SON DƏQİQƏ | Vaşinqton “razılaşdıq” dedi, Tehran təkzib etdi

ABŞ və İran arasında 60 günlük “atəşkəs və nüvə razılaşması” əldə edildiyi iddiası dünyada böyük rezonans doğurmuşdu. Vaşinqton mənbələri razılaşmanı təsdiqləyərək son qərarın Prezident Trampa aid olduğunu bildirsə də, Tehrandan təkzib gəldi.

Sherg.az xəbər verir ki, İranlı rəsmi ABŞ mediasında yayılan xəbərlərin doğru olmadığını bildirərək, “Mətn hələ tamamlanmayıb” dedi. Digər tərəfdən, Fars Xəbər Agentliyi İran Silahlı Qüvvələrinin ölkənin cənubunda raket hücumlarına başladığını açıqladı.

İran mediası, ABŞ və iranlı danışıqlar heyətləri arasında atəşkəsin uzadılması və İranın nüvə proqramı ilə bağlı danışıqların aparılması məqsədilə 60 günlük razılıq əldə edildiyinə dair ABŞ mətbuatında yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

“Tesnim” Xəbər Agentliyinə danışan və adı açıqlanmayan İran rəsmisi bildirib:

“Bəzi Qərb mənbələrinin İran ilə ABŞ-ın terrorçu rejimi arasında guya "memorandum mətninin" tamamlandığı və yalnız tərəflərin açıqlamasının gözlənildiyi barədə iddiaları doğru deyil və mətn hələ yekunlaşmayıb.”

İranlı rəsmi əlavə edib ki, memorandum yekun formaya salınarsa, İran danışıqların vasitəçisi olan Pakistana və ictimaiyyətə məlumat verəcək.

İranın yarımrəsmi “Fars” Xəbər Agentliyinin məlumatına görə isə bildirilib:

“Bir neçə dəqiqə əvvəl İran Silahlı Qüvvələri ölkənin cənub bölgələrindən müəyyən hədəflərə raket zərbələri endirib. Bu raketlərin dəqiq hədəfi hələ məlum deyil, lakin bəzi mənbələr Fars körfəzi sularında qarşıdurma ehtimalından danışır.”

Məlumatda həmçinin Büşehr və Hörmüzqan vilayətlərində partlayış səslərinin eşidildiyi barədə xəbərlərin hələ təsdiqlənmədiyi vurğulanıb.

Digər tərəfdən, İran Ordusunun Hava Hücumundan Müdafiə Komandanlığının Nəzarət Mərkəzi Bəndər-Abbas şəhərində partlayış baş verdiyinə dair xəbərləri təkzib edib:

“Bu ana qədər Bəndər-Abbasda heç bir partlayış baş verməyib.”

Açıqlamada partlayış səslərinin dənizdən gəldiyi və donanma ilə koordinasiya qurmadan Hörmüz boğazından keçməyə çalışan gəmilərə xəbərdarlıq atəşi açıldığı bildirilib.

İran ilə ABŞ arasında Hörmüz boğazı yaxınlığında səhər saatlarında da qarşıdurmalar yaşanmışdı. İran dövlət televiziyası ölkənin cənubundakı Bəndər-Abbasın şərqindən üç partlayış səsinin eşidildiyini açıqlamışdı.

ABŞ ordusu isə bölgədəki ABŞ qüvvələri və ticari dəniz nəqliyyatı üçün təhlükə yaratdığı iddiası ilə İranın cənubundakı hərbi bölgəyə hava hücumu təşkil etdiyini bəyan etmişdi.

İran İnqilab Keşikçiləri Korpusu da ABŞ-nin Bəndər-Abbas hava limanı yaxınlığındakı bir nöqtəyə etdiyi hücumdan sonra həmin hücumun həyata keçirildiyi ABŞ hərbi bazasının vurulduğunu açıqlamışdı.

İran mediasında hərbi mənbələrə istinadən yayılan xəbərlərə görə, İran ordusunun hava müdafiə sistemləri Büşehr yaxınlığında ABŞ-a məxsus pilotsuz uçuş aparatına (PUA) müdaxilə edib.

“Tesnim” Xəbər Agentliyinin məlumatına əsasən, İran ordusu ölkənin cənubunda aşkar edilən PUA-nı zərərsizləşdirmək üçün raket buraxıb.

İranın Cəm şəhərinin valisi Məsud Təngistani isə bölgədə eşidilən partlayış səslərinin bu hadisə ilə əlaqəli olduğunu bildirib:

“Bu gecə baş verən hadisə düşmənə məxsus hava vasitəsinin məhv edilməsindən qaynaqlanırdı. Hazırda şəhərdə vəziyyət normaldır.”

Son hadisələr fonunda Hörmüzqan və Büşehr vilayətlərində partlayış səslərinin eşidildiyi iddia olunmuşdu. Başqa xəbərlərdə isə İran Silahlı Qüvvələrinin ölkənin cənubundan müəyyən hədəflərə raket hücumları başladığı bildirilmişdi. Müxtəlif mənbələr bu raketlərin İranın Hörmüz boğazındakı qaydalarını pozduğu iddia edilən gəmilərə xəbərdarlıq məqsədli atəş olduğunu irəli sürüb.

AA müxbirinin sualını cavablandıran ABŞ rəsmisi “Axios” platformasında yayılan və iki ölkə arasında razılaşma əldə edildiyini bildirən xəbəri təsdiqləyib.

Rəsmi bildirib ki, ABŞ və İran nümayəndələri atəşkəsin uzadılması və İranın nüvə proqramı ilə bağlı danışıqların başlanmasını nəzərdə tutan 60 günlük memorandum mətni üzərində razılığa gəliblər. Lakin Prezident Tramp hələ yekun təsdiq verməyib.

“Axios”un iki ABŞ rəsmisinə istinadən yaydığı xəbərə görə, memorandum mətni üzrə razılıq çərşənbə axşamı əldə olunub və hazırda tərəflərin liderləri prosesi qiymətləndirirlər.

Həmin rəsmilər İranın daha sonra “razılaşmanı imzalamağa hazırıq” mesajı göndərdiyini iddia etsələr də, Tehran bu iddianı təsdiqləməyib.

Əgər sözügedən memorandum imzalansa, Hörmüz boğazı heç bir məhdudiyyət olmadan ticari gəmilərin keçidinə açılacaq.

Bunun müqabilində isə ABŞ İran limanlarına tətbiq etdiyi dəniz blokadasını ləğv edəcək.