İran Xarici İşlər Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatı ilə Xəzər dənizində bir gəmiyə endirdiyi zərbə nəticəsində bir nəfərin həlak olduğunu, bir nəfərin isə yaralandığını bildirib.
Sherg.az xəbər verir ki, nazirliyin bəyanatında deyilir:
"İran İslam Respublikası milli maraqlarını və təhlükəsizliyini müdafiə etmək məsələsində tərəddüd etməyəcək."
Məqalədə qeyd olunur ki, hələ yaz aylarında Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın Yaxın Şərqdəki ərəb müttəfiqlərinə hərbi yardım göstərməyə hazır olduqlarını bildirdikdən sonra Tehran Kiyevi İrana qarşı əməliyyatları dəstəkləməkdə ittiham etmiş və Ukrayna ərazisini "qanuni hədəf" adlandırmışdı. Müəllif sual edir ki, bu dəfə İran cavab addımı atacaqmı.
Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin dosenti Dmitri Yejov hesab edir ki, Ukraynanın belə addım atmasının məntiqi siyasi və informasiya effekti əldə etmək istəyindən irəli gəlir.
Onun sözlərinə görə, Kiyev iddia olunan hərbi yüklərin Rusiya ilə İran arasında daşındığı gəmilərə zərbə endirməklə ilk növbədə xarici auditoriyaya, xüsusilə də ABŞ administrasiyasına mesaj verməyə çalışır.
Yejovun fikrincə, Ukrayna bununla özünün, o cümlədən ABŞ Prezidenti Donald Tramp üçün praktik əhəmiyyətini nümayiş etdirmək istəyir.
Ekspert hesab edir ki, İran bu hadisəyə cavab verə bilər və belə bir cavab Kiyev üçün ağrılı nəticələr yaradar. O xatırladıb ki, İranın ballistik raketləri nəzəri olaraq Ukrayna ərazisinə çata bilir.
İranın həqiqətən cavab zərbəsi endirib-endirməyəcəyi ilə bağlı suala cavab verən Yejov bildirib ki, Tehran hazırda ABŞ-la münasibətlərdə sürətlə dəyişən vəziyyətlə üz-üzədir. Onun fikrincə, İran eskalasiya xarakterli hər bir addıma müəyyən formada cavab verməyə çalışacaq, lakin Ukrayna ilə bağlı cavab lokal xarakter daşıya bilər.
Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitik layihələr üzrə direktoru Mixail Neyjmakov isə hesab edir ki, Rusiya ilə İran arasında kommunikasiya marşrutlarına təhlükə yaratmaq Kiyevin maraqlarına uyğundur.
Onun sözlərinə görə, belə hücumlar hələlik Xəzər dənizində dəniz daşımalarının fəaliyyətini ciddi şəkildə dəyişəcək miqyasda deyil. Ekspert qeyd edir ki, Ukraynanın hazırda Xəzər istiqamətində pilotsuz aparatlarla genişmiqyaslı hücumlar təşkil etmək imkanları barədə qəti fikir söyləmək çətindir.
Neyjmakov hesab edir ki, məqsəd daha çox bu bölgədə zərbə endirmək imkanlarının nümayiş etdirilməsi və Rusiya ilə İran arasında dəniz əlaqələrinin intensivliyinin azaldılmasına nail olmaqdır.
ABŞ və İsrailin bu hadisədə rolunun olub-olmaması ilə bağlı suala cavabında ekspert bildirib ki, Zelenski Xəzərdəki hücumları şərh edərkən zərbə endirilən gəmilərin İrandan Rusiyaya hərbi yüklər daşıdığını iddia edib. Onun fikrincə, Kiyev bununla Rusiyanın müdafiə ehtiyacları üçün əhəmiyyətli hesab etdiyi tədarükə mane olmağa çalışıb.
Ekspert əlavə edib ki, ABŞ administrasiyası daha əvvəl Rusiyadan İrana mümkün silah tədarükü məsələsinə diqqət çəkmişdi. Donald Tramp bir müddət əvvəl Rusiya və Çin rəhbərliyi ilə bu mövzuda müəyyən razılaşmalar əldə olunduğunu iddia etmişdi.
Neyjmakov hesab edir ki, Rusiyadan İrana strateji yüklərin daşınmasının qarşısının alınması ABŞ-ın maraqlarına uyğun ola bilər. Bununla yanaşı, onun fikrincə, Ukraynanın da Rusiya ilə İran arasındakı əlaqələri zəiflətmək baxımından bu addımı atmaq üçün öz motivləri mövcud olub.
İranın indiyədək Ukraynaya birbaşa raket zərbəsi endirməməsinin səbəblərinə toxunan ekspert bildirib ki, belə hücumlar neytral dövlətlərin hava məkanından keçməyi tələb edə bilər ki, bu da əlavə diplomatik problemlər yaradar. Bundan başqa, hazırda Tehran üçün əsas prioritet ABŞ və İsraillə qarşıdurmadır, Ukrayna isə əsas təhlükə hesab edilmir.
Onun sözlərinə görə, İranın başqa formada, məsələn, diversiya xarakterli cavab tədbirlərinə əl atması da nəzəri cəhətdən mümkündür. Lakin bunun üçün əlavə insan və resurs tələb olunur ki, hazırkı şəraitdə Tehran bu resursları digər istiqamətlərdə istifadə etməyə üstünlük verə bilər.
Ekspert sonda qeyd edib ki, Tehranın Ukraynanın müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırması İranın hələlik sərt diplomatik bəyanatlarla kifayətlənə biləcəyinə işarə edir. Bununla belə, Yaxın Şərqdə İranı dəstəkləyən silahlı qrupların bölgədə ola biləcək ukraynalı hərbçilərə qarşı mümkün hücumları tamamilə istisna edilmir.