Lukaşenko: Biz Moskvaya hücum edənlərin Belarusa daxil olmasının qarşısını aldıq

Belarus prezidenti Aleksandr Lukaşenko Moskva hücumundan sonra hadisə yerindən qaçan şübhəlilərin Belarusa girməsinin qarşısını aldıqlarını açıqlayıb.

Sherg.az xəbər verir ki, “The Moscow Times” qəzetinin xəbərinə görə, Lukaşenko dünən verdiyi açıqlamada həmkarı Vladimir Putinə kömək etdiyini bildirib.

Rusiya hüquq-mühafizə orqanları Rusiyanın qərbindəki Bryansk vilayətində, həm Ukrayna, həm də Belarusla sərhədlərə yaxın ərazidə hücumdan bir gün sonra  şübhəli bilinən dörd nəfəri saxlayıb.

Lukaşenko bildirib ki, şübhəlilər əvvəlcə Belarusa keçməyə cəhd ediblər və orada yüksək təhlükəsizlik tədbirləri ilə üzləşiblər.

Belta dövlət xəbər agentliyi Lukaşenkodan sitat gətirib: "Buna görə də onlar geri çəkilərək sərhədin Ukrayna-Rusiya hissəsinə tərəf getdilər".