Göbək rəqsi oynayan müəllimə işdən qovuldu

 “Rəqs etmərəm daha...” 

Misirli müəllimə gəmi gəzintisi zamanı rəqs etdiyinə görə işdən qovulub. BBC Türkcə xəbər verir ki, Aya Yousef adlı müəllimə Nil çayıyla üzən bir gəmidə keçirilən sosial tədbirə qatılıb. Bu sırada müəllimə gəmidəki ziyarətçilərdən bir neçəsi ilə, onlar arasında kişilər də var, rəqs edib. Onun rəqsi başqa bir həmkarı tərəfindən videoya çəkilib və sosial şəbəkədə yayılıb. 

“Fırtına” da bundan sonra qopub. Nil Deltasındakı Dakahlia Valiliyində bir neçə ildir ərəb dili müəllimi işləyən qadın işdən çıxarılıb. Bu da qadın haqları müdafiəçiləri ilə mühafizəkar təbəqə arasında mübahisələrə yol açıb. İşdən qovulan müəllimə peşman olduğunu dilə gətirib və “Nildəki gəmidə keçirdiyim 10 dəqiqə həyatımı qaraltdı. Bir daha əsla rəqs etməyəcəm”, deyib. Müəllimənin hətta intihar etmək istədiyi də xəbər verilir. Qərbyönümlülər müəlliməni müdafiə etdikləri halda, mühafizəkarlar bu hərəkəti unatcverici adlandırır. Twitter istifadəçilərindən biri “bu, ağır zamanlar keçirdiyimizin sübutudur. Hər şeyə izn var...” yazıb. Bir başqası isə “Misirdə təhsilin səviyyəsi düşdü”, yazıb.

 Qadın haqları müdafiəçiləri isə müəllimənin yersiz qurban edildiyini bildirir. Bir məktəb müdiri isə Aya Yousefə dəstək məqsədilə qızının toyunda rəqs edərkən çəkilmiş fotosunu paylaşıb. Misir Qadın Haqları Mərkəzi başqanı doktor Nihad Abu-Qumsan isə işdən çıxarılan müəlliməyə öz ofisində iş təklif edib. Həm də müəllimənin hüquqlarını məhkəmədə qoruyacaqlarını bildirib. Görünür, bu hərəkətlilik Misir Təhsil Nazirliyini geri çəkilməyə məcbur edib. 

Aya Yousef başqa bir məktəbə müəllim göndərilib. A.Yousef işdən çıxarılmasına qarşı hazırladığı şikayət ərizəsində “şagirdlər önündə rəsq etmədim” deyərək özünü müdafiə edib. Həmçinin videonu çəkib yayanı məhkəməyə verəcəyini deyib.