Maraqlı təsadüf: Adları, yaşları, xəstəlikləri də eynidir

  Türkiyənin Bursa bölgəsində qəribə hadisə yaşanıb. 2 yaşlı 2 körpə eyni vaxtda eyni xəstəlikdən əziyyət çəkir. Körpələrin ikisinin də adı Zeynəbdir. İkisində də qara ciyər çatışmazlığı var. Hər ikisinə də atalarının qara ciyərindən transplantasiya edilib və eyni xəstəxanada! “Sherg.az” eyni taleyi paylaşan 2 körpə haqqında “NTV.com.tr”yə istinadən xəbər verir. Körpələrdən biri Zeynəb Çelik, digəri isə Zeynəb Alyadır. Körpələrin səhhətində yaranan problem səbəbiylə valideynləri onları xəstəxanaya gətirib. Burada isə məlum olub ki, hər iki körpədə qara ciyər çatışmazlığı var. Körpələrə qara ciyər transplantasiyası lazım gəlib. Hər ikisinin də donoru ataları olub. Zeynəb Alyanın valideynləri 4 il əvvəl evləniblər. Bu evlilikdən Münəvvər və Əmrə Sakaryanın qız övladları dünyaya gəlib. Adını Zeynəb qoyublar. Körpə həddindən çox ağlağan olub. Valideynləri onu həkim müayinəsinə aparıb və xəstəlik bu zaman üzə çıxıb. Testlərdə atanın qan və toxuma nümunələri körpəninkilərlə uyğun gəlib. 6 saat çəkən əməliyyat zamanı atanın qara ciyərindən bir parça körpəyə nəql edilib. Körpə Zeynəb atasının sayəsində həyata bağlanıb. Körpənin atası Əmrə Sakarya qorxunc xəstəliklə üz-üzə gəldiklərini danışıb: “Hər an körpəmizi itirmək qorxusu ilə yaşayırdıq. Ona yedirəcəyimiz yeməyi tərəzidə ölçürdük, sonra verirdk. Anlayırdıq ki, bu, uzun müddət davam edə bilməz. Çarə tapmalıyıq. Uludağ Universitetinə müraciət etdik. Həkimlər mütləq qara ciyər nəqli olmasını tövsiyə etdilər. Çox şükür ki, mənim qara ciyərim körpəmin qan və toxuma hüceyrələriylə uyğun gəldi. Əməliyyat uğurlu keçdi, indi rahatıq daha”. Körpə Zeynəbin müalicəsi davam etdiyi günlərdə Əmrə Sakarya xəstəxanada başqa bir körpənin atasıyla tanış olub. Məlum olub ki, bu körpədə də qara ciyər çatışmazlığı var. Körpənin adının Zeynəb, 2 yaşının olduğunu biləndə hər iki tərəf bu təsadüfə təəccüb edib. Əminə və Əhmət Çelik ailəsi də Bursada yaşayır. Onların dünyaya gəlmiş övladları körpə ikən sarılıq xəstəliyndən vəfat ediblər. Sonra qız övladları olub və onun adını Zeynəb qoyublar. Körpə Zeynəbin də səhhətində problemlər yarandıqda həkimə müraciət ediblər və körpənin xəstəliyi müəyyənləşib. Körpə Zeynəbin də atasının qara ciyəri uyğun gəlib və o da bu xəstəxanada əməliyyat edilib. Xəstəxanada qarşılaşmalarını taleyin xoş təsadüfü sayan valideynlər sevinclərini bölüşüblər.