"Azərbaycan yerləşdiyi coğrafi mövqe reallığını perspektiv kimi dəyərləndirərək onu imkan və fürsətlərə çevirir"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib. Ölkə başçısı müsahibəsində Azərbaycanın həm qlobal şəhərsalma, həm də enerji təhlükəsizliyi sahəsində artan rolundan danışıb. Dövlət başçısı bildirib ki, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakıda keçirilməsi Azərbaycana olan beynəlxalq etimadın göstəricisidir. Müsahibədə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində strateji tərəfdaş kimi mövqeyinə də toxunulub. Xüsusilə vurğulanıb ki, mövcud geosiyasi reallıqlar, enerji böhranı və alternativ mənbələrə artan tələbat fonunda Azərbaycanın enerji siyasəti artıq regional çərçivədən çıxaraq qlobal əhəmiyyət daşıyan amilə çevrilib.
İlham Əliyev qeyd edib ki, Cənub Qaz Dəhlizi vasitəsilə hazırda 16 ölkəyə qaz ixrac olunur və Avropadan Azərbaycan qazına maraq getdikcə artır. Dövlət başçısı Cənub Qaz Dəhlizinin, TANAP və TAP boru kəmərləri sisteminin Avropa üçün strateji əhəmiyyətini xüsusi vurğulayıb. Xəzər hövzəsini Avropa bazarı ilə birləşdirən bu enerji arteriyası vasitəsilə Azərbaycan qazının çatdırıldığı ölkələrin sayının davamlı şəkildə artması rəsmi Bakının Avropa enerji bazarında mövqelərinin daha da gücləndiyini göstərir. Bu proses Azərbaycanın artıq ayrı-ayrı dövlətlərlə deyil, bütövlükdə Avropanın enerji təhlükəsizliyi sistemi ilə inteqrasiya olunduğunu nümayiş etdirir.
Milli Məclisin deputatı Azər Badamov Sherg.az-a açıqlamasında bildirib ki, enerji və nəqliyyat marşrutlarının şaxələndirilməsi bu gün hər bir ölkənin yürütdüyü siyasətin mərkəzində dayanır. O qeyd edib ki, prosesə nəzər yetirdiyimiz zaman bu, tələb və təchizat tərəfi olmaqla iki əsas səviyyədə həyata keçirilir:
“Təchizat tərəfində əsas enerjinin uzunmüddətli təchizatının təmin edilməsidir. Burada diqqət həmçinin təchizatçıların və neft və qazın şaxələndirilmiş strukturuna yönəlib. Tələb tərəfində, qeyri-sabit bölgələrdən, xüsusən də Rusiyadan tədarükdən asılılığın aradan qaldırılması üçün əsas çətinlik olaraq qalan müəyyən enerji növlərinin, xüsusən də neft və təbii qazın istehlakını azaltmaq üçün də səylər göstərilir. İqtisadi baxımdan mühüm lokallaşdırma amili ölkələrin enerji intensivliyində gizlidir. Siyasi element kimi təchizatçı bölgələrdəki siyasi və təhlükəsizlik vəziyyəti və dünyada baş verən cari geosiyasi inkişaflar enerji axınlarının ərazi strukturunda əhəmiyyətli rol oynamağa davam edir. Enerji mənbələri təchizatçılarının şaxələndirilməsi ilə birlikdə Avropada həm də enerjiyə qənaət edən iqtisadiyyat konsepsiyaları yaradılır. Yəni, bütövlükdə bütün regionlar bir sıra yollar axtarışındadır. Mövcud inkişaf və gələcək proqnozları dəyərləndirərkən, xüsusən də iqtisadi potensialın Asiya kimi sürətlə böyüyən bölgələrə keçdiyi bir vaxtda qlobal iqtisadiyyatdakı dəyişikliklər hər bir ölkəyə təsir edir. Buna görə də enerji resurslarının sabit və təhlükəsiz təchizatının təmin edilməsi hazırda dövlətlərin əsas vəzifələrindən biridir. Dövlətlər neft və təbii qaza diqqət yetirməklə enerji axınlarında sadəcə iqtisadi deyil, siyasi təhlükəsizlik təhlilləri də aparırlar. Bu baxımdan da cənab Prezident İlham Əliyev bildirir ki, "Diplomatiya olmadan biz öz ehtiyatlarımızı bazarlara çıxara bilməzdik". Çünki xüsusilə də mövcud durumda beynəlxalq münasibətlərin bir aləti kimi diplomatiya son dərəcə mühüm əhəmiyyət kəsb edir. Həqiqətdir ki, cənab Prezident İlham Əliyev bunun öhdəsindən son dərəcə uğurla gəlir. Azərbaycan həm hüquqi yollar müəyyən edir, həm də qlobal miqyasda hər cür yardım təklif etmək və almaq imkanı yaradır. Marşrutlar təhlükəsizlik və etibarlılıq prizmasından dəyərləndirilir. Azərbaycan beynəlxalq səviyyədə təmsil olunduğundan, aclıq, müharibə, siyasi və iqtisadi qeyri-sabitlik və digər çətinliklər yarandıqda mövqeyimizdə heç bir dəyişiklik olmur”.
Hörmüz boğazı ətrafında artan risklər və su yolu ilə daşınmaların gecikməsinin logistika sistemində zəncirvari effekt yaratdığını xatırladan deputat qeyd edib ki, Orta Dəhliz daha öncə alternativ olaraq dəyərləndirilirdisə, indi zərurətdir. Azərbaycan isə bu yolda mərkəzdə dayanır:
“Dəhliz coğrafiyası genişləndikcə bu gün Azərbaycan təkcə enerji əlaqələrinin mərkəzi kimi deyil, eyni zamanda dialoq və ideyalar üçün qlobal bir platforma olaraq görülür. Azərbaycan yerləşdiyi coğrafi mövqe reallığını perspektiv kimi dəyərləndirərək onu imkan və fürsətlərə çevirir. Region ölkələri ilə yürütdüyü siyasətlə, açdığı yeni səhifə ilə, ötürdüyü yüklərlə, illər ərzində digər region ölkəsinə böyük layihələrdə qazandırdığı tranzit rolu imkanı ilə bu təcrübəni genişləndirir, doğru və strateji yol müəyyənləşdirməklə onu qonşu ölkələlərə də ötürür. İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı işlər görülür. Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, ən müasir texnologiyalar tətbiq olunur. Azərbaycan dünya iqtisadiyyatının qloballaşması kontekstində milli iqtisadiyyatlara birbaşa xarici investisiyaların cəlb edilməsi tendensiyalarını müəyyən edir. İstehsalın beynəlmiləlləşməsi və investisiya əməkdaşlığının inkişaf mərhələsi kimi qloballaşmaya inteqrasiya olunmuş yeni yanaşmalar, sistemli yanaşma tətbiq olunur. Mübadilə və istehsalın beynəlmiləlləşməsinin müxtəlif mərhələlərində birbaşa xarici investisiyaların yolları axtarılır. Bu baxımdan ikitərəfli və çoxtərəfli kontekstdə geniş əməkdaşlıq imkanları qurulur”.