Əsrin fəlakəti

“Bu zəlzələ Türkiyənin başqa bir bölgəsində də olsaydı, tələfat çox olacaqdı”

“Bizim "sosial ev" dediyimiz və əhalinin nisbətən kasıb zümrəsinin yaşadığı binalar Türkiyədə də başdansovdu tikilir”

Ziyalılarımız faciəni doğuran səbəblər və oxşar dəhşətlərin təkrar yaşanmaması üçün hansı işlərin görülməli olduğu barədə danışır

  Qardaş Türkiyədəki dağıdıcı zəlzələnin ağır tablosu ziyalılarımızın gözü ilə daha aydın görünür. Zəlzələ baş verəndən sonra ölkə ziyalıları faciəni doğuran səbəblər və oxşar dəhşətlərin təkrar yaşanmaması üçün hansı işlərin görülməli olduğu barədə danışır, yazırlar. Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının paytaxtdakı tikililər və aparılan tikintilərlə bağlı fikirləri yutub kanalında yayılıb. Canlı yayıma çıxan xalq şairi təhlükəsizlik məsələsinə diqqət çəkib, yaşayış binalarının möhkəmliyinin ciddi şəkildə yoxlanılmasının vacibliyini vurğulayıb: 

"Kimlərinsə pul qazanmaq ehtirası insanların həyatını riskə atır. Türkiyədə həmin binaları inşa edənlərin bəziləri xaricə qaçmaq istəyirdilər. Sən hansı vicdanla yaşaya bilərsən xaricdə? Cəsədlərin çoxu uçqunun altından hələ çıxarılmayıb! Təəssüf ki, Azərbaycanda da məsələlərə münasibət fərqli deyil. Cibimizi doldurmaq xətrinə insanların həyatını riskə atırıq. Bakıda, Yeni Yasamalda binaları bir-birinə o qədər yaxın tikiblər, heç arada yol da qoymayıblar. Buna necə icazə verilib, necə tikilib? Bu tikənlərin gözü ayaqlarının altını görmür?! Xırdalanda səki belə qoymayıblar. O cür gözəl yerdə yaxşı planlaşdırma ilə evlər tikilə bilərdi. Amma insanların hərəkəti üçün səkini belə düşünməyiblər. Üstəlik, 15 mərtəbəli binanın 1-ci mərtəbəsi tikilib, ikinci mərtəbədən onu sağdan və soldan 1-2 metrə qədər genişləndiriblər. Bunu özlərinə qazanc bilirlər. Bəs, başa düşmürlər ki, bu ayaqlar o yükü daşıya bilməz? Yaxud, zirzəmilər məsələsi olsun. Türkiyədə də göstərdilər bunu.
