Kiyev NATO zəmanəti ilə münaqişənin nizamlanmasına hazırdır

“Ukrayna NATO zəmanətlərini yalnız nəzarət etdiyi ərazilərə şamil etməyə razıdır və bunu münaqişənin diplomatik həllinə aparan yol kimi görür”.

“Report” xəbər verir ki, bu fikri amerikalı jurnalist Leks Fridmana müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“NATO Ukraynanın nəzarətində olan hissədə fəaliyyət göstərə bilər. Bununla razılaşa bilərikmi? Mən əminəm ki, belədir. Bu, bizim üçün o qədər də böyük uğur deyil, amma müharibəni diplomatik yolla bitirmək yolunu görürüksə, deməli, bu, birincidir. İkincisi, hərbi yardımıdır”, - deyə o vurğulayıb.

Eyni zamanda, Zelenski əlavə edib ki, hətta atəşkəs üçün Kiyevə Ukraynanın nəzarətində olan ərazinin təhlükəsizliyinə zəmanət lazım olacaq.

“Söhbət atəşkəsdən gedirsə, o zaman aydın başa düşməliyik ki, nəzarət etdiyimiz ərazilər üçün təhlükəsizlik təminatları var”.

Onun sözlərinə görə, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Ukraynaya təyyarə ilə səfər edən ilk lider ola bilər.