Tələbələrin köçürülməsi zamanı problemlər yaşanır

Subbakalavrlar üçün qəbul olduğu ildə ixtisasın digər təhsil forması olduğu halda sistemdə seçim çıxmır

  Tələbələrin köçürülməsi üçün sənəd qəbulunun müddəti avqustun 1-i saat 18:00-a qədər uzadılıb. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, həmin tarixədək təhsil müəssisəsini, ixtisasını və ya təhsil alma formasını dəyişmək istəyən tələbələr portalda qeydiyyatdan keçərək şəxsi kabinet yaratdıqdan sonra, istifadəçi adı və şifrədən istifadə etməklə “Ali və orta ixtisas təhsili pilləsində təhsil alanların köçürülməsi” xidmətinə daxil olub, köçürülmək üçün elektron müraciət formasını doldurub təsdiq edə bilərlər. Qeyd edək ki, köçürülmə üçün müraciət edən tələbələrin məlumatları təhsil müəssisələri tərəfindən yoxlanılır və müraciətin statusu barədə şəxsi kabinetə bildiriş göndərilir. Bu səbəbdən müraciətçilərə şəxsi kabinetini mütəmadi izləmək tövsiyə olunur.
Normativ təhsil müddətində (sonuncu tədris ili tələbələri istisna olmaqla) təhsil alan və oxuduğu müddət ərzində həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamış tələbələr köçürülmə prosesində iştirak edə bilərlər.
  Köçürülmə üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Bununla yanaşı, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən edilmiş eyni ixtisas qrupu daxilində olmalıdır. Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Tələbənin beynəlxalq səviyyəli imtahanlarda əldə etdiyi nəticələr və təhsil aldığı müəssisənin dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır.
  Xaricdən köçürülmək istəyən tələbələr qismən akademik tanınma haqqında şəhadətnamə təqdim etməlidirlər. Bunun üçün müraciətçilər Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etməlidirlər.
Qeyd edək ki, builki tələbə transferi ictimaiyyət üzvlərinin narazılığına səbəb olub.
  Təhsil eksperti Adil Vəliyev bu barədə sosial media hesabında yazıb. Qeyd edib ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tələbələrin transfer edilməsində olan problemi aradan qaldırılmalıdır ki, rahat şəkildə portaldan istifadə edə bilsinlər:

“Vaxtın bitməsinə 2 gün qalıb, amma transfer üçün hər dəfə yeni problem çıxır sistemdə. Əvvəlcə kütləvi şəkildə borcu var bildirişi gəldi.
Daha sonra siyahıda adları olan universitetlər siyahıda görünmədi.
İndi isə bal limiti məhdudiyyət kimi görünür. Halbuki nə göndərilən təlimatda, nə də təlimdə bu kimi problemlərin olduğu bildirilməyib".
Digər təhsil eksperti Elçin Əfəndiyev isə əlavə edib ki, builki kimi bərbad köçürülmə prosesi olmamışdı: "Konkret sistemsizlik var. “N” qədər maneə, süründürməlik mövcuddur".
“Tələbələrin Köçürülməsi - portal.edu.az” səhifəsinin moderatoru Eşqin Nəbiyev də sözügedən paylaşımla bağlı "Sherg.az"a  münasibət bildirib.
O qeyd edib ki, tələbələrin köçürülməsi zamanı bir çox problemlər aşkar edilib: “Subbakalavrlar üçün qəbul olduğu ildə ixtisasın digər təhsil forması olduğu halda sistemdə seçim çıxmır. Bakalavrların qəbul olduğu ildə bir çox ali təhsil ocaqlarında fərqli ixtisaslara balı çatdığı təqdirdə seçim çıxmır. Tələbələrin xüsusilə Dövlət sifarişi əsasında təhsil alanların təhsil haqqı barəsində borcu olmaması eyni zamanda ödənişli əsaslarla oxuyub bütün ödənişləri vaxtlı vaxtında yerinə yetirən tələbələrin şəxsi portalında 3000,4000 və s. təhsil haqqı borcu olması barədə bildirişlərin gəlməsinin şahidi oluruq. Tələbələrin köçürülməsi prosesinin Ali təhsil müəssisələrinə verildiyini nəzər aldıqda təhsil müəssisələrinin necə bir ciddi işlə məşğul olmaqlarını xatırlatmaq lazımdır. Onlar AOİTAS sisteminə girərək tələbələrin borclarını sıfırlamalıdırlar, bu, onların borcudur. Eyni zamanda xaricdə təhsil alan tələbələr üçün bu ildən qismən tanınma barədə şəhadətnamə əldə etməsi qərarına görə gec müraciət etmiş tələbələri nəzərə alaraq vaxtın uzadılması lazımdır. Yaxud da qismən tanınma barədə qeydiyyatdan keçib müraciət edənlərin sistemdə müraciətinin olduğu nəzərə alınmalıdır".