Qlobal enerji ailəsinə böyük ehtiram -ŞƏRH

Prezidentin nitqi müasir enerji siyasətinin müəyyən edilməsi baxımından tarixi əhəmiyyət kəsb edən mesajlarla zəngindir


  Azərbaycanda Bakı Enerji Həftəsi keçirilir. Bu tədbir dünyanın enerji təhlükəsizliyinin müzakirə edilməsi, çıxış yollarının tapılması və perspektivlərin müəyyənləşməsi baxımından qlobal əhəmiyyətə malikdir.
  Bakı Enerji Həftəsi üç mühüm tədbiri - 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 29-cu Bakı Enerji Forumunu özündə birləşdirir. Bu həm regionun və dünyanın enerji sektorunun müzakirəsi, həm də enerji sektorunda yeni çağırış olan Yaşıl Enerji məsələsinin gündəmə gətirilməsi üçün xüsusi əhəmiyyətə malikdir.
Bakı Enerji Həftəsi  həm də Azərbaycanın, bütövlükdə regionun enerji istehsalı və enerji təhlükəsizliyi tarixində yeni era deməkdir.
  Reallaşan tədbirlərdə 30-dan çox ölkədən 300-dək şirkət olmaqla, bütün dünyanın enerji sənayesində mövcud liderlərin bir araya gəlməsi, təbii ki, təsadüf hesab oluna bilməz.
Dünyanın aparıcı ölkələrinin şirkətlərinin təmsil olunduğu bu tədbir Azərbaycanın enerji imkanlarının yenidən təqdim olunması və xüsusən regionun, eləcə də Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycanın rolunun artmasını şərtləndirən faktorlar baxımından da vacibdir. 
  Bakı Enerji Həftəsi fərqli dövlət və hökumət rəsmiləri, beyin mərkəzinin əməkdaşlarının bir araya gəlməsinə və qlobal enerji məsələlərinin müzakirəsinə imkan yaradır. Bakıda keçirilən bu forum həm də yeni texnoloji innovasiyaların şirkətlər tərəfindən təqdim edilməsinə, dördüncü sənaye inqilabının nəticələrinin müzakirəsi üçün bir fürsətdir. Bu tədbir eyni zamanda yaşıl enerji sahəsində potensialın qiymətləndirilməsi və yeni əməkdaşlıq imkanlarının tapılmasına xidmət edəcək. 
  Şübhəsiz ki, dünyanın diqqətinin Azərbaycanın üzərinə cəmlənməsi ölkəmizə siyasi və iqtisadi dividendlər gətirir. Bu qlobal əhəmiyyətli tədbir Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsinə şərait yaratmaqla yanaşı, enerji sektorumuza yeni investisiyaların cəlb edilməsinə də imkan yaradır. Məsələ təkcə karbohidrogen ehtiyatların istismarından və bu sahəyə yatırılan investisiyadan getmir. Ölkəmizin Yaşıl Enerji potensialı da xarici investorlar üçün cəlbedicidir.
İşğaldan azad edilmiş ərazilərin yaşıl enerji potensialı yüksək qiymətləndirilir. Bakı Enerji Həftəsi və tədbirdə yaşıl enerjinin müzakirəsi xarici investorların işğaldan azad edilmiş ərazilərimizə cəlb edilməsinə də yeni imkanlar yaradacaq.
  Prezident İlham Əliyevin tədbirdə çıxışı isə cari sferada Azərbaycan və müttəfiqləri üçün yeni reallıqda birgəfəaliyyət üçün yol xəritəsi hesab oluna bilər. 
Ölkə başçısı bildirib ki,  enerji siyasətinin bütün seqmentlərini əhatə edir: “Xəzər Neft və Qaz Sərgisi otuz il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayaraq, Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayıb. O vaxtdan bəri bu tədbir daha böyük tədbirə çevrilib və enerji siyasətinin bütün əsas seqmentlərini - neft, qaz, kəşfiyyat və hasilat, emal, nəqliyyatı və yaşıl enerjini əhatə etdiyinə görə indi onun adı Bakı Enerji Həftəsidir”.
  Enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz hissəsi olduğunu xatırladan ölkə başçısı həmçinin qeyd edib ki, idxaldan asılı olan ölkələr, əlbəttə ki, ən etibarlı və uzunmüddətli tərəfdaşlar və müqavilələr axtarır: “Onlar Azərbaycanın simasında məhz bunu əldə edirlər. Bizim sözümüz imzamız qədər dəyərlidir. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, biz bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik”.

  Millət vəkili Aydın Hüseynov “Sherg.az”a  açıqlamasında deyib ki, Bakı Enerji Həftəsi Azərbaycanın enerji qətiyyətini dünyaya nümayiş etdirib. Enerji Həftəsinin olduqca mühüm iqtisadi hadisələrlə yadda qaldığını xatırladan millət vəkilinin sözlərinə görə, tədbirin açılış mərasimində çıxış edən Cənab Prezident İlham Əliyevin nitqi müasir enerji siyasətinin müəyyən edilməsi baxımından tarixi əhəmiyyət kəsb edən mesajlarla zəngin olub:

 “37 ölkədən 300-dək şirkətin  iştirak etdiyi və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsinə qatılan müxtəlif ölkələrin nümayənələrinin təmsil olunduğu tədbirlərdə səslənən bu fikirlər qlobal enerji ailəsinə böyük bir ehtiramın, hörmətin nümunəsi kimi qarşılanıb.  Enerji Həftəsində müxtəlif dövlətlərin hökumət üzvlərinin, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin başçıları, enerji sahəsində fəaliyyət göstərən nüfuzlu şirkətlərin rəhbərləri, eləcə də tanınmış biznes icmasının üzvlərinin fikirləri də olduqca maraq doğurub. Tədbirlərdə Azərbaycanın uğurlu neft strategiyası,  neft bumundan sonra, Avropa bazarlarına qaz nəqli ilə Xəzər regionunda yeni bir cığırın açılması, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrinin icrası, TANAP, TAP kəmərlərini reallaşdıran Azərbaycan Cənub Qaz dəhlizinin enerji koridoru kimi əhəmiyyəti vurğulandı. Azərbaycanın Mərkəzi Asiya-Xəzər regionunun təşəbbüskar və avanqard ölkəsi kimi bölgənin yanacaq resurslarının Qərbə nəqlində daşıyıcı missiyaya malik rolu yüksək dəyərləndirilib”. 
  
A.Hüseynov deyib ki, digər əlamətdar hadisə Enerji Həftəsinin 2024-cü il Azərbaycanda elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-a təsadüf etməsidir. Ölkəmizin belə bir mötəbər tədbirə hazırlaşdığı Bakı Enerji Həftəsinin keçirilməsi COP29-a böyük töhfə olub.