Ən çox zərbəni evdəki uşaqlar alır


Kişinin qadına qarşı şiddəti həm də onun keçmişi ilə bağlıdır

   Bakıda nişanlısının döydüyü gənc qızın hər iki qolu sınıb. 27 yaşlı İsmayılova Cəmilə İsmayıl qızı təcili tibbi yardımla xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki qolun mil sümüyünün sınığı diaqnozu qoyulub. 
Hadisənin təfərrüatı araşdırılır. 

   Son zamanlar qadın zorakılığı hallarının sayının artdığının şahidi oluruq. Qadınlar qarşı cinsin nümayəndələrinin şiddətinə məruz qalırlar, təhqir olunurlar. Bu da ailə daxilində fərdlərin inkişafına mənfi təsir göstərir.  Cəmiyyətin sağlam bir üzvü olma rolundan çıxır. Gələcəyimiz bu günün gənclərinin əlindədir. Onlar da ailədə travmalarla böyüyərlərsə, düzgün düşüncəli gələcəkdən söhbət gedə bilməz. Hazırda elmin, texnikanın sürətlə inkişaf etdiyi bir zamanda təəssüf ki, belə situasiyalar yaranır. Media qadınlara göstərilən fiziki, mənəvi şiddətə qarşı daim mübarizəsini davam etdirir. Təbliğatını genişləndirir. Maarifləndirici verilişlər təqdim olunur, məqalələr yazılır. Yetər ki, artıq sosial şəbəkələrdə, mətbuat orqanlarında belə xəbərlərlə qarşılaşmayaq. 

Psixoloq Orxan Şəfizadə "Şərq"ə açıqlamasında bildirib ki, əksər hallarda bizə müraciət edən şəxslərin şiddətlə bağlı problemlərinin mənbəyində kişinin öz xarakterini büruzə verməyi dayanır: 

"Bəzən bir insanın həyatındakı qadın kişini aşağılayıb, alçaldanda həmin şəxs psixoloji cəhətdən zərbə alır. Yaxud da həddən ziyadə qarşı cinsə qarşı sevgi hissi bəsləyirlər. Özlərini qadın üçün fəda edirlər. Sevgi göstərdiyi insanın şəxsi alçaltması nəticəsində o, travma alır. Ümumiyyətlə, kişilərdə təməldən özünə inam olmur. Qadınların cazibəsi olduğu üçün özgüvənə ehtiyac duymurlar. Kişilərdə isə belə deyil. Hər qadın istənilən kişini cəlb edə bilər. Travma aldıqdan sonra həyatına yeni insan qəbul etdikdə bir növ intiqam hissləri baş qaldırır. Davranış ilə xanımı aşağılayır, əzir, sındırır. Qarşısındakı insana əvvəlki həyatında yaşadığı rəftarı sərgiləyir. Belə olduğu halda eqoizm yaranır. Artıq heç bir hissdən, duyğudan söz getmir. Özünü isbat etmək üçün qadınlardan şiddətlə qisas alır. Bundan başqa, aqressiyaya meyilli, sadist tipli insanlar var. Hətta özlərinə belə ziyan vura bilirlər". 
O.Şəfizadə bunu da əlavə edib ki, insan ruhu iki istiqamətə - aqressiya və xoş rəftara meyillidir:
"Uşaq görür ki, ata ananı döyür, vurur, baba nənəyə şiddət göstərir. Bu tip uşaqlar iki cür böyüyür. Birinci halda ailəsində gördükləri davranışlardan nəticə çıxarır. Öz ailəsindəki üzvlərə qarşı bu hərəkətlərə yol vermir. Yaxud da əksinə, ailədaxili nəzakətsizliyi görüb, davam etdirirlər. Eyni metodikanı tətbiq etməyə başlayırlar. Təəssüf ki, əksər hallarda insanlar dərs götürmür. Bütün kişilərin bugünkü rəftarı onun keçmişi ilə əlaqəlidir". 

Sücayət Mehti