"İki ay ərzində uşağın niyə tapılmaması ayrıca təhqiqat materialıdır" - Mehriban Zeynalova 



Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanılıb.

Bu məlumatı Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov özünün “Facebook” profilində paylaşıb. Yanvarın 6-da azyaşlının Dondar Quşçu kəndi ərazisində yanmış meyitinin aşkar olunması ilə əlaqədar dərhal Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin təcrübəli əməkdaşları Tovuz rayonuna ezam olunublar.

Hazırda iş üzrə cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova “Şərq.az”a açıqlamasında kənd camaatı ilə əlaqə saxladığını bildirdi: 

“İlk növbədə onu deyim ki, tibbi ekspertizanin nəticəsini gözləməliyik. Ehtimallar, şübhələr çoxdur. Mənim ehtimalım ərazi baxımından iki istiqamətdə dayanır. Biri, qısasçılıq. İkinci, seksual zorlanma. Amma kənd camatı sayiə yayıb ki, guya uşağı maşın vurub. Aparıb sağaltmaq istəyiblər, amma uşaq dunyasını dəyişib deyə, belə edilib gece vaxtı. Amma maşın vuranı niyə yandırsınlar? Odur ki, ekspertizanın nəticəsini gözləyək”.

M.Zeynalova əlavə edib ki, yandırmaq nəyinsə izini itirməyə çalışmaqdır. Tibbi ekspertiza ölüm faktının hansı vaxt baş verdiyini dəqiq deyəcək. 

Ola bilər uşaq itkin düşdüyü vaxtdan həyatını itirib. Belədə bədəndə çürümə başlamalıydı artıq. İki ay uzun müddətdir. Əlbəttə, iki ay ərzində uşağın niyə tapılmaması, axtarışların niyə, hansı səbəblərdən uğursuz olması da ayrıca təhqiqat materialıdır. Ailə, qohumlar axtarışlara cəlb edilibmiş, onlar sorğu-sual olunubmuş, ya yox, bütün bu məsələlər araşdırılmalıdır. 
10 yaşlı qızın dəhşətli ölümündə ruhi xəstənin şübhəlilər sırasında olmasına gəlincə, M,Zeynalova kənd camaatının xəstələri də, sağlamlam insanları da yaxşı tanıdığını dedi və rayon əhalisi ilə danışıqlara başladığını bildirdi.