Hatay küçələrində səssiz bir türkü 


Bəstə adlı qızcığaz Hatayın dirəniş rəmzinə çevrilib

  Kahramanmaraşın zəlzələdən dağıntılara ən çox məruz qalmış bölgəsi Hatayda  küçələr səssizliyə bürünüb. Bu səssizliyi zaman-zaman insanların sevinc sədaları pozur. Bu isə kimsə dağıntılar altından çıxarılarkən baş verir.  Zərərçəkmişlər üçün qurulmuş çadırlarda da insanlar kədərli, qəm-qüssə içindədir. Təkcə öz dünyaları olan körpələrdən, uşaqlardan başqa. Uşaqlar dağıntılar altından oyuncaqlar tapır, sevinirlər. Bu uşaqlar arasında Bəstə adlı qızcığaz isə Hatayın dirəniş rəmzinə çevrilib. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, Bəstə uçulmuş binaya aid parkda atasıyla dolaşarkən görüntülənib. Atası “qızımın psixologiyası pozulub, yata bilmir” söyləyib. Bəstənin ailəsi də zəlzələdən sonra çadırda məskunlaşıb. Qızcığazın atası “biz əşya istəmirik, dəstək istəyirik. İnsanlar yanımıza gəlsin. Onlardan güc alaq. Heç nə istəmirik. Amma qorxuruq. Yanımza gələn olanda, güclənirik, “bizi düşünən var”, deyə. Hataya gəlin, Hatay kimsəsiz qalıb. Lütfən, gəlin, bizə dəstək olun. Burda insan görək, insanların bizi düşündüyünü, dərdimizi bölüşdüklərini görək”, - deyib.