Ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb + YENİLƏNİB

Bakıda üç ailə üzvünü qətlə yetirməkdə şübhəli bilinən şəxsin adı daha iki qətldə hallanır.

Bu barədə DİN-in Mətbuat Xidmətindən "Report"a bildirilib.

"Davam etdirilən araşdırmalarla paytaxtın Xətai rayonunda valideynlərini və qardaşını qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədovun bu cinayəti törətməzdən əvvəl başqa bir ünvanda bacısı - 1997-ci il təvəllüdlü Əhmədova Elmira Mehman qızını və onun azyaşlı övladını eyni üsulla qətlə yetirməsi müəyyən edilib", - DİN-in məlumatında deyilir.

18:30

Xətai rayonunda bir ailənin üç üzvünün qətli ilə nəticələnən hadisə mübahisə zəminində baş verib.

Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.