Hər 2 dəqiqədə 1 qadın ölür! 

Qadınların vəfatına səbəbsə hamiləlikdir

  Ümumdünya Səhiyyə Təşkilatı dəhşətli statistika açıqlayıb. “NTV.com.tr” xəbər verir ki, ÜST-nin yaydığı rəqəmlər dünyada hər 2 dəqiqədə 1 qadının öldüyünü təsdiq edir. Qadınların vəfatına səbəbsə hamiləlikdir. Qadınlar məhz doğuş zamanı həyatını itirir. Ümimiyyətlə, dünyada doğuş zamanı vəfat edən qadınların sayında son illərdə artım qeydə alınıb. ABŞ-də 2000-ci ilin statistikası ilə 2020-ci ilin rəqəmləri müqayisə edildikdə qadınlar arasında doğuş zamanı həyatını itirmə faizinin 75-ə çatdığı, 2000-ci ildə 100 min doğuşda 12 ana ölümü olduğu halda, 2020-ci ildə bu rəqəmin 21-ə yüksəldiyi müəyyən edilib. 

ÜST-nin məlumatına görə, dünyada son 5 ildə analar və ana olmağa namizəd qadınlar arasında ölüm faizində yüksəlmə var. ÜST hesabatını tərtib edən epidemioloq həkim  Ceni Kresvell "2020-ci ildə dünyada  287.000 qadının ölüm səbəbinin hamiləliklə bağlı olduğu, hər gün təxminən 800 ölüm halı və ya hər 2 dəqiqədə 1 qadın ölümü yaşandığı məlum olub”, söyləyib. Mütəxəssislər belə bir acınacaqlı vəziyyətin yaranmasında qadınların sağlamlığının qorunmamasını əsas göstərir. Qadınların səhiyyə xidmətlərinə əlçatanlığı müxtəlif ölkələrdə fərqlidir. Harda ki, qadınlar səhiyyə xidmətlərindən yararlana bilir, orda ölüm halları da azdır. Dünyada ən çox hamilə qadın ölümü Afrikanın səhralıq bölgələrindədir.  Burada hər 100 min doğuşa 545 ölüm faktı qeydə alınıb.  ÜST-nin araşdırma departamentinin əməkdaşı, doktor Lale Say isə deyib ki, ana ölümləri bir səhiyyə sisteminin hansı vəziyyətdə olduğunu göstərir: “Qadına edilən yatırımlar əhalinin və ölkələrin gələcəyinə edilən yatırımlardır. Bunu kəsmək, dayandırmaq ölkəni inkişafdan saxlamaq, gələcəyini məhv etmək deməkdir”.