İnəklərindən 2-si dağıntılar altındadır


Ölməsin deyə sahibləri sürünərək heyvanı bəsləyirlər

  Adıyamanın Dardağan kəndində yaşayan Birgül və Əziz Tuncay cütlüyü evlərinin  məlum zəlzələdə dağılmasına, ağır vəziyyətdə qalmalarına baxmayaraq, mal-qaralarına qulluğu axsatmamağa çalışırlar. “Şərq” “NTV,com.tr”yə istinadən bildirir ki, mərkəzi Kahramanmaraş olan dağıdıcı zəlzələnin gətirdiyi fəlakət hər yerdə özünü göstərir. Heyvandarlıqla məşğul olan yerli sakinlər isə evləri dağlsa da, əşyasız qalsalar da, mal-qaraya qulluq etməkdən vaz keçmirlər. Birgül və Əziz Tuncay cütlüyünün də zəlzələdən öncə müəyyən təsərrüfatları olub. 

Tuncay ailəsinin evlərinin altı axur olub və burada 4 inək, 15 keçi, 30 toyuq bəsləyiblər. Zəlzələ baş verdiyində Tuncay ailəsi heyvanları axurdan çıxarmağa çalışıb. 

Amma hamısını çıxara bilməyiblər. 2 inək, keçilər və toyuqlar dağıntılar altında qalıb. İnəklərdən 2-si hələ də axurdadır. Dağıntılar var deyə, sahibi onları axurdan çıxara bilmir.

 Birgül Tuncay isə inəklər ac qalmasın deyə dağıntıların altıyla sürünərək inəklərə yem verir. Birgül Tuncay əlində yem dağıntılar altına sürünür “gəldim, Bircan, gəldim, qızım” deyərək inəyini şirin dillə çağırır. B.Tuncay heyvanlarını övlad kimi sevdiyini deyib: “Biz dağıntılardan canımızı qurtardıq. Amma heyvanlarımız tələf oldu. İnəyim hələ də axurda qalıb, onu çıxara bilmirik. 

Bu inək bizim çörəyimiz, südümüzdür. Dağıntılar altında bir dəlik tapıb ona yem, su aparıram. Qorxa-qorxa gedirəm, yemi, suyu verib tez çıxıram. Ölümü gözə alıram. Amma heyvana da yazığım gəlir, o da acdır, orda sıxışıb qalıb. Övladımız yoxdur, heyvanlarımızı övladlarımız kimi sevirik. Nə olar, kimsə bizə yardım etsin, heyvanı axurdan çıxaraq”.