Qəlyan dəb halını alıb

Azərbaycanda 12-13 yaşlı uşaqlar belə bu zərərli vərdişə aludə olublar

İnsanın ciyərlərinə adi siqaretdən 100-200 dəfə daha çox tüstü keçir

Sosial şəbəkələrdə qəlyan çəkən uşağın videosu yayılıb.  Sözügedən uşağın Şamaxı rayon İqbal Rəsulov adına Muğanlı tam orta məktəbinin şagirdi olduğu iddia edilir. Qeyd  olunub ki, dəfələrlə məktəbdə baş verən tərbiyəsizliklər, özbaşınalıqlar və qanun pozuntuları ilə bağlı lazımi qurumlara məlumat verilsə də, heç bir ölçü götürülmür. Həmçinin həmin məktəbdə qəlyan çəkən başqa şagirdlərin də olduğu bildirilib. Sözügedən videonu paylaşan sosioloq Elçin Bayramlı müvafiq orqanları tədbir görməyə çağırıb. 

Qəlyanın zərərlərindən danışan professor Adil Qeybulla isə “Sherg.az”a məktəblilərin qəlyana aludə olmasını təəssüfləndirici hal kimi dəyərləndirib: “Artıq 12-13 yaşlı uşaqlar belə qəlyandan istifadə edirlər. 19-24 yaş arası şəxslər arasında isə qəlyançəkmə dəb halını alıb. Azyaşlılar və yaşlı insanlara qəlyan istifadəsi daha çox ziyandır. Gənc nəslin sağlam olması üçün maarifləndirmə işi aparılmalıdır. İlk növbədə məktəblərdə tütünün zərəri, qəlyan və elektron siqaretin fəsadları haqqında şagirdlərə məlumat verməlidirlər”.
A.Qeybulla deyib ki, qəlyan çəkən zaman insanın ciyərlərindən bir siqaret çəkən zamana nisbətən təxminən 100-200 dəfə daha çox tüstü keçir:

 “Qəlyan çəkdikdə karbon qazı daha çox əmələ gəlir. İnsan orqanizminə düşən kömür hissələri yanaraq dəm qazı ifraz edir. Qəlyan çəkən zaman baş gicəllənməsi və ürək bulantısı da bununla bağlıdır. Qəlyandan istifadə zamanı insanın ağ ciyəri daha çox tüstülü hava qəbul edir. Çünki siqaretdən fərqli olaraq, qəlyan aram-aram çəkilir. Bu zaman insan orqanizmi həm qəlyanla zərərli maddələr qəbul edir, həm də qəlyandan xaric olan tüstünü təkrar udmuş olur”.

Professorun sözlərinə görə, qəlyan yoluxucu xəstəliklərin yayılmasına da səbəb olur:

 “Qəlyandan istifadə zamanı ağızlığı və suyu dəyişdirilsə də, tüstünün keçdiyi boru dəyişdirilmir. Bu isə tənəffüs yolu xəstəliklərinin yayılmasına təsir göstərir. Əgər insanda vərəm və digər tüpürcək, tənəffüs yolu ilə yayılan xəstəliklər varsa, qəlyanla bu xəstəliklərin yayılma riski yüksəkdir”.