İntiharın yaşı yoxdur! –  Cavan da, qoca da buna əl atır - Səbəblər və çıxış yolları...

Fərqanə  Mehmanqızı:“ İnsanlar nəinki digər insanları, həmçinin özlərini dinləyə bilmirlər”

Rövşən Nəzərli:“Koronavirus pandemiyası iqtisadi vəziyyət və müharibə orta yaşlı insanlarda psixoloji gərginliyə səbəb oldu. Bu da intiharlara gətirib çıxarır”

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə hər il orta hesabla 800 min insan öz həyatına son qoyur. Bütün dünyada müxtəlif üsullarla bunun qarşısı alınmağa çalışılsa da, intihar hadisələri davam edir. Son zamanlar Azərbaycanda da analoji hallar artır. Statistikalara əsasən deyə bilərik ki, intihar dünyada daha çox 15-19 yaşlı gənclər arasında baş verir.  Lakin son günlərdə Azərbaycanmda orta və müdirklik yaşına çatmış insanların ardıcıl intihar xəbərləri ilə rastlaşırıq.

“Sherg.az” xəbər verir ki, elə bu gün Ağdam sakini, 65 yaşlı Rüstəmov Bakir Əli oğlu yaşadığı həyətdə yardımçı tikilidə özünü asıb. Dünən isə paytaxtda 2 intihar hadisəsi qeydə alınıb. Paytaxt sakini 44 yaşlı Rövşən Süleymanov həyətdə özünü asaraq intihar edib. Digər intihar hadisəsi Nəsimi rayonundabaş verib.47 yaşlı Oqtay Zeynalov 19 mərtəbəli binanın dördüncü mərtəbəsindən özünü ataraq həyatına son qoyub. Son 2 gün ərzində 3 orta yaşlı şəxsin intiharı cəmiyyətdə ciddi suallar doğurur. 

Məşhur bir aforizmdə deyilri: İntihar edən insan əslində ən çox yaşamağı istəyən insandır. Bəs, Azərbaycanda intihar edən şəxslər kimlərdir və hansı səbəblərə görə bu yola əl atırlar?

Bunun səbəbləri barədə “Sherg.az”a danışan psixoloq, psixoterapevt Fərqanə  Mehmanqızı bildirib ki, intiharın əsl səbəbləri daxildə yatır:

 “Özgüvənsizlik, asosiallıq vəgərəksiz eqo və.s gənclərdə daha çox rast gəlinən elementlərdir. Bunların yaranmasında əsas səbəb ailə faktorudur. Bilirik ki, şəxsiyyətin formalaşması uşağın ətrafındakı insanların ona qarşı münasibətindən asılıdır”.

F.Mehmanqızı hesab edir ki, intihar hadislərində yaşın fərqi yoxdur:

“Hər yaş dövründə baş verən intiharın əsas səbəbi daxildən gəlir.”

Psixoloq diqqətə çatdırıb ki, intihar mərhələsində olan insanlara yardım edə bilərik:

“Bu günlərdə empatiya bacarığı aşağı düşüb. Həmçinin insanlar arasında dinləmə bacarığı da azalıb. İnsanlar nəinki digər insanları, həmçinin özlərini dinləyə bilmirlər”.

Psixoloq Rövşən Nəzərli isə düşünür ki, koronavirus pandemiyası iqtisadi vəziyyət və müharibə orta yaşlı insanlarda psixoloji gərginliyə səbəb oldu. Bu da intiharlara gətirib çıxarır:

“Bunu da bilmək lazımdır ki, intihar edən şəxs sadəcə öz həyat yoluna son qoymuş olmur. İntihar hadisəsi həmin şəxsin yaxınlarına və yaxud bu kimi xəbərləri oxuyan digər insanlara da təsir göstərə bilir. 
Keçən il ABŞ-da dərc edilmiş bir məqalədə deyilir ki, araşdırmalara görə, hər bir intihar hadisəsi ortalama 135 nəfər insana təsir göstərir. Bu yerdə deyə bilərik ki, intihar çətinlik və dərdləri sizdən uzaqlaşdırmır, onu başqa birinə ötürür”.

Çimnaz Şahlar