 Zirzəmilərdə alış-veriş yerini genişləndirmək üçün dirəkləri kəsir, sütunları doğrayırlar. Sən dirəyi kəsməklə orda yaşayanların ömrünü kəsirsən axı! Ona görə də Türkiyə zəlzələsi acı bir dərsdir. Hər kəs bunu görüb düşünməlidir. Şəxsi evlər tikənlər də buna diqqət etməlidir". Bəyənmədiyimiz sovet dövründə hündürmərtəbəli, məsələn, 9 mərtəbəli ev tikiləndə onun təməli atılırdı və yarım il gözləyirdilər ki, möhkəmlənsin. Sonra baxırdılar ki, orda neçə mərtəbəli ev tikmək olar. İndi 2 mərtəbəyə icazə alır, 5 mərtəbə tikir, 5 mərtəbəyə icazə alır, 7 mərtəbə tikir. Bunun məsuliyyətini kim daşıyır? Kim buna icazə verir? Ən keyfiyyətsiz armaturlar, aşağı səviyyəli betondan istifadə olunur. Tikintidə keyfiyyətsiz materiallardan istifadə olunur ki, ucuz başa gəlsin. Nəyə görə şəhərdə tikinti işləri ancaq müəyyən qrupların əlində olmalıdır? Burda korrupsiya, rüşvətxorluq, oğurluqla məşğul olan bir çevrə yaranıb. Müəyyən idarələrin çevrəsi var ki, oraya hər adam girə bilmir. Hər şeyi onlar həll edirlər. Mən vaxtilə Milli Məclisdə demişdim ki, Bakı, ümumiyyətlə, Abşeron Nuhun gəmisinə bənzəyir. Günün birində batacaq. Yeraltı suların üzə çıxmasına 1-2 metr qalır. Bütün Abşeronu birdən-birə su basa bilər. Belə bir şəraitdə bütün tikililər - zavodlar, fabriklər, digər müəssisələr buradadır. Üstəlik bu qədər sıx şəkildə. Yeni Yasamaldan o tərəfə Şubanı dağları var. Bir yol çəkin, tikintilərin bir hissəsini Şubanı dağlarına keçirin. Bir hissəsini Bakı-Şamaxı yoluna, digər hissəsini Ələt istiqamətində gedən yola. Verin iş adamlarına, orda yeni infrastruktur qursunlar, abadlaşdırıb bir sıra tikinti və binaları ora köçürsünlər. Niyə hamısını şəhərin içinə doldurursuz? Vaxtikən Bakının kanalizasiya məsələləri müzakirə olunanda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı mənə dedi ki, bilirsiz, bizim bəlamız odur ki, şəhərin kanalizasiyası 300 000 nəfər üçün nəzərdə tutulub, amma indi Bakıda 2 milyona yaxın adam yaşayır. Bütün sahələr belədir. Vaxtilə dairəvi yol çəkdilər. Bu yol gəlib Biləcərinin üstünə çıxana qədər qumu da tökülmüşdü. Amma bir icra başçısı o yolu satdı, orada binalar tikildi. Mənim imkanım olsa, istəyir 50 ev tikilsin, onları uçurub o yolu "Koroğlu" metrosuna qədər uzadardım. Yol qaldı yarımçıq. İndi Bakının dairəvi yolu yoxdu. Bilmirsən hardan gedəsən?!".

