Bakıda "Bolt" taksi şirkətinə məxsus BYD avtomobilinin qəza törədən sürücü evə buraxılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Nizami rayonu, Heydər Əliyev prospekti ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə aprelin 10-u saat 15:10-da Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunan 1974-cü il təvəllüdlü (kişi cinsli) şəxs öz istəyilə tibb müəssisəsindən evə buraxılıb.
"Aparılan ətraflı instrumental müayinələr nəticəsində sol dizin kəsilmiş yarası, sağ qamış sümüyünün kondiluslardan keçən açıq yerdəyişmiş sınığı, sol bud sümüyünün kondilusunun yerdəyişmiş sınığı, döş qəfəsinin əzilməsi diaqnozları təyin edilən pasiyentə zəruri tibbi yardımlar göstərilib.
Pasiyent müalicəsinin davam etdirilməsi üçün özəl tibb müəssisəsinə müraciət edəcəyini bildirib və öz istəyilə tibb müəssisəsindən buraxılıb", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, aprel ayının 10-da Nizami rayonu Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində iki nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.