Anasını qətlə yetirmiş yeniyetmənin psixoloji vəziyyəti müəyyənləşməlidir

“Övlad necə bir ruhi, psixi vəziyyətdə olmalıdır ki, valideyninə əl qaldırsın?!”

  Bakıda yeniyetmə anasını qətlə yetirib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Trend"ə verilən məlumata görə, hadisə Xətai rayonunda qeydə alınıb. 46 yaşlı Solmaz Mansurovanın meyitinin üzərində kəsilmiş-deşilmiş yaralar olub. Anasının qətlində şübhəli bilinən 15 yaşlı yeniyetmə saxlanılıb. Oxşar cinayətlər təəssüf ki, ara-sıra baş verir. Qız övladının anasını, nəvənin nənə və ya babasını, yaxud da oğulun anasını qətlə yetirməsi hadisələri ilk növbədə ailədaxili münasibətlərdə dərin çatlar olduğunu göstərir. Təsəvvür etmək çətindir ki, övlad valideyni necə qətlə yetirə bilər? Valideyn nə qədər sərt, tələbkar, övladın düşüncəsiylə lap qəddardırsa da, insan hansı keyfiyyətə malik olmalıdır ki, ona əl qaldırsın? Bu cür hallarda təkcə ailədaxili münaqişələr deyil, həm də yeniyetmə və gənclərin zərərli vərdişlərə aludə olması, narkotik maddə asılılığı da düşünülür. Son zamanlarda hətta orta məktəb şagirdlərinin narkotik maddələrə cəlbinə  çalışanların, məktəblərin qarşısında psixotpor həblər satmağa səy göstərənlərin hüquq-mühafizə orqanları tərəfindən müəyyənləşdirilərək həbs olunması problemə daha diqqətli yanaşmanı tələb edir. 
  “Şərq”ə açıqlamasında psixoloq Elnur Rüstəmov baş vermiş hadisəni dəhşətli cinayət adlandırdı. Psixoloq belə bir cinayətə gətirib çıxaracaq səbəblərin müxtəlif ola biləcəyini vurğuladı: 
- Baş vermiş qətl hadisəsi böyük bir faciədir. Övlad necə bir ruhi, psixi vəziyyətdə olmalıdır ki, valideyninə əl qaldırsın?! Ana ilə övlad arasında biolojidən, genetikdən əlavə möhkəm ruhi, emosional bağlantı olur. Xüsusən oğlan uşaqları ilə analar arasında. Adətən qız uşaqları daha çox ataya bağlı olur, oğlan uşaqları isə anaya. Nə baş verir ki, bu bağ qopur və belə bir dəhşətli cinayət baş verir? Bu, dərin psixoloji-sosioloji araşdırma tələb edən məsələdir. Onu deyə bilərəm ki, bu cür hadisələr spontan baş vermir. Dəqiq olan budur.  Həmin ailənin vəziyyəti, valideynlə övlad arasındakı münasibətlər araşdırılsaydı, görünərdi ki, ailədə fərdlər arasında uzun zamandan bəri anlaşılmazlıq var. Ailədaxili münasibətlərdə problemlər yaşanıb, lakin onlar həll edilməyib. Getdikcə daha da dərinləşib, valideynlə övlad arasında sərhəd qalxıb, bir-birinə ağır sözlər deyiblər, ağır ifadələr işlədilib, nəhayət, qətl hadisəsi baş verib. Yeniyetməlik çağında qızqanclıq hissinin olması təbiidir. Oğlan uşaqları analarını qısqanır, qız uşaqları atalarını. Sadəcə, düşüncəli ailələrdə valideynlər qısqanclıq hissini sevgiyə, mərhəmətə, yardımlaşmaya transfer edə bilirlər. Övladının ruh halından anlamayanlar, keçid dövrünün təlatümləri haqqında bilgisiz olanlar, ya da ümumiyyətlə bunu mənasız, lazımsız hesab edərək müdaxiləyə lüzum görməyənlər övladlarını itirə bilir. Demirik, bütün yeniyetmələr potensial cinayətkardır, xeyr. Onu deyirik ki, valideyn övladının böyüməsi və tərbiyəsi ilə bütün yaş dövrlərində ciddi məşğul olmalıdır. “Uşağı böyütdüm, məktəbə getdi, işim bitdi”, olmamalıdır.  Xüsusilə yeniyetməlik dövrü çətindir, bu dövrü uşaqlar çox çətin keçirir, bəd niyyətli insanların təsiri altına düşə bilirlər, zərərli vərdişlərə yiyələnirlər. Valideyn diqqətli olmalı, övladının sağlam həyat keçirdiyinə əmin olmalıdır.
  E.Rüstəmov qeyd etdi ki, anasını qətlə yetirmiş yeniyetmənin psixoloji vəziyyəti müəyyənləşməlidir: 
- Bu yeniyetmənin psixoloji problemlərinin olması ehtimalı üzərində dayanılmalıdır.  Adi ruh halında kimsə qətl törətməz. Bir insanın ruh halında kəskin dəyişiklik baş verməlidir ki, o, qətl törətsin. Yaxud da insan anlaqsız vəziyyətdə, nəyinsə təsiri altında olmalıdır. İndiyədək bir çox qətl, soyğunçuluq, oğurluq hadisələrində şübhəli bilinərək həbs edilənlərin, məsələn, narkotik maddə,  ya da spirtli içkinin təsiri altında bu əməlləri etdiyi məlum olub. Hətta nəvələr nənə və babalarına xəsarət yetiriblər, sonra məlum olub ki, şəxs narkotik aludəçisidir, pul tələb edirmiş nənəsindən, babasından, valideynindən. Qısqanclıq zəminində də qətl hadisələri törədilir. Burada da valideynin övladını anlamaması, onun psixi durumundan xəbərsiz olması vəziyyəti gərginləşdirir. Ailədə yeniyetmə, gənc varsa,  valideyn həm öz hərəkətlərinə, həm də övladının davranışlarına nəzarət etməlidir. Təəssüf ki, hazırda məktəblərdə də yeniyetmələrlə psixoloji söhbətlər aparılmır. Valideynlər də maarifləndirilmir, öz üzərlərində də çalışmırlar, yeniyetmə ilə necə davranılmalıdır bilmirlər, öyrənməyə cəhd də etmirlər.