Jurnalistin qəfil ölümü: "O mənim hər şeyim idi..."

Bütün media cameəsini sarsıtdı

  Media cameəsinə ağır itki üz verib. "Moderator.az" saytının redaktoru Zülfüqar Hüseynzadə 52 yaşında dünyasını dəyişib.  Azərbaycan mediasının ağır dəyər yükü daşıyan simalarından biri idi  Zülfüqar Hüseynzadə. Onun vaxtsız vəfat xəbəri  həmkarları və ölkə ictimaiyyəti üçün çox ağrılı oldu. Bütün varlığı ilə Vətənə və xalqa bağlı olan, onların acıları və uğurları ilə yaşayan həmkarımızın  daşıdığı şərəf missiyası natamam qaldı. Kəlbəcər kəlməsi ilə nəfəs alan dəyərli insan son nəfəsini də elə orada, doğma yurdunda verdi. Doğma yurduna səfər edən jurnalist  doğulub boya başa çatdığı Kəlbəcər rayonunun Başlıbel kəndində ürək tutmasından  vəfat edib. Jurnalistin nəşi Bərdənin Əliyanlı kəndində, doğmalarının yanında torpağa verilib.
  Qeyd edək ki, Zülfüqar Hüseynzadə dünyaya 1971-ci ildə Kəlbəcər rayonunun Başlıbel kəndində göz açıb. Orta məktəbə bu kənddə gedib. Məktəbin əlaçılarından olub. Z.Hüseynzadənin universitet illəri müharibə dövrünə təsadüf edib. Qarabağ müharibəsində könüllü dəstəsində iştirak edib. Universiteti bitirdikdən sonra müəyyən özəl sahələrdə fəaliyyət göstərib. Orta məktəbdə oxuduğu dövrdə jurnalistikaya marağı olub və  elə bu maraq da onu mətbuata gətirib. Uzun illər dövri mətbuatda yazıları çap olunub, köşə yazıları ilə tanınıb. Bununla yanaşı, 2005-ci ildə Kəlbəcər rayonundan deputatlığa namizədliyini irəli sürüb. Z.Hüseynzadə 2012-ci ildə Moderator.az xəbər portalını yaradıb.
  Başlıbel kəndinin digər sakinləri kimi Zülfüqar bəy də erməni vəhşiliyinin əziyyətini çəkib. Başlıbel qətliamında ermənilər onun da yaxınlarını qətlə yetiriblər. Ailəsi 1993-cü ildə Kəlbəcərin işğalından sonra məcburi köçkün düşüb. Bərdə rayonunun Əliyanlı kəndində məskunlaşıblar. Uzun illər o, çətin, ağrılı məcburi köçkün həyatı yaşayıb. 
  Kəlbəcər işğaldan azad edildikdən sonra tez-tez ora səfər edib, Başlıbeldə yaxınlarının məzarlarını ziyarət edirdi.
Z.Hüseynzadə 10 uşaqlı ailənin sonbeşiyi idi. Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və başqa bir neçə universitetin İctimai şurasının üzvü olub. Eyni zamanda Beynəlxalq Liberal Maarifçilik İctimai Birliyinin sədri idi.
  52 yaşlı jurnalistin nənəsi 1993-cü ildə Kəlbəcərdən məcburi köçkün düşən zaman vəfat edib. Qadın qaçaqaç məqamında dəfn edildiyi üçün, onun məzarına hər hansı nişan qoyulmayıb.
Yalnız Kəlbəcər işğaldan azad olunandan sonra Zülfüqar Hüseynzadə nənəsinin məzarını tapmaq qərarına gəlib. O, ötən il bununla bağlı Prezident Administrasiyasına icazə üçün müraciət edib və müsbət cavab alıb.
  Lakin ötən il hava şəraiti səbəbiylə qadının məzarını tapmaq mümkün olmayıb. Jurnalist bu məqsədlə yenidən ailə üzvləri ilə birgə bu il Kəlbəcərə yollanıb. Hətta aidiyyəti dövlət qurumları tərəfindən media nümayəndəsinə texnika baxımından da dəstək olunub. Onlar 4 gün ərzində qadının qəbiristanlıq olmayan ərazidəki məzarını tapıb geri dönməliydilər.
  Lakin Zülfüqar Hüseynzadənin anidən şəkəri yüksəlib. Jurnalist yaxınlıqdakı hərbi hospitala aparılsa da, yolda keçinib. Jurnalistin ölümü ailəsini və dostlarını  məyus edib. Mətbuatda jurnalistin vaxtsız ölümü böyük kədərə səbəb olub.
  “Baku post” informasiya portalının baş redaktoru Elçin Zahiroğlu həmkarı ilə bağlı xatirəsini sosial şəbəkədə paylaşıb: 
“Zülfüqar Hüseynzadənin vaxtsız vəfatı hamını sarsıdıb. Şəxsi məsələlərini, problemlərini heç vaxt qabartmayan jurnalistin qəfil ölümü həm də müəyyən suallar yaradıb: birdən-birə nə oldu? 
  İki il əvvəl onunla eyni binada otururduq. Bir gün halı qəfil pisləşdi. Mən çatanda tərin-suyun içindəydi. Təcili yardım şəkərin birdən-birə düşməsi “diaqnozunu” qoymuşdu. Bizim israrımızdan sonra xəstəxanaya götürmək qərarını verdilər. 
  Binəqədidəki Məlikov adına xəstəxanaya aparırdılar, yolda dayandırdıq, “Semaşko”ya apardıq. Zülfüqarın istəyi ilə Qənirə Paşayevaya zəng elədim, sağ olsun, az sonra xəstəxanaya gəldi. Yol boyu Rəşad Mahmudovla əlaqə saxlamağa çalışıb ki, Zülfüqarı Gömrük Xəstəxanasına yerləşdirsin. Amma Rəşad doktor telefonu açmayıb. 
Həkimlərin dediyinə görə, infarkt öncəsi vəziyyət olub, amma təhlükə keçib. Qərara gəlindi ki, gecə qalsın, səhər tam müayinə olunar. Otaqdan çıxanda qolumdan yapışıb “mən burda qalsam öləcəm” dedi.
Bu vaxt Rəşad doktor Qənirə xanımı yığdı, vəziyyəti bilən kimi təcili yardım briqadası göndərdi. Gömrük Xəstəxanasına çatan kimi anjuya saldılar. 5-6 dəqiqə sonra həkim məni təcili angioqrafiya otağına çağırdı, orda Zülfüqarın böyük ürəyini gördüm, dedi, infarkt keçirir, çox az zaman var, yoxsa bu döyüntülər eşidilməyə bilər... 
  Beləliklə, Zülfüqar təcili əməliyyata götürüldü, Rəşad doktor stend qoydu. Qənirə xanımın sayəsində Rəşad doktorun operativ müdaxiləsi Zülfüqarı xilas etdi.
 Xəstəxanaya gedəndə iki adama xəbər verməyimi istəmişdi – Qənirə Paşayevaya və Elşad Eyvazlıya. Zülfüqar o hadisədən sonra mənə Xızır peyğəmbər deyirdi.
Dağlarda sənə yetişə bilmədiyim üçün bağışla!”.
  
