Arı sandılar, güllə çıxdı

Valideynləri uşağın nədən yara aldığını əvvəlcə bilməyiblər

 Türkiyənin Niğde bölgəsində 2 yaşlı uşaq güllə yarası alıb. Çiynindən yaralanan uşaq Kayseri Şəhər Xəstəxanasında əməliyyat edilib. 

“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, valideynləri uşağın nədən yara aldığını əvvəlcə bilməyiblər.  Onlar səhvən belə zənn edib ki, uşağı arı sancıb. Niğdenin mərkəzə tabeli Dündarlı bələdiyyəsi, Cümhuriyyət məhəlləsində yaşayan Pala ailəsinin 2 yaşlı yeganə övladı İsmayıl Pala evlərinin ətrafında oynadığı zaman sol çiynindən yaralanıb. Uşağın anası Rəbiyə Pala qızartının arı sancması olduğunu zənn edib. Əvvəlcə bir səs eşidilib, sonra uşaq ağlamağa başlayıb. Uşağın çiyni qanayıb. Anası uşağı soyunduranda sol çiynində yara izi görüb. Həyat yoldaşını, əmisini köməyə çağırıb. Təcili yardıma zəng ediblər. Çağırışa gələn təcili yardımla uşaq xəstəxanaya aparılıb. Xəstəxananın uşaq cərrahiyyəsi şöbəsində İsmayıl əməliyyat edilərək çiynindəki güllə çıxarılıb. Ana Rəbiyə Pala deyib ki, uşaq evlərinin qarşısında oynadığı yerdə belə bir fəlakətin yaşanması dəhşətdir: “Bizim canımız yandı. Başqalarının da canı yanmasın. Ucuz atlatdıq. Bəs ürəyinə dəysəydi nə olardı?! Toylar, bayramlar faciə halını alıb. Kimsə sevinir deyə, bir başqası göz yaşı tökür. Bunun qarşısı alınmalıdır”. Əməliyyat edən həkim isə uşağın bəxtindən güllənin başdan bir neçə santimetr aralı keçərək çiyinə dəydiyini söyləyib: “Güllə çiyinə dəyib deyə, sürəti azalıb. İsmayıl şanslı imiş. Güllə başqa istiqamətdən dəysəydi, uşağın ağ ciyəri parçalanacaqdı. Bayramlarda, toylarda insanlarımız odlu silahdan uzaq dursun. Başqa birisi, kimsənin övladı yaralanmasın, ölməsin deyə, tapançalardan atəş açmaqdan əl çəksinlər”.