“Vaşinqtonda rəsmi Bakı kəskin mövqeyini ortaya qoydu, indi top Ermənistan tərəfindədir. ABŞ-nin iştirakı ilə yüksək səviyyədə keçirilən görüşlərdən sonra verilən bəyanatlarla Ermənistan tərəfi özünü ifşa edir”
Ermənistanın elitası ölkəni müharibəyə sürükləyir
Məsələ çox ciddidir, ancaq Azərbaycan baş verən siyasi prosesləri yaxşı dəyərləndirir
“Vaşinqtonda rəsmi Bakı kəskin mövqeyini ortaya qoydu, indi top Ermənistan tərəfindədir. ABŞ-nin iştirakı ilə yüksək səviyyədə keçirilən görüşlərdən sonra verilən bəyanatlarla Ermənistan tərəfi özünü ifşa edir”
İyunun 27-29-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində növbəti danışıqlar aparılıb. Nazirlər Vaşinqtonda olarkən ABŞ dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi və milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla da görüşüblər. Qeyd olunub ki, nazirlər və onların heyətləri arasında Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqlarda əlavə tərəqqiyə nail olunub. Saziş layihəsinin əlavə maddələri üzrə razılıq əldə edilib və Saziş layihəsi üzrə qarşılıqlı anlaşmaya doğru addım atılıb. Bununla yanaşı, bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu vurğulanıb. Həmçinin növbəti görüşlərlə bağlı razılıq əldə olunub. Blinken görüşlə bağlı açıqlamasında əldə edilmiş tərəqqiyə görə hər iki tərəfə təşəkkür edib: “Düşünürəm ki, biz nə qədər yaxınlaşsaq, razılaşmaya bir o qədər yaxınlaşacağıq. Bu səylərimizi önümüzdəki həftələrdə və aylarda davam etdirəcəyik. Avropa İttifaqındakı həmkarlarımızın ev sahibliyi ilə bir neçə həftə sonra növbəti görüşün keçirilməsi gözlənilir". Nazirlər və dövlət katibi bundan əvvəl Vaşinqtonda 1-4 may tarixlərində müzakirələr aparmışdılar. Ermənistan XİN sözçüsü Ani Badalyan bəzi məsələlər üzrə əlavə müzakirəyə ehtiyac olduğunu bildirib: “Həmin maddələr sərhədin demarkasiyası prosesi, qoşunların çıxarılması, Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi üzrə beynəlxalq mexanizmin formalaşdırılmasıdır”.
Ermənistanın “Hraparak” qəzeti yazıb ki, ABŞ Azərbaycanla sülh müqaviləsini imzalaması üçün Ermənistana təzyiq edir. Nəşr Dövlət Departamentinin Sanksiyalar üzrə Koordinasiya Bürosunun yüksəkrütbəli rəsmisi Ceyms Obraynın Ermənistana iki günlük səfərini və Qərbin anti-Rusiya sanksiyalarını pozmamaqla bağlı İrəvana çox ciddi təzyiqlər göstərdiyini xatırladıb: "İndi bu təzyiq dərinləşməyə başlayıb, çünki sanksiyalar siyasəti ilə məşğul olan Amerika qurumunun nümayəndələri artıq Ermənistana səfər edirlər. ABŞ bununla yekun nəticə əldə etməyə və Cənubi Qafqazda Rusiyanın əvəzinə sülhməramlı mövqe tutmağa çalışır. Bu həm də Qarabağ məsələsinin tam bağlanmasını, Azərbaycanın idarəçiliyinə verilməsini ehtiva edir”.
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov "Sherg.az"a bildirib ki, Ermənistan tərəfi Vaşinqtondakı görüşlərin nəticəsini təqdim edərkən öz tezislərini gündəmə gətirir. Rəsmi Bakı da cavab olaraq öz mövqeyini açıqlayır: "Dəfələrlə vurğulanıb ki, Qarabağda olan hərbi birləşmələr 10 noyabr sazişinə əsasən, ərazilərimizi tərk etməlidir. Orada Ermənistanın işğalçı administrasiyasını təmsil edən və birbaşa İrəvandan maliyyələşən proksi qurumlar buraxılmalıdır. Prezidentimizin dediyi kimi, Qarabağdakı ermənilər öz seçimini etməlidir. İstəyənlər Azərbaycan qanunlarına uyğun olaraq vətəndaşlığı qəbul edə bilərlər. Təbii ki, ilk növbədə onların Azərbaycana qarşı hansı cinayətlər törətməsi araşdırılacaq. Vətəndaşlığı qəbul etmək istəməyən ermənilər isə ərazimizdən getməlidir. Çünki Qarabağdakı ermənilərin hamısı Ermənistan vətəndaşıdır. Biz Ermənistan vətəndaşları ilə nə danışıq aparmalıyıq?! Əlbəttə, bu, mümkünsüz məsələdir. Yenə də oyunlar gedir. Ermənistan tərəfi müharibədən qabaq olduğu kimi çalışır ki, bizə özünün kənarda olduğunu göstərsin. Guya orada hansısa proksi qurum, ordu, əhali və s. var. Rusiya müxtəlif yerlərdə belə strukturlar yaradıb. Amma Ermənistanın buna hüququ, potensialı, imkanı yoxdur. Azərbaycan bunu heç vaxt qəbul etməz".
