Aslan uşağın baş dərisini qopardı

Qəfəsdə selfi çəkdirmək ailəyə baha başa gəldi

  Antalyada zooparkda şirlərlə selfi çəkmək üçün qəfəsə girən ailəyə şir hücum edib. 
  Sherg.az  türk mediasına istinadən xəbər verir ki, Manavqat rayonunda mayın 13-də ata - ana 4 yaşlı  uşaqlarını da özləri ilə götürərək zooparka gediblər. Onlar orada vaxt keçirərək bir müddət qəfəsdə yatan şirə tamaşa ediblər.
  Həmin vaxt qəfəsə yaxın olan uşağın dayısı baxıcılıq etdiyi aslanların aqressiv olmadığını və selfi çəkdirə biləcəklərini deyib.
Daha sonra ailə şirlə selfi çəkmək üçün qəfəsə giriblər. Bu zaman yatdığı yerdən sürətlə ayağa qalxan şir uşağa hücum edib.
Uşağın saç dərisini qoparan şir baxıcı dayının və ətrafdakıların müdaxiləsi ilə uzaqlaşdırılıb. Uşaq təcili yardımla xəstəxanaya aparılıb.
İlk müayinədən sonra onun başında heç bir zədə olmadığı müəyyən edilib. 
  Akdeniz Universitetinin rektoru Özlenen Özkan komandası ilə uşağın üzərində əməliyyat aparıblar və qopan saç dərisini yerinə tikiblər. 10 gün xəstəxanada müşahidə altında saxlanılan uşağın psixoloji sarsıntı keçirdiyi müəyyən edilib. Psixoloji müalicəsi başa çatan uşaq evə buraxılıb. 
  Uşağın müalicəsi ilə yaxından maraqlanan Özkan deyib ki, hadisə günü ona zəng edərək məlumat veriblər: “Şok oldum. Axı biz Afrika ölkəsi deyilik. Aslan uşağa necə hücum edə bilərdi? Baş dərisi böyük həcmdə yaralanıb. Biz müdaxilə edib, əməliyyat apardıq, amma psixoloji travma qalır. Həmin hissə mütəxəssislərimiz tərəfindən diqqətlə izlənilir. Hazırda uşağın vəziyyəti çox yaxşıdır”.
  Hadisə ilə bağlı istintaq davam edir. Manavqatda yeganə olan zooparkda tez-tez rəhbərliyin dəyişdirildiyi məlum olub.

Turan Yusifoğlu