İrəvan növbəti dəfə sülhün imitasiyası ilə məşğuldur
Ermənistanın mina terroru davam edir. Müdafiə Nazirliyindən verilən məlumata görə, Vətən müharibəsindən sonra 480 km-a qədər təmas xətti boyu 2 km dərinliyində ərazilər, o cümlədən Buzluq yüksəkliyindən Laçın dağınadək 100 km-ə yaxın ərazi Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları tərəfindən minalanıb. Qeyd olunub ki, Qarabağ iqtisadi rayonunda minalar əsasən yaşayış məntəqələrinə və qəbiristanlıqlara yaxınlaşma istiqamətlərində, Xocalı və Şuşa ətrafında meşəlik ərazilərdə, eləcə da magistral yolların üzərində basdırılıb. Fevralın 5-də əvvəllər təmas xətti olmuş Tərtər rayonunun Göyarx kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində ərazidə heyvan otaran 1966-cı il təvəllüdlü Azər Məmmədov xəsarət alıb. Piyada əleyhinə minaya düşən Azər Məmmədovun sol ayağı amputasiya edilib. Hadisə işğaldan azad edilən Göyarx kəndi ərazisində otlaq sahəsində qoyunları otararkən baş verib. Ondan əvvəl də Tərtər rayonu Qızıloba kəndi ərazisində mina partlayışı baş vermişdi. Hadisə nəticəsində rayonun Qaradağlı kənd sakini 2001-ci il təvəllüdlü Həsənəli Əlizadə ayağından xəsarət almışdı. Azərbaycan Xarici İşlər Nazirliyinin paylaşımında bildirilib ki, Ermənistan tərəfindən yerləşdirilmiş minaların təhlükəsi həmişə olduğundan daha aktualdır: “Tərəfdaşların Ermənistanı bu təhlükəni aradan qaldırmağa məcbur etməməsi daha çox insan itkilərinə və xəsarətlərə səbəb olur". Məlumat üçün bildirək ki, 2020-ci ilin noyabr ayından bu günədək 343 nəfər mina partlayışının qurbanı olub. 3 ildir davam edən səylərə baxmayaraq, minalı ərazilərin xəritəsinin hələ də Azərbaycana verilməməsi itkilərin sayının artması ilə nəticələnir. Bu isə özü-özlüyündə qarşılıqlı etimad mühitinin yaranmasına, həmçinin sülh müqaviləsi məsələsinə mənfi təsir edir. Ötən həftə Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycana mina xəritələrinin təqdim olunacağı barədə açıqlama yaysa da, bir gün sonra bu xəbər təkzib edildi. Bu da onu göstərir ki, İrəvan mina xəritələrindən siyasi alver predmeti kimi istifadə etdiyi üçün onları Bakıya vermək niyyətində deyil.
Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a deyib ki, İrəvanın məqsədi sülh prosesini maksimum uzatmaq, müqavilənin imzalanmasını yubatmaqdır. Deputatın sözlərinə görə, son günlər Ermənistan rəsmilərinin mina xəritələrinin veriləcəyi ilə bağlı açıqlamaları heç də onların səmimiyyətindən irəli gəlmir:
"İrəvan növbəti dəfə sülhün imitasiyası ilə məşğuldur. Guya, sülhün tərəfdarıdırlar və Azərbaycanla əməkdaşlıqla maraqlıdırlar. Bunu göstərməyə çalışırlar. O baxımdan Ermənistanın nə vaxtsa Azərbaycana dəqiq mina xəritələrini verəcəyinə inanmaq sadəlövhlük olar. İrəvan hökuməti sülhə yaxınlaşmaq əvəzinə uzaqlaşmağa xidmət edən addımlar atır. Sülh prosesinin uzanmasının səbəbkarının Bakı olduğunu iddia edirlər. Azərbaycanı "yeni müharibəyə, hərbi əməliyyatlara hazırlaşmaqla" suçlayırlar. Bunda məqsəd aydındır. İrəvan ölkəmiz əleyhinə dezinformasiyaları yaymaqla Azərbaycana qarşı beynəlxalq təzyiqləri artırmağa, müəyyən kompromislər əldə etməyə çalışır. Əlbəttə, buna nail ola bilməyəcəklər. Ancaq istənilən halda Azərbaycanın sülh üçün çalışdığı bir dönəmdə Ermənistanın qeyri-konstruktiv siyasəti təəssüf hissi doğurur. Həm də bölgədə təhlükəsizliyə təhdid yaradır".