Ramil Səfərovun atası xalqımızla bir daha qürur duyub

Budəfəki seçkilərdən heç olmamışdı

  Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Ramil Səfərovun atası Sahib Səfərov ölkəmizdə keçirilmiş növbədənkənar Prezident seçkiləri ilə bağlı ürək sözlərini “Sherg.az"a çatdırıb. S.Səfərov bildirib ki, bu seçkilərdə xalqımızla bir daha qürur duydu:
- Budəfəki seçkilərdə böyük izdiham, yüksək əhval-ruhiyyə müşahidə etdim. İnsanlarımız dəstə-dəstə seçki məntəqələrinə axın edirdilər. Mən Binəqədi rayonu Xocasən qəsəbəsində səs vermişəm. Səsvermə günündən əvvəl də təbliğat-təşviqat kampaniyasının fəal iştirakçısı olmuşam. Budəfəki seçkilər, həqiqətən də, indiyədək görünməmiş yüksək əhval-ruhiyyə ilə keçdi. Bu məni bir vətəndaş kimi, zabit atası kimi çox sevindirir və qürurlandırır. Çox fərəhliyəm bu gün. Xalqımız tarixən dövlətçiliyə bağlı olub, dövlətimizin mənafeyini heç nəyə güzəştə getməyib. Bu seçkilərdə də xalqımız bir daha sübut etdi ki, cənab Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşib. Cənab Prezidentin dəmir yumruğu, igidlərimizin şücaəti sayəsində azad etdiyimiz Qarabağda da bu gün bayramdır. Mən cənab Prezidentin tarixi zəfəri ilə bağlı bütün təbriklərə, xalqımızın sevincinə qoşuluram. Bir daha müharibə görməyək, xalqımız işğaldan azad edilmiş yurdumuzda firavan yaşasın, sülh olsun.