Z.Hüseynzadənin oğlu Hüseyn Hüseynzadə isə atasını belə anıb: 



“Bir gün bu mövzuda nəsə deyəcəyimi heç gözləmirdim. Sözlərə sığmayan, cümlələrin yetərsiz qaldığı bir acım var.
 Onun mənə hər fürsətdə verdiyi nəsihətlər bu an belə qulağımda cingildəyir.
  Yaşadığım acının heç bir zaman tərifi olmayacaq. Atam tək mənə ata deyildi, o, mənim ən yaxın dostum, ən yaxın sirdaşım, bir sözlə, hər şeyim idi.
  Hər imkan olduqda parkda gəzməyə çıxardıq. Onunla qurduğumuz o xoş arzular, o xoş istəklər onunla birlikdə torpağa qarışdı.
 Atam sadəcə bu dünyadan özünü aparmadı, sevincim, arzularım, hətta gülüşlərim belə onunla birlikdə torpağa gömüldü.
  Düzdür, mən atamı sözlərlə ifadə edilə bilməyəcək şəkildə çox sevirdim. Hər oğul atasını sevər, ancaq mən hər zaman onu fərqli hisslərlə, fərqli duyğularla sevirdim, indi də sevirəm, dəyişən tək şey onun olmamasıdır.
  Belə bir söz var, Allah deyir kimi məndən çox sevərsən, onu səndən alaram. Hər gecə Allaha dua edirdim atamı, anamı mənə çox görmə deyə, öz canımdan al, onların canına birləşdir, təki onlar sağ olsun, təki onlar xoşbəxt olsun.
  Hər insan oğlunun, əlbəttə ki, bir böyük arzusu vardır. Mənim ən böyük arzum, diləyim atama, anama nəvə bəxş etmək idi.
 Mən inanıram ki, hər zaman atamın ruhu mənimlə olacaq. Mənə ondan tək qalan sözləri, nəsihətləri deyil, həmçinin bu günə qədər uğraşıb böyük əziyyətlərlə çalışdığı saytı mənə miras qaldı.
  20 yaşımın olmasına rəğmən sanki çiyinlərimdə 20 ton yük var. Allahın izni ilə bu çətin günləri atladacam.
  Atama söz verirəm ki, onun bu günə kimi əziyyətlə bu yerlərə gətirdiyi saytı hər zaman qoruyacam, nəinki özüm, məndən sonrakı nəsillər də onu idarə edəcək. Atam, yolun düşsə, bu dünyaya bir də gəl…”