Goranboydakı qətlin təfərrüatı - Valideynlərini ayıranda bıçaqlanıb

Goranboy rayonunda törədilən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, ötən gecə atası — 57 yaşlı Şahin Aslanov tərəfindən bıçaqlanaraq öldürülən 33 yaşlı Elvin Aslanov rayonda tanınan fitnes müəllimidir.

İlkin məlumata əsasən, mərhum valideynləri arasında yaranan mübahisəni ayırmaq istəyərkən bıçaq zərbəsi alıb. Belə ki, Ş.Aslanov həyat yoldaşına bıçaqla zərbə endirmək istəyərkən bıçaq E.Aslanovun ürək nahiyəsinə dəyib. 33 yaşlı şəxs aldığı xəsarət nəticəsində hadisə yerindəcə dünyasını dəyişib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən ata hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.