Azərbaycanda vəziyyət Türkiyədən fərqlidir


Zəlzələdən sonra insanlar əmlakın sığortasına o qədər də maraq göstərməyəcək

  “Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ Azərbaycanın sığorta bazarında canlanma yaradıb. Daşınmaz əmlakın həm icbari, həm də ki, könüllü sığortasında hərəkətlənmə müşahidə olunur”. Bunu "Bizim.media"ya açıqlamasında sığorta üzrə ekspert İlkin İbrahimov deyib. O bildirib ki, daşınmaz əmlakın sığortalanmasındakı artımın rəqəmlərlə ifadəsini demək üçün ayın sonunu gözləməliyik: “Çünki fevral ayının statistikasını Mərkəzi Bank martın ilk günlərində açıqlayacaq. Amma ilkin müşahidələr onu göstərir ki, fevralda əvvəlki aylarla müqayisədə əsaslı dinamikanı biz görə biləcəyik. Yəni narahatlıq keçirən bir çox əmlak sahibləri var-dövlətlərini sığorta etdirməyə başlayıblar”.

  Məlumdur ki, 2020-ci ildən etibarən “Daşınmaz əmlakın icbari sığortası haqqında” qanuna düzəlişlər qəbul olunub. Qanuna görə, Bakı şəhərində daşınmaz əmlaka sahib olanlar 50 manat illik sığorta haqqı ödəyərək əmlaklarını sığorta etdirməlidir. Sığorta haqqı Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində 40 manat, digər yaşayış məntəqələri və bölgələrdə isə 30 manatdır. İcbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə isə 200 manat cərimə nəzərdə tutulub. 20 gün ərzində icbari sığorta müqaviləsi bağlanmasa əmlak sahibi yenidən eyni məbləğdə cərimə edilir. Daşınmaz əmlakın icbari sığortası, həm də sənədli evləri üzə çıxarır. Sənədsiz evlər isə daşınmaz əmlak sığortasından yararlana bilmir. Əslində, sığortaya inananlar azdır. Avtomobil qəzaları zamanı sığorta şirkətləri sığortalanmış avtomobilə dəymiş ziyanı heç ödəmir. Odur ki, kimsə mənzilə, fərdi evinə ziyan dəyərsə, sığorta ilə zərərin qarşılanacağına inanmır, ona görə də sığortaya ödənilən pulları “havaya sovrulmuş” hesab edərək, sığortadan uzaq gəzir. Amma vəziyyət dəyişə bilər. Qardaş Türkiyədəki zəlzələ, deyəsən, bizim camaatı da “silkələyib”. Hər nə qədər sığorta şirkətlərindən narazılıq, sığorta haqqının geri qaytarılacağına inamsızlıq olsa da, zəlzələ qorxusu insanları daşınmaz əmlaklarını sığortalamağa təşviq edir.       
 
  Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı isə bu fikirdədir ki, vətəndaşların inamsızlığı sığorta sisteminin lazımi qaydada işləməməsindən qaynaqlanır: 

- Qardaş ölkədəki zəlzələ Azərbaycan insanını da sığorta sistemiylə daha yaxından təmasa təşviq edir. Lakin Türkiyədə sığorta sistemi böyük təcrübəyə malikdir, bu ölkənin insanları sığorta sisteminə çoxdan inteqrasiya olunub. Bizdə isə vəziyyət fərqlidir. Daşınar, daşınmaz əmlakın sığortası sistemi qaneedici səviyyədə deyil. Vətəndaşlar avtomobillərini sığortalayır, lakin qəza baş verir, avtomobilə zərər dəyir, sığorta şirkəti isə dəymiş ziyanı ödəyə bilmir. Qəzada iştirak edən tərəflər problemi öz aralarında həll edirlər. Daşınmaz əmlakla bağlı da eyni situasiyadır. Sığorta sistemi mükəmməl olmadığı üçün vətəndaşı qane etmir. Yeni qaydalara əsasən, daşınmaz əmlakın icbari sığortası elektron qaydada bağlanacaq və bu,  sənədləşmə işində müsbət addımdır. Məlumatların bir ünvanda cəmləşməsi istənilən zaman o məlumatı əldə etmək imkanı verir. 

Daşınmaz əmlakın icbari sığortasının elektron qaydada təsdiqi vətəndaşa sığorta şəhadətnaməsi əldə etmək hüququ verəcək. Lakin məsələ, yenə də sığortanın mümkün zərərləri nə dərəcədə qarşılaya biləcəyindədir. Sığorta sistemi elə qurulmalıdır ki, vətəndaş zərərlə qarşılaşacağı halda, dəstək görəcəyinə əmin olsun.