Bakı iflic olub: Yağış yağdısa, gölməçələr həmişə olacaq

Şəhərdə son 24 ildə tikinti işləri getdi, amma kanalizasiyalar ona uyğunlaşdırılmadı

“Sovet dövründə olan kanalizasiya şəbəkəsinin bir hissəsi dağılıb gedir. Bir hissəsini isə böyük ehtimalla yeni tikinti işləri aparanlar dağıdıb bərpa etməyiblər”


  Yağış paytaxtı yenə də iflic vəziyyətinə salıb. Yağışlı hava həm sürücülər, həm də piyadalara çətinlik yaradıb. Belə ki, iki gündür davam edən güclü yağış nəticəsində bir çox yolları su basıb, paytaxt küçələrində gölməçə və tıxac yaradıb. Digər tərəfdən də taksilər yoxa çıxır, qiymət kəllə-çarxa qalxıb. Artıq illərdir ki, hər yağış sonrası eyni mənzərəni görürük. Şəhərə bir damcı yağış yağan kimi bütün infrastruktur iflic olur. Bu mövzu ətrafında illərdir danışılsa da, problemin qarşısını almaq istiqamətində heç bir əməli iş görülmür.
Yağan yağışlar nəticəsində çala-çuxurlu yolların yağış suyu ilə dolması həmin ərazilərdə xırda gölməçələrin yaranmasına səbəb olur. Həmin yollardan istifadə edən sürücülər bəzi hallarda bilərəkdən, ya da bilməyərəkdən kənardan keçən piyadaların üzərinə su sıçradırlar.
Ekspertlərin bir qismi paytaxt küçələrinin gölü xatırlatmasının səbəbini kanalizasiya sistemlərinin yaxşı qurulmamasında görür, kimisi də  bu problemin qaynaqlanma səbəbinin şəhərsalmada edilmiş səhvlərdə olduğunu düşünür.
 
 Nəqliyyat eksperti Ərşad Hüseynov “Sherg.az”a açıqlamasında bunun səbəbini yağış sularının axıdılması sistemində problemlərin olması ilə izah edir:
 “Şəhərin arxitekturası elə qurulmalıdır ki, yağış sularını ötürə bilsin. Bakıda gölməçələr ona görə yaranır ki, küçələr, yol sahələri düzgün planlaşdırılmayıb. Tutaq ki, tuneldə ümumi səviyyədə yol aşağı enəcək. Ancaq aşağıda bu suyu ötürəcək nasos lazımdır. Hətta öz hesabına, ağırlıq qüvvəsinin təsiri ilə axan su kanalları yox, nasos lazımdır ki, suyu yuxarı qaldırıb başqa yerə ötürsün. Bax, problem buradadır. İkinci problem isə kanalizasiyalarla bağlıdır. Kanalizasiya şəbəkəsi, tullantı sularını ötürən şəbəkə normal deyil. Sovet dövründə olan kanalizasiya şəbəkəsinin bir hissəsi dağılıb gedir. Bir hissəsini isə böyük ehtimalla yeni tikinti işləri aparanlar dağıdıb bərpa etməyiblər. Hər bir halda Bakı şəhərində son 24 ildə tikinti işləri getdi və bu şəbəkə ona uyğunlaşdırılmadı. Nəticədə isə həmin gölməçələr yaranır”.
 
 Ekspert yağış yağan zaman yaranan tıxaclarla bağlı da fikrini bildirdi: 
“Tıxac yaranmasının səbəbi birbaşa olaraq həm mədəniyyət məsələsidir, həm də insanların belə şəraitdə nə etməklə bağlı təsəvvürünün olmamasıdır. Sürücülər mədəniyyətsizlikləri ilə seçilirlər. 3 zolaqlı yolda 5-6 zolaqlı yol kimi hərəkət edirlər. Maşının burnu hara sığırsa, ora da sürürlər. Yağışlı havada da maşının şüşələri, güzgüləri islanır və görmə məhdudlaşır. Görə bilmədiyi halda maşını hara gəldi sürür, tıxac yaradır. Tıxacların yaranmasının tək səbəbkarı sürücülərdir. Tıxacların qarşısını almaq üçün təfəkkürümüzü dəyişməliyik”.
  Piyadaların üstünün batmasına gəldikdə isə Ə.Hüseynov deyib ki, çox zaman yolların bərbad olması səbəbindən baş verir ki, bu da sürücünün günahı deyil. Bununla yanaşı, bu qayda pozuntusunu sübut etmək çox çətindir.

  “Son zamanlar Bakıda və bir çox rayonlarda yağan yağış şəffaf deyil, bulanıq olur. Bu, atmosferin çirklənməsi və hava axınlarının əraziyə hansı istiqamətdən daxil olması ilə əlaqədardır”.
  Bunu isə əhalinin “göydən palçıq yağır” iddialarına cavab olaraq  Coğrafiya İnstitutunun Xəzər dənizinin Hidrometeorologiya şöbəsinin müdiri Səid Səfərov deyib.
 Onun sözlərinə görə, bu, hava axınının haradan gəldiyindən, oradakı hava şəraitindən asılıdır: 
“Yəni hava axınının gəldiyi ərazilərdə güclü külək, toz burulğanları varsa, müəyyən bir sinoptik şəraitdə bu toz yuxarı qalxaraq hava axınları ilə müəyyən marşrut üzrə yağıntılar gözlənilən yerə gəlib çatanda, tozun qatılığından asılı olaraq, palçıqlı və ya bulanıq yağış şəklində özünü göstərir”.
Səid Səfərov qeyd edib ki, hava axınları da istiqamətlərini dəyişdiyinə görə günün müxtəlif saatlarında palçıqlı və ya bulanıq yağış müşahidə edə bilirik: 

“Yağıntı uzun müddət davam edəndə atmosferdəki toz çökür və yağıntıdakı bulanıqlılıq azalır” (apa).
  Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hazırda respublika ərazisində yağışlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib. BDYPİ-dən verilən  məlumatda bildirilib ki, hazırda hökm sürən yağışlı hava şəraiti hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaratmaqla yanaşı, yollarda qəza riskini də əhəmiyyətli dərəcədə artırır.
  Qeyd olunub ki, yağışlı, çiskinli havalarda nəqliyyat vasitələrinin sürüşmə ehtimalının artması, sürücülərin görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtləri yol-nəqliyyat hadisəsinin baş verməsinə real zəmin yaradır: "Mövcud hava şəraitini nəzərə alaraq, hər bir hərəkət iştirakçısı daha məsuliyyətli olmalı, yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl etməlidir. Xüsusilə, sürücülər sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına, eləcə də, dövlət nömrə nişanlarının təmizliyinə nəzarət etməli, yağış sularının yaratdığı gölməçələrdən keçərkən ehtiyatlı olmalı, ətrafdakı insanları nəzərə almalıdırlar. Unutmaq olmaz ki, su gölməçələri şinlərin yerlə təmasını azaldır ki, bu da avtomobilin sürüşmə ehtimalını əhəmiyyətli dərəcədə artırır. Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də bir sıra çətinliklər yaratdığını qeyd etməklə yanaşı, təhlükəsizlik baxımından onları da məsuliyyətli olmağa çağırır, tələskənliyə yol verməməyi, səki ilə hərəkət etməyi, avtomobil yollarına çıxmamağı tövsiyə edirik".