Türkiyə mediası: Qəzaya uğrayan Azərbaycan təyyarəsinin "qara qutuları"nın şifrəsi açılıb

Qazaxıstanın Aktau şəhərində eniş zamanı qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qara qutuları Braziliyada deşifrə edilib və məlumatlar Qazaxıstana göndərilib. 

Sherg.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəzanın səbəbləri ilə bağlı əsas məlumatları ehtiva edən qara qutular qəza zamanı təyyarədə baş verənlərin açılması prosesində mühüm rol oynayacaq.

Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus sərnişin təyyarəsinin Aktauda eniş zamanı qəzaya uğraması nəticəsində 38 nəfər ölüb.

Qəzanın səbəbləri ilə bağlı əsas məlumatları ehtiva edən qara qutular Braziliyanın paytaxtı Braziliyada aviasiya tədqiqatçıları tərəfindən idarə olunan laboratoriyada araşdırılıb.

Qazaxıstan, Rusiya və Azərbaycandan olan nümayəndələr də bu prosesi izləyiblər.

Braziliya səlahiyyətliləri tərəfindən yayılan açıqlamada, Braziliya Hərbi Hava Qüvvələrinə bağlı laboratoriyada aparılan araşdırma əməliyyatlarının dünəndən etibarən tamamlandığı bildirilib.

Açıqlamada qara qutulardan əldə edilən məlumatların Qazaxıstan səlahiyyətlilərinə çatdırıldığı bildirilib.

Bakı-Qroznı reysi ilə uçan və içərisində 67 nəfər olan “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərində məcburi eniş etməyə cəhd edərkən qəzaya uğrayıb.

Qəzada 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb. Təyyarənin Qroznıya yaxınlaşarkən Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğu, daha sonra isə Aktauya istiqamətləndiyi bildirilib.

Rusiya prezidenti Putin Azərbaycan prezidenti İlham Əliyevə zəng edərək "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Rusiya hava məkanında qəzaya uğramasına səbəb olan faciə ilə bağlı üzr istəyib.

Bildirilib ki, AZAL-ın təyyarəsi Braziliyada istehsal olunduğu üçün qara qutuların Braziliyaya göndərilməsi barədə qərar verilib.