Bakı sürüşmə zonasında yerləşir

Türkiyədə baş vermiş zəlzələ hər kəsi bir daha düşündürməlidir

Dünya alimləri seysmik məsələlərin müzakirəsi üçün Bakıda toplaşıblar


  Bakıda Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin dəstəyi ilə “Seysmik Dayanıqlı Müasir Qurğular” (AERS-2023) Beynəlxalq Konqresi öz işinə başlayıb.
  Konqresin plenar iclasında Azərbaycandan olan elm adamları, istehsalat nümayəndələri ilə yanaşı, Türkiyə, Amerika Birləşmiş Ştatları, Yaponiya, Kanada, İtaliya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Portuqaliya, Hindistan, Yunanıstan və digər ölkələrdən nüfuzlu alimlər iştirak ediblər.
  AERS-2023-ün məqsədi zəlzələ mühəndisliyinin əsas hədəfləri istiqamətində aparılan tədqiqatlar haqqında hərtərəfli təsəvvürün əldə olunması, qurğuların seysmik həssaslıq dərəcəsinin azaldılması, mövcud inşaat norma və qaydalarında zəlzələ mühəndisliyinin əsas hədəflərindən olan üç dizayn amilinin hər birinə diqqətin artırılması, gələcək zəlzələlərin təsirinin qarşısının alınmasında müasir yeni qurğu sistemlərindən istifadəyə çağırış və bu kimi aktual məsələlərdən ibarət olub.

  AzMİU-nun rektoru, Konqresin fəxri sədri professor Gülçöhrə Məmmədova mövzunun aktuallığına diqqət çəkib. Rektor Türkiyədə çoxsaylı insan tələfatı ilə nəticələnən zəlzələni əsrin fəlakəti adlandıraraq dünya elminin və inşaat sektorunun yeni, həmçinin mühüm çağırışlarla üz-üzə olduğunu qeyd edib.
  Professor Ulu Öndər Heydər Əliyevin “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra nəticələrini aradan qaldırmaqdan daha asandır” fikrini sitat gətirərək seysmoloji araşdırmalarda yeni və dərinləşdirilmiş yanaşmanın, mütərəqqi texnologiyanın tətbiqi ilə risklərin müəyyən edilməsinin vacibliyini vurğulayıb.
  AzMİU-nun ölkəmizin yüz illik inşaat mühəndisliyi ali təhsil ənənəsini özündə birləşdirdiyini, universitetdə bu istiqamətdə yüksəkixtisaslı mühəndis kadrların yetişdirildiyini, bina və qurğuların inşası üzrə seysmoloji məsələlərin dərindən araşdırıldığını qeyd edən rektor Konqresin universitet alimləri üçün yeni üfüqlər yaradacağına, ölkəmizə və dünyaya böyük faydalar qazandıracağına əminliyini ifadə edib.

  Tokio Texnologiya İnstitutunun fəxri professoru, Yaponiya Seysmik İzolyasiya Cəmiyyətinin prezidenti Akira Vada “Seysmik izolyasiya yastıqları və sönüm cihazları üçün yeni yüksək performanslı dinamik sınaq təsisi” adlı elmi məruzə ilə çıxış edib. Alim zəlzələ zamanı seysmik izolyasiya yastıqlarının əhəmiyyəti, Yaponiyanın bu istiqamətdəki təcrübələri və elmi-praktik perspektivlər haqqında geniş məlumat verib.
  ABŞ-nin Arizona Universitetinin professoru Tribikram Kundu “Qeyri-dağıdıcı sınaq və struktur sağlamlığa nəzarət texnologiyasında son nailiyyətlər” adlı məruzəsində bina və qurğuların sınaq yolu ilə seysmik davamlılığının yoxlanılması üzrə ən son elmi-texnoloji araşdırmalardan danışıb.
  Konqresin sədri, AzMİU-nun professoru, Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzinin direktoru Azər Qasımzadə isə “Yeni struktur seysmik izolyasiya sistemi” mövzularında məruzə ilə çıxış edib. Alim seysmik izolyasiya üzrə yeni yanaşmanın vacibliyinə diqqət çəkib və bu istiqamətdə apardığı elmi araşdırmalar haqqında məlumat verib.
Konqresdə çıxış edən fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev Türkiyədə baş verən zəlzələdən dərs çıxarmağın vacibliyinə toxunub. Onun sözlərinə görə, ölkəmizdə zəlzələyə qarşı qabaqlayıcı tədbirlərin görülməsi və monitorinqlərin keçirilməsi lazımdır: "Çünki zəlzələdən heç bir dövlət sığortalanmayıb. Türkiyədə bir neçə saniyəyə 50 mindən çox insan həlak oldu. Bu, hadisənin dəhşətindən xəbər verir. Təkcə FHN-in xilasediciləri 53 insanı dağıntılar altından xilas edib".
  "Zəlzələdən qorunmaq üçün hər bir binaya individual yanaşmaq lazımdır".
Bu sözləri isə  AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. O, fevralın 6-da Türkiyədə baş vermiş zəlzələnin hər kəsi bir daha düşünməyə məcbur etdiyini vurğulayıb.
  Bakının sürüşmə zonasında yerləşdiyini xatırladan baş direktor söyləyib ki, buna görə də inşa edilən binalar təhlükəsiz və zəlzələyə davamlı olmalıdır.