  Sevilən şair Aqşin Yenisey də baş vermiş faciə ilə bağlı fəlsəfi görüşlərini sosial şəbəkə vasitəsilə çatdırıb. “Şərq”ə açıqlamasında isə Aqşin Yenisey insanlara məzar olan binalar barədə fikrini bildirib: 

- Mən 6 il Türkiyədə yaşamışam. Bu zəlzələ Türkiyənin başqa bir bölgəsində də olsaydı, tələfat çox olacaqdı. Çünki bizim "sosial ev" dediyimiz və əhalinin nisbətən kasıb zümrəsinin yaşadığı binalar Türkiyədə də başdansovdu tikilir. Ankarada yaşadığımız mənzilin divarından bir gün şəkil asmalı idim. İlk mıxı vuranda divarın yarısı uçub üstümüzə töküldü. Qorxulu olan o idi ki, Ankaranın o səmtdə olan binalarının çoxu həm zahirən, həm daxilən bir-birilərinin tayı idilər. Yaxud qonşuluğumuzda bir bina tikirdilər. 2 il ərzində mülki geyimli cəmi 3 fəhlə tikdi o 6 mərtəbəli binanı. Pul xərcləmək üçün əl əməyindən də kəsirlər tikinti şirkətləri... 

  Yazıçı-publisist, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli də tikililərin təhlükəsizliyi problemini önə çəkib və cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməli olduğunu deyib: 

- Türkiyədə zələzlə ilə bağlı müzakirələrin çoxuna baxıram, dinləyirəm və belə düşünürəm: Binaları tikənlər, yəni ona məsul olanlar (yer ayıranlar, layihələşdirənlər, icra edənlər) barədə hansısa qanun olmalıdır. Yəni gələcəkdə tikilinin çökülüşü, dağıntısının bədəlini ona məsul olanlar ödəməlidirlər. Həyatda yoxdurlarsa, varisləri cavabdehlik daşımalıdır. Çünki xələfləri onlar üçün çalışıblar. Ədalətsiz görünə bilər. Yəni oğul ataya görə məsuliyyət daşımır. Məncə, gələcək bəlalardan qorunmağın məqbul variantlarından biridir. Çünki hamı gələcək üçün  cavabdeh olmalıdır...
  …Dağıntılar altından çıxarılan adamları, xüsusən də körpələri görəndə təzadlı hisslər keçirirəm. Bir tərəfdən onların sağ qalmasına sevinirəm, o biri tərəfdən isə kövrəlirəm. “Yazıq körpə! Görən, ata-anası da sağdırmı, yoxsa yetim qalacaq?” Bu sualı da, köhnə kişilər demiş, ev adamı verir. Əslində bu, sual deyil, bir ürək yanğısıdır, sadəcə ucadan deyir. “Ata-anadan yetim qalsa da, dövlətdən, millətdən yetim qalmaz!” deyirəm. Və istər-istəməz 2000-ci ilin payızını xatırlayıram. Buna oxşar fəlakəti, faciəni o zamanlar biz də yaşamışdıq. Amma bu miqyas da yox. O vaxt mənim də uşaqlarım körpə idi. Orxanın 5, Leylanın 9 yaşı vardı. Uşaqlar anaları ilə məndən qabaq həyətə düşmüşdülər. Anaları heç nəyə baxmadan uşaqlarını götürüb həyətə qaçmışdı. Mən aşağı enəndə həyət adamlarla doluydu. Hamının üzündə həyəcan, təlaş və qorxu vardı. Orxan ağlayırdı. “Niyə ağlayırsan?” deyə soruşdum, arxasınca da “qorxma” dedim. “Mən xəncərimi istəyirəm!”, “Neynirsən onu?”, “Onu öldürəcəm. O yerin altı ilə gəzir, onu xəncərlə vursaq, bizdən qorxar və qaçıb gedər!”. Düzü, uşaq bunu fəhmlə dedimi, yoxsa televiziyadan, ya hardansa öyrənmişdi ki, zəlzələ torpağı yarıb çıxsa, sakitləşər.  Mən həyat yoldaşımın və qonşuların israrlı etirazlarına baxmayaraq evə çıxdım və divardan asılmış xəncəri gətirib Orxana verdim, o da sakitləşdi. Həmin suvenir xəncəri mənə rəhmətlik yazıçı dostum Eyvaz Əlləzoğlu bağışlamışdı. Sözüm, əlbəttə, bunda deyil, yəni bu hadisə ilə bağlı deyil. Sadəcə düşünürəm ki, əli qələm tutan adamlar bu bəşəri fəlakətdən yazmalıdırlar. Ən azı, tarixə şahidlik eləmək üçün. Mən neçə gündür, havalı kimi gəzirəm, uçqunların altında qalan insanlara kömək üçün əlim çatmır. Amma köməyə gedənlər var olsunlar. Dövlətimizin, türk qardaşlarımızın başı sağ olsun. Və mən uçqunların altından çıxarılan, xilasedicinin qucağına sığınan, quş kimi əllərini çırpan o körpəni heç cür unuda bilmirəm və beynimdə, canımda onun və doğmalarının düşdüyü vəziyyəti təsəvvür etməyə çalışıram. Mənim nəvəm Dəniz də Türkiyədədir (İstanbulda). O da həmin körpə yaşındadır və onun kimi ağbəniz və sarışındır. Adamın ürəyi dağlanır. Allah qorusun! Şəhərimizdə köhnə beşmərtəbələr sökülür, yerində çoxmərtəbəli binalar tikilir. Özü də bir-birinin “qarnında”. Və mən gələcəyimiz üçün qorxuram. Tanrı dünyamızı qorusun və günahlarımızı bağışlasın!