Narkotik qəbul edərək nəqliyyat vasitəsi idarə edən şəxslər ciddi şəkildə cəzalandırılmalıdır -RƏY

Bərdədə narkotik vasitənin təsiri altında sərnişin mikroavtobusunu idarə edən sürücü həbs edilib. 
Bərdə RPŞ-nin keçirdiyi tədbir zamanı rayondaxili marşrut xətti üzrə idarə etdiyi “Mercedes” markalı mikroavtobusla sərnișindaşıma qaydasını pozduğuna görə sürücü Murad Həsənli saxlanılıb. 
Araşdırmalarla sürücünün hüququ olmadan avtomobili idarə etdiyi və narkotikin təsiri altında olduğu müəyyən edilib. 
M.Həsənli barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. 
Məhkəmənin qərarına əsasən o, 1 ay müddətinə inzibati qaydada həbs edilib. 

Məsələni  dəyərləndirən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev “Sherg.az”a bildirib ki, istər taksi, istərsə də avtobus sürücüləri reys öncəsi tibbi baxışdan keçməlidir:

“Həmçinin avtomobilə də texniki baxış olmalıdır. Həmin şəxs ya AYNA-dan keçməyib, ya da keçdikdən sonra narkotik qəbul edib. Bu kimi hadisələr tez-tez olur. Əslində olmamalıdır. Çünki burada insanların təhlükəsizliyindən söhbət gedir. Ona gör də narkotik qəbul edərək nəqliyyat vasitəsi idarə edən şəxslər ciddi şəkildə cəzalandırılmalıdır. Həmin insanlar cəzalandırıldıqdan sonra isə bu ictimailəşdirilməlidir. Çünki digər insanlar da bilməlidir ki, belə bir əməl törətmək qayda pozuntusudur və ciddi şəkildə cəza verilir. Cəza verildikdən sonra ictimailəşdirmək isə mətbuatın üzərinə düşür”.