibdir. Düzdür çətindir, lakin mümkündür.

-  Topladığın bal ürəyincə idi?  Qəbul olduğunu öyrənəndə hansı hissləri keçirdin?

-Bəli ürəyimcə oldu. Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlananda sevincimin həddi hüdudu yox idi. Çünki, arzusunda olduğum ixtisasa qəbul oldum.

-Atan Vüqar müəllim ölkənin tanınan jurnalistlərindəndir. Bilirik ki, işləri də kifayət qədər çoxdur. Maraqlıdır o, sənə necə dəstək olurdu? Necə stimul verirdi?

-Bəli, işləri çox olur, abituriyent olduğum zaman, demək olar ki, gündə 3-4 saat eyni vaxtda evdə olurduq, axşamlar söhbətləşir,  günü müzakirə edib, gələcək haqqda planlar qururduq. Və bu, mənə ümid verirdi. 

 -Vüqar müəllim sənlə münasibətdə heç pedaqoq obrazında olurmu? Yəni onun müəllim olmağı sənə necə kömək edir?

-Müəllim olaraq mənim təhsil almağımda, dünya görüşümün formalaşmasında, ünsiyyətcil və hərtərəfli şəxsiyyət kimi yetişməyimdə mühüm rol oynayıb. Burada mən anamın da zəhmətini xüsusi vurğulamaq istəyirəm.

-Vüqar müəllim bizə həmişə deyir ki, böhranı fürsətə çevirməyi bacarmaq lazımdır. Bu, həm də PR strategiyasıdır. İmtahana hazırlıq, yaxud ixtisas seçimində heç böhranı fürsətə çevirdiyin an oldu?

-Bəli bu il ümumi olaraq 1-ci qrupda balların artımı gözlənilirdi və bu zaman abituriyentlər üçün bir qədər kodlaşdırma prosesinin özü riskli hesab olunurdu. Müəllimlərim və atamla məsləhətləşərək kodlaşdırdığım ixtisasların nə qədər artacağını proqnozlaşdırdıq. Beləliklə, bu böhranı fürsətə çevirdim və istədiyim ixtisasa qəbul ola bildim.

- Deyirlər ki, gələcəkdə robotlar bir çox sahədə insanlara əvəz edəcəklər. Gələcəyin kompüter mütəxəssisi kimi sən bu barədə nə düşünürsən?

- Bəli, mən də belə düşünürəm. Çünki süni intellekt texnologiyası dayanmadan inkişaf edir və insanların yerini almağa başlayır. Lakin bu o demək deyil ki, süni intellekt insan zəkasını geridə qoya bilər. Unutmayaq ki, süni intellektin özü də insan zəkasının məhsuludur. 

- Kompüter mütəxəssisi kimi özünə örnək götürdüyün insan varmı?

- Mən özümə "Microsoft" şirkətinin yaradıcısı olan Bill Gatesi örnək götürürəm. Çünki o da şirkətini kiçik startupdan başladıb və inkişaf elətdirərək artıq milyonlar qazanıb. Mənim də ən böyük arzum proqlaşdırma və kibertəhlükəsizlik sahəsində xidmət göstərən şirkət yaratmaqdır.

- Dünya, demək olar ki, texnologiya üzərindən inkişaf edir. Azərbaycandakı bu inkişafı necə dəyərləndirirsən?

-Azərbaycanda son illərdə kibertəhlükəsizlik və proqramlaşdırma üzrə yeni, vacib addımlar atılır, dövlət orqanlarında, özəl şirkətlərdə kibertəhlükəsizlik üzrə departamentlər açılır. Ölkəmizin bu sahədə atdığı addımlar həm bu sahəyə olan tələbləri müəyyən qədər qarşılayır, həm də müasir dövrün çağırışlarına cavab verəcək innovativ gənc ixtisasçı kadrların hazırlanmasına tələbatı artırır. Bu səbəbdən son illərdə bu ixtisaslara olan maraq daha da güclənib və həmin sahəyə yönələn gənclərin sayı isə durmadan artır. Bu isə həm də rəqabət mühitinin yaranmağına səbəb olur.

- Tələbəlik həyatını necə təsəvvür edirsən?

-Tələbəlik həyatımda özümü, ixtisasım üzrə inkişaf etdirməyi hədəfləyirəm, hakatonlara və yarışlara hazırki komandam olan "The Moon" ilə qoşulacam. Əlavə olaraq da könüllülük fəaliyyətimi Formula 1 və Cop- 29 kimi böyük tədbirlərdə davam etdirməyi planlaşdırıram.

Kənan Novruzov,
Banuçiçək Kalbalıyeva