Millət vəkili təəccüb edir

"3 il təcrübəsi olanlar hakim təyin olunur"

“Məhkəmə Hüquq Şurasına hökumətin üzvü sədrlik edir. Mənim Fikrət Məmmədova böyük hörmətim var, lakin ölkədə hakimiyyət bölgüsü varsa, buna əməl edilməlidir. Məhkəmə Hüquq Şurasına hakim rəhbərlik etməlidir”. Bu sözləri Milli Məclisin dünənki iclasında millət vəkili Qüdrət Həsənquliyev deyib. Deputat hesab edir ki, Fikrət Məmmədov da, digər hökumət üzvləri də şuranın iclaslarına qatıla bilər. 

Parlament üzvü təcrübəsiz hakimlərin Apelyasiya Məhkəməsinə hakim təyin edilməsinə də qarşı çıxıb: “Sınaq müddətinə təyin edilmiş hakimlərin birdən-birə Apelyasiya Məhkəməsinə hakim təyin edilməsinə təəccüb edirəm. Bu, ədalətsiz təyinatdır. Səkkiz nəfərin heç birini tanımıram. Onlar haqqı çatan həmkarlarının haqqına girirlər. Qanunda göstərilən 5 il təcrübə tələbinə sahib deyillər. Cəmi 3 il təcrübələri var. İnsanda yeganə keyfiyyət müdriklikdir ki, o da yaşla əlaqəlidir. Təcrübəsi 5 ildən artıq olan hakimlərin təyinatı daha düzgün olardı. Hər kəs vəzifəsinin artmasını istəyir. Amma bunun birdən-birə olması anlaşılmazdır”.