Film kimi olay! - 13 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb

Mehriban Zeynalova hesab edir ki, bu hadisə azyaşlı qıza qarşı törədilmiş cinayətdir

  Bakıda 13 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb. Hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Qohumlar arasındakı razılıq nəticəsində 13 yaşlı qız anasının boşanmış dayısı oğluna nişanlanıb.
Adı məxfi saxlanılan 13 yaşlı qız bildirib ki, nişanlanmağını ailəsi istəyib, özü isə oxumaq həvəsindədir. Lakin 3-cü sinfə qədər dərsə gedib, sonra valideynləri oxumağına icazə verməyib: "Nişanlanmaq istəmirəm, oxumaq istəyirəm. Onlar istədilər, məndən icazə almadılar. Heç oğlanla danışmıram, istəmirəm".

  Qızın anası isə "Həyat yoldaşımın psixoloji problemi var və həbsxanadadır. Hər zaman deyir ki, həbsdən çıxan kimi onu öldürəcəyəm. Anam da xəstədir, uşağa kim baxacaq? Bilirəm ki, cinayət işi daşıyıram" sözlərini söyləyib.
Qadın deyib ki, nişan indi olsa da, toy üçün övladının yaşının tamam olmasını gözləyəcəklər.

  Oğlanın anası isə "Nişanlanmaq evlənmək deməkdir? Gözləyəcəyik yaşı tamam olsun, sonra toy edək. Yiyəsi, anası və nənəsi verdi, mən də aldım. Dedilər ki, sahibsiz qızdır, başqası aparıb başına bir iş açar. Başqası nəsə edincə, ad olsun sizinki. Anası baldızımdır. Oğlumun bir arvadı olub, beşi olmayıb ki... Arvadı oturmadı, qaçıb getdi" sözlərini əlavə edib.

  Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə 37 yaşlı kişi ilə nişanlanan 13 yaşlı qızın ailəsi ilə görüşəcək. Bu barədə "Qaynarinfo"ya onun özü məlumat verib. K.Ağazadənin sözlərinə görə, 13 yaşlı qızın təhsil alması vacibdir: "Biz çalışmalıyıq ki, qız təhsilini davam etdirsin. Bununla bağlı aidiyyəti qurumlara müraciət edəcəyəm. Eyni zamanda qızın reinteqrasiyası və təhsili istiqamətində iş aparılması üçün ailəsi ilə görüşəcəm”. 

  Nəzərə alsaq ki, Azərbaycanda təhsil 9-cu sinfə qədər icbaridir, o zaman, 13 yaşında bir uşağın bu illər ərzində məktəbdən necə yayınması suallar doğurur.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi verdiyi açıqlamada bildirib ki, uşağın təhsildən yayınmasında birbaşa valideynləri məsuliyyət daşıyır.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sözügedən yeniyetmə Bakı məktəblisi deyil. Ailə Sabunçu rayonu ərazisində kirayədə qalır. Məsələ müvafiq qurumların diqqətindədir.

  İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri İradə Cavadova isə “Şərq”ə açıqlamasında deyib ki, hər şeydən əvvəl uşaqları məktəbdən ayıran  valideynlərə cinayət işi qaldırmaq lazımdır ki, hər kəsə görk olsun:

“Azyaşlı qızları, daha doğrusu, uşaqları evləndirən valideyn də, onunla evlənən şəxs də cinayətkardır. Kaş ki, bununla bağlı qanunvericilikdə dəyişiklik edilə və azyaşlı qızlarını evləndirmək niyyətində olan valideynlər də, onlarla nişanlanmağa razılıq verən kişilər də həbs edilə. Öləndə qızının taleyindən narahat olan bir ana 13 yaşlı qızını necə 37 yaşlı kişiyə əmanət edə bilər ki? Bütün bunlar sadəcə bəhanədir. Nəinki 13, hətta 16-17 yaşlı qızların evlənməsini belə normal hesab etmirəm.  Qanunvericilikdə istisna hallarda 17 yaşda nikaha icazə verilməsi belə ləğv olunmalıdır”.

  İ.Cavadovanın sözlərinə görə, hüquq-mühafizə orqanları konkret hadisə ilə bağlı tədbir görməlidir. Bir çox hallarda hüquq-mühafizə orqanları ailə-məişət daxilindəki problemləri ciddi qəbul etmir və heç bir tədbir görmür. Bu istiqamətdə ciddi addımlar atılmalı və müvafiq tədbirlər görülməlidir.

