Zəlzələdən sağ çıxan uşaqlar...


Hərbçi qadınlar onların üzünü güldürməyə çalışır

  Malatyada hərbçi qadınlar zəlzələdən zərərçəkmiş uşaqlara şəfqət göstərir, onlarla müxtəlif oyunlar keçirir, üzlərini güldürməyə, sevindirməyə çalışırlar. “Şərq”! “Milliyet.com”a istinadən xəbər verir ki, Malatyada da çadır şəhərcik salınıb, digər qurumların əməkdaşları ilə yanaşı, burada əsgərlər də əhaliyə dəstək olur. Çadırların qurulması, içərisinin qızdırılması, yemək paylanması, zəruri ehtyacların qarşılanması üçün bölgəyə gələn yardımların zərərçəkmişlərə çatdırılması işlərində Türkiyə Silahlı Qüvvələrinin əsgər və zabitləri də səfərbər olub. Türk əsgəri çadırlara sığınmış əhaliyə ata, qardaş, qadın hərbçilərsə ana, bacı xidməti göstərir. Hərbçi xanımların xüsusən uşaqlarla məşğul olması ürəkləri isidən mənzərə yaradır. Manisa bölgə Jandarma Komandanlığında zabit rütbəsi daşıyan Bəlkıs Şahinər uşaqlarla dostlaşıb. B.Şahinər Malatya Şəkər Fabrikinin ərazisində qurulan çadır şəhərciyində ilk gündən vəzifə başındadır. Zərərçəkənlərə mənəvi ruh yüksəkliyi yaşatmaq üçün müxtəlif üsullara əl atır. Buradakı qız uşaqlarının saçlarını darayır, hörür, üzünü müxtəlif rənglərə boyayaraq fərqli-fərqli şəkillər çəkir, uşaqları sevindirməyə çalışır.  Qızları sıraya düzərək kütləvi oyunlar icra edir. B.Şahinər deyib ki, burada 6 qadın zabit vəzifə başındadır: “Burada zərərçəkmişlərə yardım etmək üçün gəlmişik. Uşaqlarla məşğul oluruq, qadınların nəyə ehtiyacı olduğunu öyrənib, kömək edirik. Hər zaman Vətənimizin, millətimizin yanındayıq”. 11 yaşlı Zeynəb Koşar da “burda əsgər əmilər, əsgər xalalarla oyunlar oynayırıq.  Nə istəyirik, verirlər. Bizə “heç nədən qorxmayın, deyirlər. Biz də daha qorxmuruq”, söyləyib.