İranda “yeriyən tabutlar” - RƏY

100 min insan xəstəxanalıq olub

İrandakı vəziyyət Azərbaycanın cənub bölgəsinin havasını da çirkləndirmək gücündədir

İranda İran istehsalı olan ucuz maşınlara “yeriyən tabut” adını qoyublar

  İranda havanın çirklənməsi 100 mindən çox insanı xəstəxanalıq edib.
Əhvazın Cundişapur Tibb Elmləri Universitetinin prorektoru Məysəm Moezzi bildirib ki, bu ilin son 9 ayında Xuzistan əyalətində 132 mindən çox insan havanın çirklənməsi səbəbindən xəstəxanalara müraciət edib. Onun sözlərinə görə, bu göstərici ötən illə müqayisədə 16 faiz artıb və nəticədə son 9 ayda 132 min 29 nəfər havanın çirklənməsi səbəbindən tibb mərkəzlərinə yerləşdirilib. Qeyd olunub ki, ötən il isə bu rəqəm 113 min 317 nəfər olub.
  Qeyd edək ki, bəşəriyyət üçün ən böyük təhdidlərdən biri qlobal iqlim böhranı və ekoloji tarazlığın pozulmasıdır. Mütəxəssislər də hesab edir ki, atmosferin çirklənməsi və onun fəsadları bütün bəşəriyyəti dərindən narahat edən problemlərdəndir. Hazırda atmosferi çirkləndirən əsas mənbələr təbii və antropogen olaraq qruplaşdırılır. Təbii çirklənmə adətən vulkan püskürməsi və sair üzündən, antropogen çirklənmə isə müxtəlif sənaye sahələrinin, o cümlədən, avtomobil nəqliyyatının havaya buraxdığı zərərli qazlar zamanı baş verir. Avtonəqliyyat vasitələrinin işləməsindən havanı çirkləndirən əsas tullantılar dəm qazı, karbohidrogenlər, azot oksidləridir.
  Təəssüf ki, dünyanı təşvişə salan ekoloji problemlər ölkəmizdə də ciddi təhdidə çevrilib. Xüsusilə Bakıda havanın çirklənməsi son dövrlərdə hər kəsi narahat edir.
  “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli isə “Şərq”ə açıqlamasında deyib ki, vaxtaşırı İranda havanın normadan artıq çirklənməsi səbəbindən məktəblərdə dərslər dayandırılır, iş yerlərində insanlar tətilə buraxılır. Bu, əsasən, iri şəhərlərdə istismar müddəti keçmiş köhnə avtobusların və avtomobillərin çoxluğu ilə əlaqədardır: 


“Bu gün İran İslam Respublikasında 6 milyondan çox istismar müddətini bitirmiş avtomobil, 10 milyona yaxın isə moped, motosikl var. Qeyd edim ki, İranda moped və motosikllərin istifadəsi yayğındır. Özəlliklə Təbriz, Məşhəd, Təbriz, Yəzd, İsfahan kimi iri şəhərlərdə insanlar şəxsi nəqliyyat vasitəsi olaraq qənaətcil motosikl və mopedlərə üstünlük verirlər. İranın ictimai nəqliyyatında əsasən ölkədə istehsal olunmuş nəqliyyat vasitələrindən istifadə olunur. Ölkəyə xaricdə istehsal olunmuş avtomobillərin idxal olunmasına məhdudiyyət tətbiq edilir. Əhali ucuz İran istehsallı minik maşınlarını almaq məcburiyyətindədir. Onlar isə keyfiyyət göstəriciləri aşağı, komfortsuz maşınlardır. Kasıb əhalinin başqa seçimi yoxdur. Yol infrastrukturu xüsusən ölkənin şimal bölgələrində bərbad olduğundan həmin keyfiyyətsiz avtomobillər tez-tez qəza törədir. İranda İran istehsalı olan ucuz maşınlara “yeriyən tabut” adını qoyublar. Bundan başqa, İranda ətraf mühiti korlayan müəssisələr arasında köhnə texnologiyalarla, mazutla işləyən SES-lər, filiz mədənləri, sement zavodları ön sırada gəlir. Güney Azərbaycanın Xalxal mahalının Nəmin bölgəsində havanı kəskin şəkildə çirkləndirən iki sənaye müəssisəsi fəaliyyət göstərir. Biri İranın ən böyük sellüloz şirkəti olan Artapan, o biri isə neft-kimya zavodudur. Bu müəssisələr Azərbaycan Respublikasının cənub bölgəsinin havasını çirkləndirmək gücündədir. Ölkəmizin atmosferinə daha bir təhdid qurumaqda olan Urmiya gölündəndir. Qurumuş gölün ərazisindən qalxan duz fırtınaları Azərbaycan və Türkiyədə insanların, heyvanların səhhətində ciddi problemlər yaradır. Eyni zamanda torpaqların şoranlaşmasına, əkin sahələrinin, meyvə və tərəvəzin məhv olmasına gətirib çıxarır. Duz fırtınası canlılarda sağalmaz dəri xəstəliyinin yaranmasına səbəb olur. Bütün bunlara baxmayaraq, İran rəsmiləri üçün ekoloji mühitin korlanması, insan sağlamlığına, içməli su resurslarına qarşı yaranmış təhlükə ikinci, üçüncü məsələdir. Hesab edirəm ki, qonşu dövlətlər İranın sağlam hava, təmiz su və ətraf mühit kimi prinsiplərə olan düşmən münasibətinə reaksiya verməlidir. Çünki ekoloji problem bir dövlətin məsələsi ola bilməz”.