Ailə avtobusun içində yaşayır 


Zəlzələdən sonra atalarının avtobusu evləri oldu

  Hatayın Antakya bölgəsində yaşayan Akıncı ailəsi zəlzələdən sonra avtobusun içinə sığınıb. Ailə başçısı idarə etdiyi avtobusu mənzilə çevirib və 7 nəfər burada gecəni gündüz, gündüzü də gecə edir.  “Şərq” “NTV.com.tr”yə istinadən xəbər verir ki, Akıncı ailəsinin yaşadığı bina da zəlzələdə dağıntılara məruz qalıb. Uşaqlar soyuqda küçədə gecələməsin deyə, ailə başçısı Həsən Akıncı sürücüsü olduğu avtobusu mənzilə çevirib. Oturacaqların bəzisini tamamilə çıxarıb, bəzisinin yerini dəyişdirərək yataq yeri, oturma, istirahət “guşəsi” düzəldib. İşıq çəkib, uşaqların darıxmaması üçün avtobusda televizor da quraşdırıb. Uşaqlardan ən kiçiyi 3 yaşındadı. Yataq yerləri olsa da, yuyunmaq məsələsində çətinlik çəkirlər. İstəkləri konteyner evdir. Həsən Akıncı 48 yaşındadı və 17 ildir sürücülük edir. Zəlzələ gecəsi işdən qayıdan Həsən yaxınlıqdakı parkda yer tapmayıb və avtobusu evdən 500 metr aralıda saxlayıb. “Avtobusu məhəllədə saxlasaydım, dağıntılar altında qalacaqdı. Evə gəldim, yatdım. Zəlzələnin sarsıntısına oyandım. Titrəyişlər ara verdikdə, hamımız binadan çıxmaq üçün pilləkənlərlə aşağı enməyə başladıq. Divarlar aralanmışdı, hər yer şüşə qırıqları, daş-kəsək, tör-töküntü... Qaranlıqda hara ayaq basdığımızı da bilmirdik. Əlimiz, ayağımız yaralanmışdı, qanamışdı. Binanın giriş qapısı dəmirdəndi, sarsıntı zamanı kip örtülmüşdü. Qonşularla nə qədər çalışdıq, aça bilmədik. İkinci mərtəbənin eyvanından küçəyə atlandım, qapını bayır tərəfdən təpiklə açdım. Çox şükür, ailəm də, qonşular da sağ-salamat çıxa bildik”, söyləyən Həsən Akıncı ailəsini də, qonşuları da avtobusuna mindirib, sonra isə başqa sakinlərə yardım etməyə gedib. Avtobusda yaşayış üçün şərait yaratmağa başlayıb. İlk günlər çətin olsa da, yavaş-yavaş bu duruma alışıblar. Avtobus-mənzilin xanımı Fatma Akıncı isə deyib ki, evsiz qalmağın çətinliyini sözlə ifadə etmək mümkün deyil: “Çox çətindir, kimsə bizim  günümüzə düşməsin. Xörəyi bayırdakı ocaqda bişirirəm. Balon qazında çay dəmləyirik. Ayaqyoluna getmək, yuyunmaq üçün evimizə gedib tez də çıxırıq. Titrəyişlər davam edir, çox qorxuruq. Oğrun-oğrun evə girir, bəzi əşyaları götürürük. Bura bir konteyner ev gətirilsə, uşaqlar da rahat olar. Zəlzələ çox dəhşətli idi. Bir gün avtobusda yaşayacağımı ağlıma da gətirməzdim. Amma neyləyək, dözəcəyik”.