DTX şok faktı açdı: Terrorçular Azərbaycan üzərindən Avropaya…

Azərbaycanda terror aktı planlaşdırdığına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum edilmiş Əfqanıstan vətəndaşı Favzan Musa Xan və vəkili yuxarı instansiya məhkəməsinə apellyasiya şikayəti verib.

Axar.az xəbər verir ki, 1990-cı il təvəllüdlü Favzan Musa Xan (Fawzan Mosa Khan) digər şəxslərlə əlbir olaraq Azərbaycan ərazisində terror aktı törətməyi planlaşdırıb, bu məqsədlə üçüncü ölkədən Azərbaycana gəlib, digər bir dövlətin ölkəmizdəki səfirliyinin binası ətrafında müşahidə aparıb, terror aktında iştirak edə biləcək şəxslərin müəyyən edilərək bu fəaliyyətə cəlb olunması, odlu silah və partlayıcı maddələrin əldə edilməsi, bu məqsədlərlə maliyyə dəstəyinin qəbul edilməsi üçün digər şəxslərlə əlaqəyə girərək sövdələşib.

Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Favzan Musa Xanın terror aktı planlaşdırılması ilə bağlı danışıqlarının əks olunduğu video yaymışdı və daha əvvəl yayılmış məlumatlarda ekspertlər videoda əks olunan ərazidə bir neçə səfirliyin yerləşdiyini qeyd edirdi.

Apellyasiya instansiyasına üz tutan Favzan Musa Xan və vəkili araşdırmalar zamanı onun özünü səmimi apardığını iddia edərək, cəzasının qismən yüngülləşdirilməsi üçün müraciət edib.

Məhkəmə baxışında olmuş materiallardan görünür ki, Favzan Musa Xan beynəlxalq ictimaiyyət tərəfindən terror təşkilatı kimi tanınan, bir neçə ölkə ərazisində fəaliyyət göstərən qanunsuz silahlı birləşmənin konkret üzvləri ilə əlaqədə olub.

Qeyd olunan cinayət işi üzrə terror təşkilatı üzvlərinin təşkilata bağlı xeyli sayda əcnəbi miqrantın Azərbaycandan tranzit olaraq istifadə edib Avropa ölkələrinə qanunsuz gizli yolla keçməsini təşkil etməyə cəhd etmələri müəyyən edilmişdir. Bu faktla bağlı DTX-də cinayət işi ayrılıb və həmin iş üzrə barələrində cinayət təqibi başladılanlar var.