Azərbaycanda qida zəhərlənməsindən ölüm halları gizlədilir: “2 manata kolbasalar...”

Saatlı rayonunda uşaq zəhərlənib. Zəhərlənən M.F. 2013-cü il təvəllüdlüdür. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.  İlkin ehtimala görə, azyaşlı qız kolbasadan zəhərlənib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, son illər qidadan zəhərlənmələr artıb. Bu, məhsulun istifadə müddətinin bitməsi, keyfiyyətsiz tərkibə malik olması, saxlanma şəraiti və s. ilə əlaqədardır. Kimdir müqəssir? İstehlakçı ərzağın hazırlanmasını görmür, üzərindəki məlumatlara fikir vermir və ya anlamır. Aidiyyatı qurum və istehsalçılar öz səlahiyyətlərini düzgün yerinə yetirmirlər. 

İllərdir ki, bu cür halların baş verdiyini “Sherg.az”a açıqlayan Azad İstehsalçılar Birliyinin(AİB) sədri Eyyub Hüseynov qeyd edib ki, ölkədə zəhərlənmə və bunun nəticəsində ölənlərin sayı gizlədilir: 

“Burada maraqlar konflikti var. Səhiyyə Nazirliyi bu cür halları aşkara çıxarmır. Çünki o, mallara sertifikat verirdi, özü də insanların sağlamlığının keşiyində dururdu. Əgər bir şəxs sənaye üsulu ilə hazırlanan məhsuldan zəhərlənirdisə, həmin nazirlik bunu gizlətməyə məcbur idi. Çünki istehsalçı deyər ki, sertifikatı sən vermisən. Ümumiyyətlə, belə məqamlar zamanı həqiqət üzə çıxmır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi(AQTA) də həm sertifikatı verir, həm də malların təhlükəsizliyini təmin edir. Əksər hallarda, zəhərlənmə faktoruna görə istehlakçıda günah görürlər. Bu biabırçı sindroma son qoyulmalıdır”.

Təşkilat sədri zəhərlənmə faktorunda məsul qurumları günahlandırıb:

“24 ildir, görmədim ki, Azərbaycan həkimi bir malın adını zəhərlənməyə səbəb kimi göstərsin. Ya ayırd edə bilmirlər, ya da qorxurlar. Çünki hər bir malın arxasında insanlar, sertifikatlar, dövlət orqanları və s. durur. AQTA əslində qidanın təhlükəsizliyini daxili bazarda tam təmin edə bilmir. Məsələn, 4 gün bundan öncə ATV kanalında bir sujet göstərildi. Kiloqramı 2 manata olan kolbasalar, onların yeri, harada satıldığı və s. təqdim edildi. Nə üçün AQTA, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, dövlət qurumları  Kütləvi İnformasiya Vasitələrində(KİV) verilən bir məsələni təqib etmir? Amma qanunvericiliyə görə belə məsələlərə reaksiya verməlidirlər. Lakin susurlar”.

E.Hüseynov vurğulayıb ki, hökümət bu mövqedə səhv siyasət yürüdür:

“Hökümət AQTA kimi böyük bir qurumu yaradıb, əsasnaməsini təsdiq edib. “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi Milli Məclisdədir. Bu gün AQTA işçilərinin ixtiyarı yoxdur ki, haradasa təhlükəli mal satılarsa, operativ şəkildə qarşısını alsınlar. Gərək Ədliyyə Nazirliyinə müraciət etsinlər, onlar da qarşı tərəfə xəbər etsin, bir neçə günə çıxarış versin, bilinsin ki, yoxlamağa kim gəlir, nə üçün gəlir. Belə uzun proseslə qidanın təhlükəsizliyini təmin etmək olar? Mütləq hökümət üzünü istehlakçılara doğru çevirməlidir. Cəld müdaxilə mexanizmi yaradılmalıdır. AQTA-ya əlavə səlahiyyətlər verilməlidir. O da, cavabdehlik daşımalıdır. Kolbasalarla bağlı hər gün şikayətlər olur. Bəzilərinin etiketi yoxdur,  bəzilərində üstündəki yazı içindəki ilə eyni olmur və s. AQTA-da dəfələrlə məsələ qaldırdım ki, gəlin, monitorinq aparaq. Buna uyğun laboratoriyalar var. Amma heç nə edilmir. Bu gün adıçəkilən təşkilatda görüşüm olacaq. Burada İctimai Şuranın üzvüyəm. Qeyd edəcəm ki, zəhərlənmə məsələləri ciddi şəkildə araşdırılmalıdır”.