Qəfil  ölüm termini ədəbiyyatda 250 ildən çoxdur istifadə edilir

Bunun üçün xəstə dinamik nəzarətdə saxlanılmalı, ağrılar diferensasiya olunmalı, kontrol EKG monitorinq olmalıdır


  İlahiyyatçı, Məşədi Dadaş məscidinin imamı Hacı Şahinin qəfil ölümü cəmiyyətdə çoxsaylı suallar doğurub. Ölümü ilə bağlı araşdırma tələb edən ictimaiyyət üzvlərinin fikrincə, din xadiminə qarşı sui-qəsd ehtimalını gözardı etməmək lazımdır. 

Sözügedən hadisəylə bağlı “Şərq”ə açıqlama verən həkim, tibbi təlimçi Sevindik Şirinov deyib ki, qəfil, gözlənilməz ölüm termini ədəbiyyatda 250 ildən çoxdur istifadə edilir. Onun sözlərinə görə, bütün gözlənilməz ölümlərin 90 faizindən çoxu ürəyin qəfil dayanması ilə əlaqəli olur: “İnsanlar bəzən “mədəm ağrıyırdı, həkimə getdim EKG çəkdirdim, heç bir kəskin patologiya aşkarlanmadı” kimi narahatlıq keçirir. Bəli, bütün  kəskin döş ağrılarında, mədə ağrılarında, epigastral ağrılarda ilkin müayinə EKG müayinəsidir. Ürəklə bağlı kəskin kardioloji patologiyalarda EKG bir çox hallarda 15-20 faiz informativ olur. Bunun üçün xəstə dinamik nəzarətdə saxlanılmalı, ağrılar diferensasiya olunmalı, kontrol EKG monitorinq olmalıdır.

  Təəssüflər olsun ki, bəzən bu taktikanı tibb işçiləri xəstələrə başa sala bilmir, qəti şəkildə xəstələr digər müayinələrdən imtina edir. Onu da deyim ki, statistik olaraq infarktla bağlı ürəktutmaların, qəfil ürək  dayanmalarının və ani ölümlərin ən çox baş verdiyi vaxt 04:00-09:00 saatlarıdır”.

  Qeyd edək ki, 48 yaşlı ilahiyyatçı səhər 05:00 radələrində Yasamal rayonunda yerləşən evində ürəktutmadan dünyasını dəyişib. Hacı Şahin ictimai fəal, din xadimi kimi ictimai verilişlərdə cəmiyyəti narahat edən məsələlərə də öz münasibətini, mövqeyini bildirən bir şəxs kimi tanınırdı, bilinirdi. Yaxınlarının verdiyi məlumata görə, o, qəflətən dünyasını dəyişib. Bu baxımdan dini kəsim hesab edir ki, Hacı Şahinin dünyasını dəyişməsi hadisəsi çox ciddi şəkildə araşdırılmalıdır ki, bu, sırf sağlamlıqla bağlı məsələdir, yoxsa təxribat?!