Qarabağda tarixi dönüş: “Böyük Qayıdış”la yeni həyat başlayır - ŞƏRH

Şuşa, Xankəndi və Xocalıya səfər həm də Azərbaycanın bölgədə yaratdığı yeni reallığın nümayişi idi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb.

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlət başçısına görülmüş işlər barədə məlumat verib.

Prezident daha sonra Byük Qaladərəsi kəndinə qayıdan sakinlərlə görüşüb. Ölkə başçısı qeyd edib ki, Qarabağa dönüş xalqın iradəsi, dövlətin gücü və Ordunun qələbəsi sayəsində mümkün olub. Prezident həmçinin vurğulayıb ki, Azərbaycan tam müstəqil siyasət aparan dövlətdir və 2020-ci il Vətən müharibəsi ilə 2023-cü il antiterror əməliyyatı ölkənin nüfuzunu daha da artırıb. Dövlət başçısı keçmişdəki hakimiyyət çəkişmələrinin torpaq itkisinə səbəb olduğunu, lakin Azərbaycanın sonradan güclənərək torpaqlarını azad etdiyini deyib. İlham Əliyev həmçinin bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin dünyada analoqu yoxdur və köçkünlərin doğma yurdlarına qayıdışı bundan sonra da davam edəcək.

Prezidentin Müstəqillik günündə Şuşa, Xankəndi və Xocalıya səfərini şərh edən Milli Məclisin deputatı Nigar Məmmədova Sherg.az-a açıqlamasında bildirib ki, dövlət başçısının Böyük Qaladərəsi kəndinə qayıdan sakinlərlə görüşü, Azərbaycanın müstəqilliyi, suverenliyi barədə səsləndirdiyi fikirlər ölkəmizin keçdiyi şərəfli yolun mahiyyətini bir daha nümayiş etdirib.

Prezident İlham Əliyevin milli bayramlarımızı doğma Qarabağ torpağında qeyd etdiyini xatırladan deputatın sözlərinə görə, bu, uzun illərin həsrətindən sonra əldə olunmuş böyük xoşbəxtlik və tarixi ədalətin bərpasıdır: “ Dövlət başçımızın da qeyd etdiyi kimi, vaxtilə tamamilə dağıdılmış kəndlərdə artıq yeni evlər tikilir, yollar çəkilir, infrastruktur qurulur və insanlar doğma yurdlarına qayıdırlar. Cənab Prezidentin çıxışında diqqət çəkən əsas məqamlardan biri də Azərbaycanın müstəqilliyi ilə bağlı idi. Dövlət başçısı bildirdi ki, əsl müstəqillik yalnız öz siyasətini sərbəst şəkildə həyata keçirən dövlətlərə məxsusdur: “Biz, sözün əsl mənasında, müstəqil dövlətik. Çünki öz taleyimizi özümüz həll edirik”. Bu, Azərbaycanın son illərdə həyata keçirdiyi siyasi kursu xarakterizə edir. Prezident İlham Əliyev 1990-cı illərin əvvəllərində ölkədə yaşanan siyasi böhranı və hakimiyyət uğrunda mübarizənin ağır nəticələrini də xatırladıb.Hansı ki, həmin dövrdə milli maraqlar arxa plana keçmiş, nəticədə Şuşa, Laçın və digər bölgələr işğala məruz qalmışdı. Azərbaycan sonrakı illərdə iqtisadi, hərbi və diplomatik gücünü artıraraq tarixi Zəfərə hazırlaşdı.

2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə keçirilən uğurlu antiterror əməliyyatı nəticəsində Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etdi. Müzəffər Ali Baş Komandan bu zəfərin xalqın birliyi, Ordunun gücü və şəhidlərimizin qəhrəmanlığı hesabına əldə olunduğunu vurğuladı: “Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir””.

N. Məmmədova qeyd edib ki, səfər zamanı dövlət başçımızın diqqət çəkdiyi digər mühüm məsələ isə azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri olub: “Cəmi bir neçə il ərzində dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, yolların, tunellərin, yaşayış məntəqələrinin tikilməsi Azərbaycanın iqtisadi imkanlarının və dövlət idarəçiliyinin gücünü göstərir. Dövlət başçımız da vurğuladı ki, bütün bu işlərin əsas məqsədi insanların rahat və təhlükəsiz şəkildə doğma torpaqlarında yaşamasını təmin etməkdir.

Şuşa, Xankəndi və Xocalıya səfər həm də Azərbaycanın bölgədə yaratdığı yeni reallığın nümayişi idi. 

Burada istifadəyə verilən yeni müəssisələr isə dayanıqlı məşğulluq mühiti formalaşdırı. Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı Qarabağda iqtisadi dirçəlişin və sosial reinteqrasiyanın mühüm mərhələlərindən biridir. Müəssisənin fəaliyyətə başlaması sənaye istehsalını genişləndirməklə yanaşı, bölgədə sosial rifahın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Eyni zamanda Xocalıda “Qarabağ Tekstil Evi” MMC-nin fəaliyyəti burada iqtisadi həyatın bərpasının, əhalinin məşğulluğunun artırılmasının nümunəsidir. Bu cür layihələr Qarabağın uzunmüddətli inkişaf strategiyasının əsas tərkib hissəsi olmaqla yanaşı, bölgənin yenidən ölkənin mühüm sənaye və iqtisadi mərkəzlərindən birinə çevrilməsinə xidmət edir. Bu, Qarabağda sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin yaradıldığını nümayiş etdirir. Belə təşviq mexanizmləri yeni investorların bölgəyə marağını artırır və yeni iş yerlərinin açılmasını sürətləndirir.

Bu gün Qarabağda Azərbaycan bayrağı dalğalanır, həyat yenidən canlanır, insanlar öz doğma evlərinə qayıdırlar. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi,“bundan sonra bizi heç kim buradan tərpədə bilməz”.

Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən layihələr göstərir ki, Qarabağ və Şərqi Zəngəzur regionun ən inkişaf etmiş və müasir məkanlarından birinə çevrilir”.