Siyasi şərhçi diqqətə çatdırıb ki, Vaşinqtonda rəsmi Bakı kəskin mövqeyini ortaya qoydu: "İndi top Ermənistan tərəfindədir. ABŞ-nin iştirakı ilə yüksək səviyyədə keçirilən görüşlərdən sonra verilən bəyanatlarla Ermənistan tərəfi özünü ifşa edir. Yaxşı başa düşürük ki, İrəvan öz mövqeyini dəyişməyib. Məhz erməniləri ifşa etmək üçün görüşlərin keçirilməsi çox vacibdir. Hətta yaxşı olar ki, təmasların nəticəsində səsləndirilən bəyanatlar açıq formada ictimaiyyətə çatdırılsın. Əgər erməni tərəfi bu qədər ağır hərbi məğlubiyyətdən sonra yeni tələblər, təkliflər irəli sürürsə, deməli, Ermənistanın elitası ölkəni müharibəyə sürükləyir. Məsələ çox ciddidir, ancaq Azərbaycan baş verən siyasi prosesləri yaxşı dəyərləndirir".
T.Zülfüqarov bir məqamı da diqqətə gətirib: "Bəzi məsələlərdə erməni təbliğatının təsiri altına düşürük. Məsələn, Qarabağda "qeyri-qanuni hərbi birləşmələr" terminindən istifadə edilir. Niyə qeyri-qanuni deyirik? Oradakı erməni hərbçilər Ermənistanın dövlət büdcəsindən maliyyələşir. Ermənistan de-fakto Azərbaycan ərazisində yerləşən öz hərbi birləşmələrini proksi şəklində təqdim edir. Əslində Qarabağdakı silahlı birləşmələr Ermənistan ordusunun hərbçiləridir. Onların maliyyəsi, texniki və hərbi təminatı, kadr təminatı və rotasiyası, idarəetmə sistemi birbaşa Ermənistan Müdafiə Nazirliyi tərəfindən idarə olunur. Eyni zamanda Qarabağda özünü “prezident”, “nazir” və s. statuslarla təqdim edən “klounlar” da Ermənistandan maliyyələşən dövlət qulluqçularıdır. Məsələn, "Qarabağdakı separatçı rejim" deyilir. Separatizm beynəlxalq təcrübəyə əsasən, milli qrupun öz müqəddəratını təyinetmə prinsipini nəzərdə tutan siyasi hərəkatdır. “Ermənistanın ilhaqçı siyasəti”, “işğal strukturları” və s. terminlərin işlədilməsi daha düzgün olar. Nikol Paşinyan tez-tez rəsmi Bakıya çağırış edir ki, "Qarabağdakı ermənilərlə danışın". Biz kimlə danışmalıyıq?! Maaşını Ermənistandan alan məmurlarla danışmalıyıq?".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da bildirib ki, Moskva və Brüssel görüşlərindən fərqli olaraq, Vaşinqtonda tərəflər arasında müzakirələr 3 və ya 4 gün çəkir. Ekspertə görə, bu, Vaşinqtondakı görüşlərdə bütün detalların müzakirəsi ilə bağlıdır:
"Sülh sazişinin imzalanmasına mane olan xeyli detal var. Azərbaycanla Ermənistan arasında 3 - sülh sazişi, sərhədlərin müəyyənləşməsi və nəqliyyat dəhlizinin açılması ilə bağlı sənəd imzalanmalıdır. Vaşinqton bu 3 sənəddən yalnız sülh sazişinin imzalanması üzərində çalışır. Çünki bu sənəd imzalansa, sərhədlərin müəyyənləşməsi və dəhlizin açılması asanlaşacaq. Nəqliyyat dəhlizinin açılması Vaşinqtonu sülhün əldə olunması qədər maraqlandırmır. Nəqliyyat dəhlizinin açılması daha çox Türkiyənin, Çinin və Rusiyanın maraqlarına cavab verir. Vaşinqtonun bu 3 dövlətlə münasibətlərində gərginliklər və suallar var. Buna baxmayaraq, Vaşinqton Azərbaycanla Ermənistan arasında bütün kommunikasiya xətlərinin açılmasının da tərəfdarıdır. Sadəcə, Vaşinqton bunun üçün diplomatik fəallıq göstərmir. Entoni Blinken danışıqlarda irəliləyiş əldə olunduğunu bildirsə də, yekun sənədin imzalanması üçün çox işin olduğunu vurğulayıb. Blinken yekun sənədə yeni razılaşdırılmış bəndlərin daxil ediləcəyini söyləyib. Dövlət katibi bu bəndlərin nədən ibarət olduğunu söyləməsə də, bunun Bakının Qarabağ erməniləriylə dialoquna aid olduğunu ehtimal etmək olar. Rəsmi Bakı Qarabağ erməniləriylə dialoqun tərəfdarıdır, onlar bir neçə dəfə Bakıda görüşə dəvət olunublar. Ancaq Qarabağ erməniləri Bakıya gəlməkdən imtina ediblər. Buna baxmayaraq, Qarabağa status mövzusu müzakirə olunmayacaq. Bakı bu mövzunu heç bir dövlətlə müzakirə etməyəcək”.