On gün əvvəl avtomobilində kanalda batan şəxsin meyiti tapılıb

On gün əvvəl yol qəzası nəticəsində Xızıda kanalda batan şəxsin meyiti tapılıb.

Sherg.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, yanvarın 8-də Xızı rayonunun Sitalçay kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobil ilə birlikdə Taxtakörpü-Ceyranbatan su kanalına düşən 1975-ci il təvəllüdlü İbrahimov Hekayət Səfər oğlunun axtarışları başa çatıb.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən H.İbrahimovun meyiti su kanalındakı mürəkkəb hidrotexniki qurğunun (düker) içərisində aşkarlanaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.