  “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə hesab edir ki, bu hadisə azyaşlı qıza qarşı törədilmiş cinayətdir. Bunun başqa bir adı yoxdur:

 “Amma valideynlər öz əməllərinə haqq qazandırırlar  ki, mən uşağımı qoruyuram. Başa düşmürlər ki, bu cür qoruma üsulu heyvani instinktdən başqa bir şey deyil. Anlamırlar ki, onların övladlarını qorumaq üçün seçdikləri bu yol övladlarını gələcəkdə daha dəhşətli bəlalara aparıb çıxara bilər. Hələ toy olmayacaq, sadəcə olaraq, ad eləmişik kimi ifadələr isə bəhanədir.

  Hesab edirəm ki, belə halların qarşısının alınmasında gənc dəstək qrupları yaratmalıyıq. Eyni zamanda uşaqların və gənclərin təhsilə marağını artırmalıyıq. Belə hallarla qətiyyətlə mübarizə aparmaq lazımdır. Qanunlar nə qədər sərtləşsə də, yenə də nələrsə ortaya çıxır. Mənə elə gəlir ki, həmin ərazilər üzrə ictimai qınaq kampaniyalarını çox ciddi şəkildə işə salmalıyıq. Cəmiyyət özü bu məsələdə aktiv iştirakçıya çevrilməlidir. Bu insanların toylarına getməməklə erkən nikahları boykot edə bilərik. Belə adamlar az-çox cəza alıb”.

  M.Zeynalova qeyd edib ki, erkən nikahlarda qızlarımızın əsasən yaşlı insanlarla izdivac qurması qeydə alınır: “Guya ki, bu, qızın gələcəyini sığortalayır, ailənin möhkəm olmasına əminlik hissi yaradır. “Cavana gedən yumruq yeyər, qocaya gedən quyruq” misalı burada yerinə düşər. Amma göründüyü kimi, belə olmur”.

Təhsil eksperti Kamran Əsədov isə 13 yaşında bir uşağın qanunla nəzərdə tutulmuş icbari təhsilini tamamlaya bilməməsində bilavasitə Elm və Təhsil Nazirliyinin özünü günahlandırıb. "Ednews"a açıqlama verən ekspert Nazirliyi ittiham edərək bildirib ki, hər bir şagirdin təhsili, təhsilə cəlb olunması və təlim göstəriciləri ilə bağlı məsuliyyət birbaşa nazirliyin üzərinə düşür: “Elm və Təhsil Nazirliyinin bu açıqlaması boş söz yığınından başqa bir şey deyil. Azərbaycan Respublikasının Konstitusiyası və “Təhsil haqqında” Qanuna görə, ölkəmizdə təhsil icbaridir və hər bir şagirdin icbari təhsilə cəlb olunmasına cavabdeh olan qurum nazirliyin özüdür. Onlar öz vəzifə öhdəliklərini unudublar. Onu da qeyd edim ki, uşaqların təhsildən yayınaraq erkən nikaha cəlb edilməsi Elm və Təhsil Nazirliyinin öz vəzifə funksiyalarını yerinə yetirməməsindən qaynaqlanan bir problemdir”. 

K.Əsədovun sözlərinə görə, mövcud qanunvericiliyə görə, hər bir məktəb direktoru məktəbin yerləşdiyi ərazidə hər bir şagirdin icbari təhsilə cəlb edilməsi ilə bağlı öhdəlik daşıyır: 

“Əgər hər hansı uşaq təhsil prosesindən yayınırsa, bununla bağlı icra hakimiyyətlərində yaradılmış qəyyumlar şurasına məlumat verilməlidir. Əgər valideyn öz öhdəliyini, yəni övladının təhsil almaq hüququnu təmin edə bilmirsə, həmin şəxsin hətta valideynlikdən məhrum edilməsi məsələsi müzakirəyə çıxarılır və iş məhkəməyə göndərilir. Valideyn övladı qarşısında vəzifələrini yerinə yetirməyə borcludur, bunu təmin etmək isə birbaşa Elm və Təhsil Nazirliyinin, orta məktəb direktorlarının funksiyasıdır. Əgər uşaq 3-cü sinifdən sonra məktəbə gəlmirsə, bunun birbaşa günahkarı valideyn olduğu qədər, həm də məktəb rəhbərliyi və nazirlikdir. Erkən nikaha cəlb edilirsə, günahkar yenə də həmin qurumlardır. Bu onu göstərir ki, müvafiq qurumlar ancaq mənasız tədbirlər keçirməklə, selfi çəkdirməklə məşğuldur. Nazirlik təhsillə bağlı uğurlarını necə paylaşırsa - sanki bu onların öz fəaliyyətidir, uğursuzluqlar da onlarındır, bunu niyə etiraf etmirlər?! Elm və Təhsil Nazirliyi öz vəzifə öhdəliklərini təəssüf ki, yerinə yetirməməyə davam edir”.